Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:43

Ağalı kəndinə köçün birinci mərhələsi başa çatıb


Köç üçün son hazırlıq işləri görən zəngilanlı ailələrdən biri
Köç üçün son hazırlıq işləri görən zəngilanlı ailələrdən biri

İyulun 25-də Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan şəhərciyi”ndən dördüncü köç karvanı yola salınıb

Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınan Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi başa çatıb.

Bugün, iyulun 25-də Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan şəhərciyi”ndən dördüncü köç karvanı yola salınıb.

Rəsmi açıqlamalra görə, köçürülən ailələr, əsasən müvəqqəti məskunlaşma yerlərində ağır şəraitdə yaşayanlar arasından seçilib və bu zaman köçürülmə üçün təqdim edilən yaşayış sahələrinin həcmi nəzərə alınıb.

Köçürülənlər arasında Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinin hər birinin sakinləri var.

Ümumilikdə “Ağıllı kənd” konsepsiyasına uyğun qurulan Ağalı kəndinə 4 mərhələdə 41 ailə (201 nəfər) köçürülüb. Orada yaşayacaq əhalinin məşğulluq, sosial, təhsil, tibbi məsələlərini müvafiq qurumlar həll etməlidir.

Ağalı kəndinə əhalinin köçürülməsi Azərbaycanın 2020-ci ildə işğaldan azad edilən ərazilərinə qaydışın ilk mərhələsidir.

İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).

Bu il iyulun 19-dan Ağalı kəndinə köçürülmə prosesinə başlanmışdı. Ağalı kəndində 200 ev inşa olunub. Həmin evlərin enerjiyə olan tələbatı yalnız alternativ mənbələrdən əldə edilməlidir.

Xatırlatma

Zəngilan rayonu 1993-cü il oktyabrın 29-da işğal edilmişdi.

1988-ci ildə başlayan Qarabağ münaqişəsində Azərbaycan Dağlıq Qarabağı və ətraf yeddi rayonu itirmişdi.

1994-cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəs müqaviləsi ilə əlaqəli tərəflər arasında ağır döyüşlər dayandırılmışdı.

Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Azərbaycan işğal edilmiş ərazilərin böyük hissəsi üzərində nəzarəti bərpa etdi.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər yenidən dayandırıldı, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirildi.

Bundan sonra orda minadan təmizləmə işlərinə, dağıdılmış infrastrukturun yenidən qurulmasına start verilib.

XS
SM
MD
LG