Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:35

'Günay Bank'dakı əmanətlərin cəmi 43 faizi qaytarılır


'İnanmırıq' - Bağlanan bankların əmanətçiləri aksiya keçirdi
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00

'İnanmırıq' - Bağlanan bankların əmanətçiləri aksiya keçirdi (Arxiv/2020)

Bu il mayın 17-də Mərkəzi Bank "Günay Bank"ın bağlanması barədə qərar qəbul etmişdi. Rəsmi açıqlamada bildirilirdi ki, qərarın səbəbi bankın məcmu kapital miqdarının banklar üçün müəyyənləşdirilmiş minimumdan az olmasıdır. Bu üzdən Mərkəzi Bank həmin maliyyə qurumunun müflis elan edilib ləğvi barədə məhkəməyə üz tutmuşdu. Belə hallarda haqlı sual ortaya çıxır: Bankda saxlanılan depozitlərin aqibəti necə olacaq?

"Günay Bank"ı Əmanətlərin Sığortalanması Fondu ləğv etməlidir, çünki bu iş ona tapşırılıb. Bugünlərdə fondun icraçı direktoru Tural Piriyev "Günay Bank"ın əmanətlərinin qaytarılmasına dair açıqlama verib. Həmin açıqlamada səsləndirilən rəqəmlər "Günay Bank"da saxlanılan vəsaitlərin aqibətinə dair bəlli təsəvvür yaradır.

82 milyon manatlıq depozit

Əmanətlərin Sığortalanması Fondu icraçı direktorunun açıqladığı bilgilərə görə, "Günay Bank"ın lisenziyası ləğv olunan zaman bankın depozit portfeli 82 milyon 507 min manat olub. Burada bir məqam da diqqət çəkir. Mərkəzi Bank maydakı açıqlamasında bildirmişdi ki, aprelin 1-dək bankın depozit portfeli 108.5 milyon manatmış. Belə çıxır ki, bank qapanmasından öncəki bir ay boyunca təxminən 36 milyon manatlıq depozit bankdan çıxarılıb. Çıxarılan depozit həcminin bu qədər çox olması həmin şəxslərin bankın bağlanması ilə bağlı qərardan əvvəldən xəbərdar olmaları barədə şübhə doğurur. Rəsmi açıqlamaya görə, bank bağlanarkən "Günay Bank"da 19 min 77 nəfərin vəsaiti olub. Bank müştərilərinin cəmi 35 nəfəri sığortalı olmayıb. Rəsmi açıqlamada bildirilir ki, "Günay Bank" müştərilərinə ödəniləcək kompensasiyaların toplam həcmi 35 milyon 120 min manatdır. Bu, bankdakı toplam depozitlərin (82.5 milyon manat) cəmi 43 faizi deməkdir.

Hansı depozitlər qorunur

Hazırda qüvvədə olan qanunlara görə, 100 min manatadək əmanətlər dövlət tərəfindən sığortalanır. Başqa deyimlə, vətəndaşın bankda saxladığı əmanət məbləği 100 min manatdan azdırsa, bank bağlansa belə, həmin vəsaiti geri ala bilir. 100 min manatı aşan əmanətlərinsə 100 min manatlıq bölümünü dövlət qoruyur. Bu qorumaya xarici valyutada saxlanılan əmanətlər də daxildir. Onların 100 min manat ekvivalentinədək olan bölümü sığortalanmış sayılır. Düzdür, məbləğ limiti ilə yanaşı, həmin əmanətlərə görə əldə edilən faizlərlə bağlı da qanunda şərt var: Qorunan əmanətlər 100 min manatadək olmaqla yanaşı, illik maksimum 12 faizlə yerləşdirilməlidir. Əgər bankda yerləşdirilən əmanətə görə illik 12 faizdən yüksək faiz hesablanırsa, bu zaman həmin əmanət sığortalanmış sayılmır. Xarici valyutada yerləşdirilmiş əmanətlərə faiz şərti daha azdır – 2.5 faizdir.

Qanunda sahibkarlıq fəaliyyəti ilə məşğul fiziki şəxslərin bu fəaliyyətlə bağlı bank hesablarındakı vəsaitin də qorunması nəzərdə tutulur. Ancaq bu zaman qorunan məbləğlə bağlı limit 100 min manat deyil, 20 min manatdır. Deməli, fiziki şəxslərin bank depozitləri, əsasən, qorunsa da, hüquqi şəxslərin - şirkətlərin banklardakı vəsaitləri daha böyük risklərə məruz qala bilir, axı "Əmanətlərin sığortalanması haqqında" Qanunda hüquqi şəxslərin vəsaitlərinin qorunması nəzərdə tutulmur.

"Günay Bank"dakı əmanətlərin kompensasiyasına iyunun 1-də başlanıb. İlk üç gündə bankın 909 əmanətçisinə 16 milyon 933 min manat qaytarılıb. Başqa sözlə, hər müştəriyə ortalama 18 min 628 manat. Bu müştərilərdən 813 nəfər əmanətini manatla, 88 nəfər dollarla, 8 nəfərsə avro ilə saxlayıb.

Bankın kredit portfeli

Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru mediaya açıqlamasında "Günay Bank"ın kredit portfelinə dair bilgiləri də açıqlayıb. Bəlli olur ki, bank bağlanarkən onun toplam kredit portfeli 202 milyon manat olub. Bu vəsaitin 1.8 milyon manatı Sahibkarlığın İnkişafı Fondu vasitəsi ilə verilən kreditlərdir. Daha 78.7 milyon manatlıq kreditsə Azərbaycan Respublikası İpoteka Fondunun vəsaitidir - ipoteka kreditləridir. Qanunvericiliyə uyğun olaraq, bu kreditlər başqa banklara ötürüləcək. Beləcə, bəlli olur ki, bankın 202 milyon manatlıq kreditindən təxminən 122 milyon manatı özünə aid vəsaitlərdir.

Əmanətlərin Sığortalanması Fondunun açıqlamasına görə, həmin vəsaitin böyük bölümü uyğun şəxslərə verilən kreditlərdir. Söhbət sözügedən bankla sıx əlaqəsi olan hər hansı fiziki və ya hüquqi şəxsdən gedir. Belə şəxslər əksər hallarda bankda yüksək vəzifə tutanlar və ya həmin şəxslərlə yaxın qohumluq əlaqələri olanlardır. Əmanətlərin Sığortalanması Fondu bildirib ki, bu kreditlərin qaytarılması üçün səhmdarlarla danışıqlar gedir.

Bankın səhmdarları üç fiziki şəxs olub. Əsas səhmdar Müşahidə Şurasının sədri Mahmud Məmmədovdur. Onun səhmlərdə payı 58.22 faizdir. İkinci böyük səhmdar Yeganə Şirinovadır. Onun səhmlərdəki payı 41.15 faizdir. Bank səhmlərinin 0.63 faizlik bölümü isə İran əsilli Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsus olub.

XS
SM
MD
LG