Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:22

Avstriyalı idmançıların müalicəsinə bu qədər xərclənib


Avtobusun vurduğu Verena Breit, Vanessa Sahinovic və Luna Pajer
Avtobusun vurduğu Verena Breit, Vanessa Sahinovic və Luna Pajer

►"Bu adam doqquz aydır ki, cəza çəkir, hələ də bilmir ki, təqsiri nədir. Bu, ittiham tərəfinin qərəzli yanaşmasından başqa bir şey deyil"

Ötən il Bakıda keçirilən Avropa Oyunları zamanı avstriyalı atletlərin vurulması ilə nəticələnmiş avtobus qəzası üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir.

Bakı Ağır Cinayətlər Məhkəməsində aylardır davam edən prosesdə artıq məhkəmə iclası yekunlaşıb, prokuror təqsirləndirilən dörd nəfərə 3 ildən 7 ilə qədər iş istəyib.

“BİR-BİRİNİ MƏHKƏMƏDƏ GÖRÜBLƏR”

İyulun 28-də keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərdən Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi olmuş Hüseyn Salamovun vəkili Pərviz Ələkbərov çıxış edərək, hüquqlarını müdafiə etdiyi şəxsin günahsız olduğunu bildirib.

İttihama görə, Avropa Oyunlarında xidmət etməli olan sürücülərin yekun siyahısı MTN-dən, ardınca da Xüsusi Dövlət Mühafizə Xidmətindən keçəndən sonra yekun siyahı məxfi məktubla Nəqliyyat Nazirliyinə göndərilib.

Avstriyalı üzgüçü qızların qəzaya düşməsinin görüntüləri
Gözlə

No media source currently available

0:00 0:00:24 0:00

Məktubda yoxlamadan keçməyən sürücülərin adları da olub. Onların arasında qəzanı törətmiş Vəli Əhmədov da varmış. Hüseyn Salamov buna baxmayaraq, Vəli Əhmədovla müqavilə bağlayıb, işə götürülməsinə görə günahlanlandırılır.

Lakin Hüseyn Salamovun vəkili deyir ki, bu barədə ittihamda yazılanlar əsassızdır. Əvvəla, ona görə ki, MTN-dən göndərilən ikinci siyahıda Vəli Əhmədovun adı razılıq verilən sürücülər sırasında olub. İkincisi də onunla müqaviləni Hüseyn Salamov bağlamayıb:

"Siyahı göndəriləndə Hüseyn Salamov məzuniyyətdə olub, özü də Azərbaycandan kənarda. Vəli Əhmədovla Hüseyn Salamov bir-birini ümumiyyətlə, tanımayıblar. Onlar bir-birini ilk dəfə məhkəmədə görüblər. Sürücülərlə müqavilə bağlayan Elmixan Hacıyev olub".

“HƏLƏ DƏ BİLMİR, TƏQSİRİ NƏDİR”

İttihamın sübuta yetirilmədiyini deyən vəkil müdafiə etdiyi şəxs barəsində bəraət hökmü çıxarılmasını istəyib:

"Bu adam doqquz aydır ki, cəza çəkir, hələ də bilmir ki, təqsiri nədir. Bu, ittiham tərəfinin qərəzli yanaşmasından başqa bir şey deyil".

Cinayət işinin materiallarına görə, bu avtobus qəzası nəticəsində xəsarət almış avstriyalı idmançıların xəstəxanada müayinə və müalicəsinə Azərbaycan 80 min 896 manat xərcləyib.

Məhkəmə prosesi avqustun 5-də davam edəcək. Növbəti iclasda təqsirləndirilən şəxslər son sözlərini deyəcək.

Xatırladaq ki, 2015-ci il iyunun 11-də "Atletlər kəndi"nin nəqliyyat deposunda, "Bakubus" MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq, Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviç, Luna Pacer və Verena Breyti vurub.

Bu hadisə ilə əlaqədar məhkəmə qarşısına dörd nəfər çıxarılıb, onların arasında avtobusun sürücüsü Vəli Əhmədovla yanaşı, Nizami Rayon Polis İdarəsinin "Təhlükəsiz Şəhər" Xidmətinin keçmiş əməkdaşı Elçin Həsənov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi olmuş Hüseyn Salamov, Xidmətin Bakı Regional şöbəsinin məsləhətçisi Fərid Əmiraslanov da var.

Buna da bax: Avtobusun vurduğu atlet Azərbaycandan təzminat tələb edir

Polis əməkdaşı qəza baş verərkən "Təhlükəsiz şəhər" kameralarının lentə aldığı görüntüləri yaydığına görə cəzalandırılıb və ona CM-nin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsilə ittiham verilib. Digərlərindən fərqli olaraq, Fərid Əmiraslanov barəsində həbs-qətimkan tədbiri seçilməyib.

XS
SM
MD
LG