Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:28

Başçının azadlığa çıxan «xəstə» oğlu, həbsdə qanı parçalanan sürücü


İlham Əsgərli
İlham Əsgərli

-

- Başçının oğlu qəza törətdi…

- Başçının oğlu həbs olundu…

- Başçının oğlu zaminə buraxıldı…

- Başçının oğlu cəzalandırıldı…

- Başçının oğlunun cəzası yüngülləşdi…

Səbail rayon İcra Hakimiyyətinin başçısı (hazırda Nəsimi İH başçısı) Asif Əsgərovun oğlu İlham Əsgərlinin qəza törətməsi, həbsi ilə bağlı lap yaxınlaradək oxuduğumuz xəbər başlıqları idi bunlar...

Bir xəbər də bizdən gəlsin - başçının oğlu azadlıqdadır...

Niyə? Necə? Hansı səbəblə? Biləcəksiniz.

MAQSUD MİRZƏYEV DƏ TƏLƏB EDİRDİ...

Qısası, İlham Əsgərli ilə «McDonald’s» Azərbaycan nümayəndəliyinin sahibi Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyev dost olublar. 2014-cü il sentyabrın 27-də dostlar Mərdəkana istirahətə yollanıblar. 16 yaşlı İlham Əsgərli Türkan-Zığ yolunda sükanı ailənin sürücüsü olan Pərvin Fətullayevdən alaraq maşını özü idarə etməyə başlayıb. Nəticədə yüksək sürətlə hərəkət edən «Mercedes S500» öz yolu ilə gedən «Howo» yük maşınına çırpılıb. Sənan Mirzəyev ağır yaralanıb və atasının iddiasına görə, xəstəxanada baxımsızlıqdan həyatını itirib. İlham Əsgərli və ailənin sürücüsü xəsarət alıb.

Həmin vaxt Amerikada olan Maqsud Mirzəyev baş verənlərdən xəbər tutan kimi ölkəyə qayıdıb. Bu hadisəyə görə hüquq-mühafizə orqanları İlham Əsgərlini də, «Howo» sürücüsü Əhliman Süleymanovu da cinayət məsuliyyətinə cəlb edib. İlham Əsgərli ailəsi tərəfindən zaminə götürülüb, «Howo» sürücüsü isə, ailəsinin iddia etdiyinə görə, maddi imkanı və sözünün keçərliliyi olmadığından həbsdə qalıb.

Maqsud Mirzəyev bu iş üzrə aylarla davam edən məhkəmədə oğlunun ölümündə icra başçısının oğlunu təqsirli bilirdi. Onun sərt cəzalandırılmasını tələb edirdi. Hesab edirdi ki, məhkəmə icra başçısının oğlunun məsuliyyətini azaltmaqdan ötrü təqsiri yük maşını sürücüsünün üzərinə yıxmaq istəyir.

SÜRÜCÜ DƏMİR BARMAQLIQLAR ARXASINDA TƏK

Məhkəməni AzadlıqRadiosunun müxbiri də izləyirdi və ifadələrdən aydın olmuşdu ki, əvvəl maşını ailənin sürücüsü idarə edib. Yolun ortasında oğul sürücüdən sükanı alıb və maşını özü idarə etməyə çalışıb. Bu zaman yolu ilə gedən «Howo» yük maşınına çırpılıb.

Başçının oğlu məhkəməyə əsa ilə gəlirdi. Qohumlarının deməsinə görə, qəza vaxtı ayaqları əzildiyindən yeriməkdə çətinlik çəkirdi. Sürücü isə dəmir barmaqlıqlar arasında tək otururdu.

Zərərçəkmiş tərəfin hakimdən tələbi o idi ki, 2 uşaq atası, heç yerdən köməyi və qəzada zərrə qədər də günahı olmayan sürücü azadlığa buraxılsın, oğlunun ölümünə səbəb olan İlham Əsgərli cəzalandırılsın.

Ötən il sentyabrın 16-da məhkəmə icra başçısının oğlu İlham Əsgərliyə 5 il 6 ay, «Howo» sürücüsü Əhliman Süleymanova 6 il həbs cəzası kəsdi.

«DEYİRDİLƏR, BAŞÇISIN PULU ÇOXDUR»

Əhlimanın atası Qəhrəman Süleymanov deyir, hələ məhkəmə vaxtı hamıya gün kimi aydın idi ki, başçının oğlu tezliklə azadlığa çıxacaq:

«Hakimlər yaxşı bilirdilər ki, oğlumun bu işdə zərrə qədər günahı yoxdur. Əhliman yolu ilə gedirmiş, başçının oğlu sürətlə gəlib, arxadan onun maşınına çırpılıb. Hələ hökm oxunmamışdan da hər şey məlum idi. Bizə demişdilər ki, «başçının pulu çoxdur, onun oğlu həbsxanada çox qalmaz»».

