Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:29

Azərbaycanda 15-17 yaşarası 2 min qız ana olub


16 yaşında ana olan, boşanan Arzu: '80 manatla necə dolanım?'
Gözlə

No media source currently available

0:00 0:04:34 0:00

16 yaşında ana olan, boşanan Arzu: '80 manatla necə dolanım?' (Arxiv. 2020)

Dövlət Statistika Komitəsi (DSK) ötən il Azərbaycanda demoqrafiq durumla bağlı hesabatını açıqlayıb. Açıqlanan bilgilər arasında uşaq dünyaya gətirən anaların yaş ortalaması da var. Rəsmi göstəricilərə görə, ötən il Azərbaycanda 122 min 846 uşaq dünyaya gəlib. 2 min 11 nəfərin - bütün doğulanların 2 faizə yaxınının anası yetkinlik yaşına çatmamış 15-17 yaşlı qızlardır. Azərbaycan qanunlarına görə, ölkədə nikah yaşı 18-dir. Ancaq Ailə Məcəlləsində belə istisna da var: "Üzrlü səbəblər olduqda nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər". Ölkədəki bəzi qadın haqları fəalları sözügedən istisnanı doğru saymır. Axı Azərbaycan kimi korrupsiya hallarının geniş yayıldığı ölkədə həmin yanaşma sui-istifadə hallarına yol aça bilər.

Ötən il 18 yaşını tamamlamayan 270 nəfərin rəsmi nikahı qeydə alınıb. Bir məqam da diqqət çəkir: Ötən il 15-17 yaşarası ana olanlardan 120 nəfər ikinci dəfə uşaq doğub. Bu yaşlarda daha 11 nəfərsə artıq üçüncü dəfə ana olub. Erkən yaşda ana olanların 32 faizi şəhərlərdə, 68 faizi kəndlərdə yaşayır.

Azərbaycan Respublikasının qanunvericiliyinə görə, erkən nikah 18 yaşından kiçik oğlanların və qızların (məcburi) ailə qurması və birgə yaşamasıdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bir neçə il öncə BMT-nin Uşaq Fondu ilə birgə apardığı tədqiqatda Azərbaycanda erkən nikahların səbəbləri araşdırılıb. Bəlli olub ki, erkən nikah bağlayan qadınların 37.4 faizi öz istəyi ilə, 25.9 faizi valideynlərinin təzyiqi altında, 10.7 faizi ailədə maddi durumun çətinliyi üzündən, 7.9 faizi ərinin varlı olduğuna, 6.4 faizi qaçırıldığına və 1.6 faizi hamilə qaldığına görə erkən nikaha daxil olub. Erkən yaşda öz istəyi ilə nikah bağlayanlar daha çox 16 yaşda, hamilə olduğuna görə evlənənlərsə 15 yaşda olanlardır. Qaçırılma halları 15 və 17 yaşlılar arasında daha çox baş verib.

50 yaşdan sonra uşaq dünyaya gətirənlər çoxalır

Doğumun yaşla bağlı göstəricilərindən aydın olur ki, ölkədə ən çox 20-24 yaş arası qadınlar uşaq dünyaya gətirir. Ötən il doğulan uşaqların 40 min 580 nəfərini - bütün doğulan uşaqların təxminən üçdə birini elə 20-24 yaş aralığındakı analar dünyaya gətirib.

Rəsmi açıqlanan bilgilər arasında diqqətçəkən daha bir məqam 50 yaşdan sonra uşaq dünyaya gətirən qadınların sayca artımıdır. Ötən il 50-dən çox yaşı olan 63 qadın uşaq doğub. Son üç ildə (2020-2022) yaşı 50-ni aşan 170 qadın uşaq dünyaya gətirib. Daha öncəki üç ildə (2017-2019) həmin göstərici 72 nəfər olub.

Doğum azalır, abort artır

Son illər doğuşların sayca artımı da diqqət çəkir (təkrar xatırlatma: 122 min 846 uşaq). Pandemiya üzündən toyların yasaqlandığı 2021-ci il nəzərə alınmasa, bu, 2003-cü ildən bəri ölkədə qeydə alınan ən aşağı doğum göstəricisidir. Son illər doğum sayının azalması ilə yanaşı, abortların sayca kəskin artması da diqqət çəkir. Rəsmi rəqəmlərə görə, ötən il Azərbaycanda 58 min civarında abort qeydə alınıb. 2021-ci ildə eyni göstərici 47 min, 2020-ci ildə 35 min, 2019-cu ildə 37 min idi. Deməli, son dörd il içində ölkədə abortların sayı 55 faizə yaxın çoxalıb.

Rəsmi nikah olmadan doğulan uşaqların sayı artıb

Son bir neçə ildə Azərbaycanda rəsmi nikah olmadan doğulan uşaq sayı da artmaqdadır. Əgər 2021-ci ildə 17 min 566 belə uşaq dünyaya gəlmişdisə, ötən il bu rəqəm bir qədər də artaraq 18 min 814-ə yüksəlib. 2022-ci ildə Azərbaycanda dünyaya gələn uşaqların 15 faizini rəsmi nikahda olmayan qadınlar dünyaya gətirib. Həmin uşaqların 14 min 401 nəfəri (76 faizi) hər iki valideynin, 4 min 413 nəfəri isə (24 faizi) yalnız ananın ərizəsi əsasında ədliyyə orqanlarında qeydiyyata alınıb. Rəsmi nikahda olmayan qadınların dünyaya gətirdiyi uşaqların 62 faizi kəndlərdə doğulub. Bu məqam kəndlərdə dövlət qurumlarının xidmətlərinə çıxış imkanlarının məhdudluğunu da göstərir.

XS
SM
MD
LG