Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:42

Auditorlar Palatasında mənimsənildiyi iddia edilən yüz minlər: Pulun bir hissəsi AZƏRTAC-ın binasından çıxıb


AZƏRTAC
AZƏRTAC

Azərbaycan Auditorlar Palatası Maliyyə və texniki təminat idarəsinin sabiq rəisi Vəli Rəhimov, maliyyəçi-mühasib Gövhər Əhmədova və auditor Fəridə Novruzova 700 min manatlıq yeyintidə suçlanırlar. Onlar həbs edilməsələr də, Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunurlar.

İşin istintaqı Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılıb. Təqsirləndirilən üç nəfərdən ikisi – V.Rəhimov və F.Novruzova, eləcə də vəkillər istintaqdan narazı qalıblar. Onların fikrincə, bir sıra vacib məsələlər araşdırılmadığından iş yenidən araşdırılmaqdan ötrü prokurorluğa qaytarılmalıdır.

Vəkillər deyirlər ki, G.Əhmədova ifadəsində idarə rəisi V.Rəhimovdan tapşırıq aldığını, əlbir olub bu işləri gördüklərini bildirib. Bu ifadə əsasında da onların üçünə əlbirlik ittihamı verilib. Di gəl, G.Əhmədovanın sözlərindən başqa bunu təsdiqləyən heç bir sübut (elektron poçt məktubu, SMS, şahid ifadəsi) yoxdur.

"Şəxsən özü müəyyən problemlər olduğunu üzə çıxarıb"

V.Rəhimovun vəkili Faiq Nəcəfov deyir ki, cinayət işinin materiallarına diqqət yetirəndə G.Əhmədovanın övladlarının da bu işdə əli olduğu görünür. Ancaq müstəntiq həmin sübutlara əhəmiyyət verməyib: "İşdən görünür ki, Gövhər Əhmədovanın övladlarının adına olan bank kartlarına pullar köçürülüb. Birinci övladı deyir ki, "xəbərim olmayıb, kartdan pulları anam çıxarıb". Çıxarışlardan bilinir ki, həmin kartla Türkiyədən mallar alınıb, restoranlarda hesab verilib. İkinci övladı AZƏRTAC-da çalışır. O, "xəbərim yoxdur" desə də, həmin kartla AZƏRTAC-ın binasındakı bankomatdan pul çıxarıldığı görünür. Üçüncü övladı da "xəbərim yoxdur" deyir, ancaq özü banka gedib, o hesabdan 18 min manat çıxarıb. Müstəntiq bu sənədlərə ya baxmayıb, ya da baxmaq istəməyib".

Keçmiş idarə rəisi V.Rəhimovun özünə gəlincə, vəkili bildirib ki, onun oğlu 2020-ci ildə Qarabağ döyüşlərində həlak olub. Bu hadisədən sonra onda həyata küskünlük yaranıb, təxminən bir il, ümumiyyətlə, hər şeydən uzaqlaşıb və nəticədə işlər də nəzarətsiz qalıb: "Qayıdandan sonra şəxsən özü müəyyən problemlər olduğunu üzə çıxarıb və bu barədə rəhbərliyə məlumat verib".

"Aldadıb sənədlərə qol çəkdiriblər"

F.Novruzovanın vəkili Əli Həsrətov da işin istintaqa qaytarılması barədə vəkil həmkarının dediklərini dəstəkləyib və əlavə edib ki, istintaqda müdafiə hüququ da pozulub. Onun sözlərinə görə, müvəkkili F.Novruzova istintaqda dindirilərkən vəkilsiz olub: "Özü də bildirir ki, onu aldadıb sənədlərə qol çəkdiriblər".

F.Novruzova da vəkilinin dediklərini təsdiqləyib. Təqsirləndirilən sabiq idarə rəisi V.Rəhimov ona cinayət işinin materialları ilə tanış olmağa şərait yaradılmamasından gileylənib.

İstər təqsirləndirilən G.Əhmədovanın vəkili, istərsə prokuror işin istintaqa qaytarılmasına ehtiyac görməyiblər. Vəkil G.Əhmədovanın övladlarının da yeyintidə iştirakına dair iddiaların əsassız olduğunu vurğulayıb.

Prokuror deyib ki, məhkəmə araşdırmaları yeyintidə başqa adamların da iştirakını üzə çıxarsa, o zaman işin istintaqa qaytarılması məsələsini qaldıra bilər.

Hakimlər də işi prokurorluğa qaytarmaqdan imtina ediblər. Bu iş üzrə məhkəmə baxışı yanvarın 26-na təyin olunub.

Xatırlatma

Bu cinayət işində 2018-2023-cü illər ərzindəki yeyintilərdən söz açılır. Təqsirləndirilən şəxslərə xüsusilə külli miqdarda mənimsəmə ilə yanaşı, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı ittihamları da verilib. Bu ittihamlarda 14 ilədək həbs cəzası nəzərdə tutulub.

Auditorlar Palatası mənimsənildiyi iddia olunan vəsaitin təqsirləndirilən şəxslərdən alınıb qurumun hesabına qaytarılmasını tələb edir.

XS
SM
MD
LG