Tərəflər apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi icra başçısının oğlunun cəzasını 3 ilə endirib. 2 azyaşlı uşaq atası olan, ilkin məhkumluğunu çəkən, ailəyə yeganə qazanc gətirən «Howo» sürücüsünün cəzasının üstündənsə bircə gün də götürülməyib. Babası deyir, uşaqlardan birinin gözləri tutulmaq üzrədir...

Beləcə aylar keçir, həbsdə olan oğluna imkansızlıqdan baş çəkə bilməyən ata Qəhrəman Süleymanov bir də xəbər tutur ki, başçının oğlu azadlıqdadır.

«AĞIR XƏSTƏLİKLƏRƏ DÜÇAR OLUB»

Ötən il iyulun 3-də İlham Əsgərlinin vəkili Cabir Mehrəliyev Sabunçu rayon Məhkəməsinə ərizə yazıb ki, müdafiə etdiyi şəxs qəza zamanı kəllə-beyin travması alıb. Onda psixi-nevroloji əlamətlər müşahidə olunur. Ağır xəstəliklərə düçar olub və bu, ona cəzasını çəkməyə mane olur. Vəkil Bakı İstintaq Təcridxanasında saxlanılan İlham Əsgərlinin cəzanı çəkməkdən azad olunmasını istəyib.

Bundan 4 gün sonra Səhiyyə Nazirliyi Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisinə məktub yollayır ki, İlham Əsgərlinin ayağında cərrahi əməliyyatdan sonrakı fəsadlar qaldığından onun tibb müəssisəsində stasionar müalicəni davam etdirməsi məqsədəuyğundur.

Noyabrın 6-da Tibb Baş İdarəsinin müalicə işinin təşkili idarəsinin rəisi İftixar Qurbanov Sabunçu rayon Məhkəməsinin hakimi Anar Qasımova müraciət edir. Məktubunda yazır ki, İlham Əsgərlinin törətdiyi cinayət əməli ilk dəfə və ehtiyatsızlıq üzündən törədilmiş cinayətlər kateqoriyasına aiddir. Penitensiar müəssisədə saxlandığı dövr ərzində özünü tərbiyəli, intizamlı, daxili rejim qaydalarına riayət edən şəxs kimi göstərib.

QƏRAR DƏRHAL İCRA OLUNUR

Noyabrın 12-də məhkəmə belə bir qərar çıxarır:«... Əsgərli İlham Asif oğlu cinayət törətdikdən sonra cəzanın çəkilməsinə mane olan xəstəliyə düçar olmasına görə cəzadan azad edilsin. Qərar dərhal icra olunsun...».

Elə dərhal da icra olunur – İlham Əsgərli məhkəmə zalındaca qohumlarına verilir.

Bakı Şəhər Prokurorluğu qərardan apellyasiya protesti verir. Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsi protesti təmin etmir. Sabunçu rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılır.

Zərərçəkmişlər apellyasiya qərarından Ali Məhkəməyə müraciət ediblər. Ali Məhkəmə işə apellyasiya məhkəməsində yenidən baxılması üçün qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsindən AzadlıqRadiosuna bildirilib ki, hələlik məhkəməyə belə bir qərar daxil olmayıb.

QANINDA PARÇALANMA GEDİR

«İndi başçının subay-sultan oğlu azadlıqdadır, mənim tifilim, 2 qız övladı qohumlar ümidinə qalan günahsız Əhliman həbsdə... İl yarımdır onun xəstə balalarını yarıac, yarıtox qarınla ayaqda saxlayırıq. Əhliman ailənin yeganə qazanc yeri idi. Mən işləyə bilmirəm, belimdə iki «qrıja» var. Uşaqları qohumlar yedirdir. İmkansızlıqdan qızın birinin gözünü neçə ildir əməliyyat etdirə bilmirik», - bunu hələ cəzasının bitməsinə 4 il yarım qalmış «Howo» sürücüsü Əhliman Süleymanovun atası Qəhrəman dayı deyir.

Qəhrəman dayı onu da deyir ki, Əhliman özü qan xəstəsidir. Hətta xəstəliyinə görə əsgərliyə də aparmayıblar. Hazırda da Penitensiar Xidmətin Müalicə Müəssisəsindədir. Qanında parçalanma gedir. Buna görə məhkəməyə, prezidentə müraciət edib. Hətta oğlunun sağlamlıq durumunu və ailə vəziyyətini ölkənin baş prokuroru Zakir Qaralova üzbəüz anladıb. Ancaq nəticəsi olmayıb.

XS
SM
MD
LG