Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:24

Demoqrafiq göstəricilər pandemiyaöncəsi duruma qayıtmayıb


'Dövlətin doğum evində 1100 manat xərcim çıxdı'
Gözlə

No media source currently available

0:00 0:04:55 0:00

'Dövlətin doğum evində 1100 manat xərcim çıxdı'

Dövlət Statistika Komitəsi (DSK) ötən il Azərbaycanda qeydə alınan doğum və ölüm bilgisini açıqlayıb. Öncəki iki ildə - 2020 və 2021-ci illərdə Azərbaycanda ölüm sayında ard-arda antirekordlar qeydə alınmışdı. Pandemiya və müharibədən öncəki 2019-cu ildə ölkədə 55 min 916 ölüm olmuşdu. Daha əvvəlki beş il boyunca da Azərbaycanda il ərzində qeydə alınan ölüm sayı 53-57 min nəfər arasında dəyişmişdi. Di gəl, 2020-ci ildə bu rəqəm birdən-birə 20 min nəfər artaraq 75 min 647 nəfərə yüksəldi. 2021-ci ildə ölkədə ölüm sayı bir qədər də yüksəldi və 76 min 878 nəfərə çatdı. DSK-nın ötən illə bağlı açıqladığı göstəricilərdən aydın olur ki, 2022-ci ildə ölüm sayı nisbətən səngiyib.

Ötən il Azərbaycanda 60 min 810 ölüm halı qeydə alınıb. Bu, 2021-ci illə müqayisədə 21 faiz azalma deməkdir. Ancaq ölüm sayı hələ də 2020-ci ildən əvvəlki səviyyəyə qayıtmayıb. 2022-ci ildə qeydə alınan ölüm sayı 2019-cu illə müqayisədə təxminən 10 faiz çoxdur. Ölənlərin 1 min 925 nəfəri (3.2 faizi) 0-17 yaşda, 6 min 387 nəfəri (10.5 faizi) 18-49 yaşda, 15 min 815 nəfəri (26 faizi) 50-64 yaşda, 36 min 683 nəfəri (60.3 faizi) isə 65 və yuxarı yaşda olub.

Koronavirus səngiyir?

Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqladığı rəqəmlərdən aydın olur ki, Azərbaycanda 2022-ci ildə koronavirusa yoluxanların və bu üzdən ölənlərin də sayı azalıb. Rəsmi rəqəmlərə görə, ötən il ölkədə 209 min nəfər koronavirusa yoluxub. 2021-ci ildə bu rəqəm 398 min nəfər, yəni, az qala, iki dəfə daha yüksək idi. 2020-ci ildə isə 219 min nəfər koronavirusa yoluxmuşdu. Son üç ildə Azərbaycanda koronavirusa toplam yoluxma sayı 826 min nəfər olub.

Ötən il koronavirus üzündən 1 min 650 nəfər dünyasını dəyişib. Müqayisə üçün, 2021-ci ildə eyni xəstəlikdən 5 min 717 nəfər, yəni bu illə müqayisədə 3.5 dəfə daha çox adam ölmüşdü. 2020-ci ildə isə pandemiya 2 min 641 nəfərin həyatına son qoymuşdu. Deməli, indiyədək Azərbaycanda koronavirus üzündən həyatını itirənlərin sayı 10 min nəfəri aşıb. Eyni zamanda, 2022-ci ilin sonunadək ölkədə 5 milyon 400 minə yaxın şəxsin, ən azı, bir doza vaksin olunduğu açıqlanıb.

Doğum sayı da bərpa olmayıb

Son illərdə Azərbaycanda demoqrafiq göstəricilər arasında ölüm sayı ilə yanaşı, doğum sayında da ciddi dəyişiklik gözə çarpır. Onu da unutmaq olmaz ki, ölkədə doğum sayının azalması pandemiyadan öncə başlanan bir proses idi. Pandemiya dövründə bu azalma daha da kəskinləşib. Məsələn, 2019-cu ildə Azərbaycanda 141 min 179 uşaq dünyaya gəlmişdi. 2020-ci ildə həmin rəqəm 126 min 571-ə düşüb. 2021-ci ildə isə ölkədə cəmi 112 min 284 uşaq dünyaya gəlib. Bu, 2019-cu illə müqayisədə 20 faizdən çox azalma deməkdir.

Ötən il bir öncəki illə müqayisədə doğum sayında nisbi artım qeydə alınıb (122 min 846 uşaq doğulub). Bu göstərici 2021-ci illə müqayisədə yüksək olsa da, hələ də 2019-cu il bir yana, heç 2020-ci ildəki saya çata bilməyib.

Təbii artım da əvvəlki səviyyəyə qayıtmayıb

Son illər ölüm sayının artması, doğumunsa azalması Azərbaycanda təbii artım göstəricisini də aşağı düşürüb. Təbii artım deyərkən, ölkədə ilboyu doğulanlarla ölənlərin sayı arasındakı fərq anlaşılır. 2017-ci ilədək Azərbaycanda təbii artım 100 min nəfərdən yüksək olub. Həmin ildən bəri bu artım 100 minin altına düşüb.

2017-2019-cu illərdə Azərbaycanda illik ortalama 85 min nəfər təbii artım qeydı alınıb. 2020-ci ildə bu göstərici 51 min nəfərə enib. 2021-ci ildə daha da azalaraq 35 min nəfər olub. Bu, beş il öncə ilə müqayisədə üç dəfə azalma deməkdir.

Ötən il ölüm sayının əvvəlki iki ilə nisbətən azalması, doğumunsa nisbi çoxalması təbii artımda da əksini tapıb və Azərbaycanda təbii artım göstəricisi 62 min nəfərə yüksəlib.

Nikah artıb, boşanma azalıb

2022-ci il ərzində ölkədə 61 min 939 nikaha daxilolma və 15 min 983 boşanma halı qeydə alınıb. 2021-ci ildə eyni göstəricilər, uyğun olaraq, 56 min 314 və 17 min 191 olmuşdu. Bu baxımdan, ötən il əhalinin hər min nəfərinə düşən nikah sayı 2021-ci illə müqayisədə 5.6-dan 6.1-ədək artıb. Boşanma sayı isə azalaraq 1.7-dən 1.6-ya düşüb.

XS
SM
MD
LG