Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:51

'Banklar haqqında' Qanuna dəyişikliklər qəbul edilib


“Banklar haqqında” Qanuna təklif edilən dəyişikliklər iyulun 6-da Milli Məclisin iclasında üçüncü oxunuşda təsdiqlənib.

Turanın məlumatına görə, bu sahədə səlahiyyətli qurum Mərkəzi Bank olacaq. Yəni, bank lisenziyası və icazə alınması üçün bankın təsisçiləri və ya qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş şəxslər Mərkəzi Banka yazılı şəkildə müraciət edəcəklər.

Qanuna digər dəyişikliyə əsasən, Azərbaycanda yerli bankların filiallarının açılmasına dair tələblər dəyişdirilir.

Belə ki, yerli bank bu qanunun tələbləri nəzərə alınmaqla filial, şöbə və nümayəndəlik açmaqda sərbəstdir. Məcmu kapital, kapital adekvatlığı və likvidlik normativlərinə cavab verən, filiallar üzrə daxili nəzarət sisteminə malik olan bank filial, şöbə və nümayəndəlik aça bilər.

Filial və şöbədə nağd pul saxlancı Mərkəzi Bankın müvafiq normativ xarakterli aktının tələblərinə uyğun olmalı, habelə filial və şöbələrdə aparılan əməliyyatlar haqqında məlumatların real vaxt rejimində banka ötürülməsi üçün informasiya sistemləri mövcud olmalıdır.

Yerli bankların şöbələrinin fəaliyyəti ilə bağlı şərtlər və tələblər Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilir. Yerli bank yerli filial, şöbə və ya nümayəndəliyin açılması barədə qərarın qəbul edildiyi tarixdən 7 iş günü müddətində Mərkəzi Banka yazılı bildiriş göndərir. Bildirişə filial, şöbə və ya nümayəndəlik açmaq barədə bankın səlahiyyətli idarəetmə orqanı tərəfindən qəbul edilmiş qərarın təsdiqlənmiş surəti, habelə filial, şöbə və ya nümayəndəliyin inzibatçıları barədə bu qanunda göstərilən sənəd və məlumatlar əlavə olunur.

Bildirişdə filial, şöbə və ya nümayəndəliyin ünvanı, fəaliyyətə başlaması vaxtı, habelə inzibatçıları barədə bu qanunda göstərilən məlumat əks etdirilir.

Filialların açılması barədə

Mərkəzi Bank tərəfindən 14 təqvim günü ərzində bildirişə münasibət bildirilmədikdə və ya bank tərəfindən yerli filialın, şöbənin və ya nümayəndəliyin açılması üçün bu Qanunla nəzərdə tutulmuş tələblərə riayət edilməməsi və ya banka qarşı tətbiq edilən təsir (təshih) tədbirlərinə əməl edilməməsi ilə bağlı banka yazılı məlumat göndərilmədikdə müvafiq yerli filial, şöbə və ya nümayəndəlik fəaliyyətə başlaya bilər. Yerli bank xarici filialını və ya nümayəndəliyini açmağa icazə almaq üçün Mərkəzi Banka yazılı müraciət etməlidir.

Hazırda qüvvədə olan qanuna görə, maliyyə bazarlarına nəzarət orqanının icazəsi olmadan yerli bank filial, şöbə və nümayəndəlik aça bilməz. Yerli bankların şöbələrinin və yerli nümayəndəliklərinin açılması üçün icazə alınması və icazənin ləğv edilməsi qaydaları, habelə onların fəaliyyəti ilə əlaqədar şərtlər və tələblər maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktları ilə müəyyən edilir.

Parlamentdə həmçinin “Mərkəzi Bank haqqında” qanuna dəyişiklik da üçüncü oxunuşda qəbul edilib.

Sənədə əsasən, Azərbaycan Mərkəzi Bank iqtisadi müstəqilliyə malikdir və aktivlərinin satışından və yaxud onlara digər tərzdə sərəncam verilməsindən daxil olan vəsaitlər onun gəlirlərinə aid edilir. Bu Qanunda nəzərdə tutulmuş hal istisna olmaqla, AMB dövlətin öhdəlikləri, dövlət isə AMB-nin öhdəlikləri üçün cavabdeh deyil.

Tələblər sərtləşdirilir

Digər dəyişikliyə görə, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlərinin sayı 7-dən 9-a çatdırılır. Belə ki, onun tərkibi sədr, daimi əsaslarla işləyən 6 üzv (hazırda 4 üzvdür) və 2 kənar üzv daxil olmaqla 9 üzvdən ibarətdir.

Qəbul olunmuş dəyişikliyə əsasən, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlərinə, habelə onların yaxın qohumlarına qarşı tələblər sərtləşdirilir.

Sənədə görə, həmin şəxslər tənzimləyici qurumun nəzarət etdiyi subyektlərdə və onlara aidiyyəti olan şəxslərdə birbaşa və ya dolayı yolla mühüm iştirak payına (nizamnamə kapitalının (şərikli kapitalın) 10 və yaxud daha çox faizini təşkil edən paya birbaşa və ya dolayı yolla sahiblik, yaxud iştirakçısı olduqları hüquqi şəxsin qərarlarının qəbul edilməsinə müqavilə əsasında mühüm təsir göstərmə imkanı) malik ola, habelə AMB-nin yaratdığı və yaxud iştirak etdiyi hüquqi şəxslərdə təsisçi və ya iştirakçı ola bilməzlər.

Hazırda qüvvədə olan qanuna əsasən isə Mərkəzi Bankın İH-nin üzvləri, habelə onların yaxın qohumları yalnız tənzimləyici qurumun və maliyyə bazarlarına nəzarət orqanının nəzarət etdiyi subyektlərdə mühüm iştirak payına malik ola bilməzlər.

Başqa dəyişikliklər

"Mərkəzi Bank haqqında" qanuna digər dəyişikliyə əsasən, AMB saxlanılan məcburi ehtiyatlar üzrə kredit təşkilatlarına faizlər ödəmək hüququna malik olacaq.

Faizlərin ödənilməsi barədə qərar Mərkəzi Bankın İdarə Heyəti tərəfindən qəbul ediləcək. Faizlər İdarə Heyətinin qərarında göstərilən müddətdə ödəniləcək və məcburi ehtiyatlar saxlayan bütün kredit təşkilatlarına şamil ediləcək.

Qanuna digər dəyişikliyə əsasən, Hesablama Palatasının maliyyə nəzarəti Mərkəzi Bankının yalnız inzibati-təsərrüfat fəaliyyətini əhatə edəcək.

Milli Məclisin bugünkü iclasında həmçinin "Valyuta tənzimi haqqında" qanuna dəyişiklik layihəsi də üçüncü oxunuşda qəbul edilib.

Sənədə əsasən, valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək istəyən şəxs lisenziyanın alınması üçün maliyyə bazarlarına nəzarət orqanına ərizə ilə müraciət etməlidir. Layihəyə əsasən, bu orqan Mərkəzi Bank olacaq.

Ərizə müvafiq qaydada tərtib olunmalıdır.

XS
SM
MD
LG