Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:25

General Bağeri: İran Azərbaycan-Ermənistan sərhədinə müşahidəçilər göndərməyə hazırdır


İran silahlı qüvvələri baş qərargahının rəisi general Məhəmməd Bağeri
İran silahlı qüvvələri baş qərargahının rəisi general Məhəmməd Bağeri

İran Azərbaycan-Ermənistan sərhədinə müşahidəçilər göndərməyə hazırdır.

Mehr agentliyinin xəbərində deyilir ki, bunu İran silahlı qüvvələri baş qərargahının rəisi general Məhəmməd Bağeri Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryanla görüşündə bildirib.

Bağeri qeyd edib ki, Cənubi Qafqazda baş verən hadisələr bütün regionu təsirləndirir və gərginliyin davam etməsi Ermənistanın, Azərbaycanın və regionun başqa ölkələrinin marağında deyil.

O habelə mübahisə və gərginliyin regionun özündə həll olunmasına çağırıb.

Qeyri-regional ölkələrin burada mövcudluğu...

İranın Azərbaycan-Ermənistan sərhədinə müşahidəçilər göndərməyə hazır olduğunu deyən general vurğulayıb ki, hər hansı ölkənin hərbi qüdrətinin artırılmasının arxasında heç bir təcavüzkar niyyət və məqsəd olmamalıdır:

"Regionda sülh və sakitlik regionun bütün ölkələrinin marağındadaır və regionun təhlükəsizliyi region ölkələri tərəfindən təmin edilməlidir. Qeyri-regional ölkələrin burada mövcudluğu regionda sülhə ziddir”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bu yaxınlarda keçirilmiş birgə ABŞ-Ermənistan hərbi təlimlərinə toxunan Bağeri deyib ki, “qeyri regional ölkələrin mövcudluğu sabitsizlik mənbəyidir”.

Azatutyun yazır ki, Armen Qriqoryan bugünlərdə Tehranda görüşlər keçirir.

O artıq prezident İbrahim Rəisi, İran ali milli təhlükəsizlik şurasının katibi Əli Əkbər Əhmədian, habelə xarici işlər naziri Hüseyn Əmir Abdullahianla görüşüb.

Hazırda Azərbaycan prezidentinin xüsusi nümayəndəsi Xələf Xələfovun da Tehranda olduğu bildirilir.

Xatırlatma

1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi və ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Ancaq tərəflər sülh sazişi imzalamayıb.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" keçirdiyini elan edib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Bundan sonra erməni sakinlərin regiondan Ermənistana axını başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum özünü buraxdığını elan edib. Artıq separatçı rejim liderlərinin də saxlanaraq Bakıya gətirildiyi bildirilir.

XS
SM
MD
LG