Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 19:31

Aclıq aksiyasının anatomiyası


Müasir tarixdə ilk böyük aclıq aksiyalarından birinin XIX əsrin sonlarında Rusiyada keçirildiyi düşünülür
Müasir tarixdə ilk böyük aclıq aksiyalarından birinin XIX əsrin sonlarında Rusiyada keçirildiyi düşünülür

2021-ci ilin mart-aprel aylarında rusiyalı müxalifət lideri Aleksey Navalnı həbsdə qeyri-adekvat tibb xidmətinə etiraz və öz həkiminin müayinəsi tələbi ilə 24 gün yeməkdən imtina etdi.

2019-cu ildə başqa bir siyasi fəal Lyubov Sobol özünün və digər fəalların Moskvada keçirilən yerli seçkilərdən kənarlaşdırılmasına etiraz edərək 32 günlük aclıq aksiyası keçirdi.

2018-ci ildə tanınmış ukraynalı kinorejissor Oleq Sentsov Rusiyada saxlanan siyasi məhbusların buraxılması tələbi ilə 145 gün qida qəbul etmədi.

Bəs görəsən, etirazçılar niyə öz həyatlarını təhlükəyə ataraq etiraz forması kimi aclıq aksiyasına üz tuturlar? Bu qədər uzun müddət kifayət qədər qidalı maddə qəbul edilməyəndə insan bədəninə nə olur? Rusiyada keçirildiyi düşünülən ilk böyük aclıq aksiyasına nə səbəb olub? Azad Avropa/Azadlıq Radiolarının əməkdaşı Kristina Foltinova bu haqda yazır.

Aclıq aksiyası nədir

Aclıq aksiyası qidadan imtina etməklə etiraz üsuludur. Çox vaxt bu üsula başqa etiraz formalarına əli çatmayanlar, adətən, məhbuslar üz tutur. Bu növ aksiya çox zaman həbsxana şərtlərinə etiraz, siyasi dəyişiklik, yaxud müəyyən bir məsələyə diqqət çəkmək məqsədi daşıyır.

Qidadan (yaxud həm qida, həm də mayedən) imtina etməklə etirazçılar öz həyatlarını təhlükə qarşısında qoyur, öz sağlamlıqlarını daimi zədə riski qarşısında qoyur, son nəticədə ölüm riski ilə üzləşirlər.

Aclıq aksiyası insan bədəninə nə edir

Uzun müddət qidadan imtina insan bədəninin əksər orqan və sistemlərinə təsir edir. Bu növ davranış əzələ zəifliyi, infeksiyalar qarşısında zəiflik, psixoloji problemlər və hətta orqanların fəaliyyətinin çatışmazlığına yol açır.

Aclıq aksiyasından əvvəl sağlam olan və maye qəbul edən etirazçının altı-səkkiz həftə ərzində ölüm riski ilə üz-üzə olduğu müəyyən edilib. Ancaq etirazçının ciddi xəstəliyi varsa, o, bundan daha tez, üç həftədən sonra da ölə bilər. Mayedən imtina etdikdə isə ölüm bir həftədən sonra da gələ bilər.

Əzələ kütləsinin itirilməsi ciddi amil olsa da, insan, adətən, infeksiya, yaxud orqan çatışmazlığından ölür. İnsanlar müəyyən şərtlərdə qidasız bir neçə həftə sağ qala bilsə də, cəmi iki-üç günə fiziki və mental pozuntular başlaya bilər. Karbohidrat çatışmazlığı səbəbindən bədən əsas enerji mənbəyi kimi yağ və zülal ehtiyatlarından istifadə etməyə başlayır. Bu, yağ və əzələ itkisinə yol açır. Elektrolitlərin səviyyəsi ciddi aşağı düşür. Bu isə bədəndə bir sıra funksiyaların pozulmasına yol aça bilər.

İki həftədən sonra insanda baş gicəllənməsi, zəiflik, koordinasiyanın pozulması, nəbzin zəifləməsi müşahidə olunur. Növbəti həftədə görmə qabiliyyətinin itirilməsi, yaxud başqa nevroloji problemlər yarana bilər.

…45 gündən sonra çox zaman infeksiya, yaxud ürək-damar fəaliyyətinin dayanması nəticəsində yüksək ölüm riski yaranır…

Rəsmilər aclıq aksiyasına necə reaksiya verir

…Hakimiyyət nümayəndələrinin aclıq aksiyası keçirən adamın ölməsini istəməməsinin bir neçə səbəbi var. Məsuliyyətli cəmiyyətin önlənəsi mümkün ölümə imkan verməyəcəyi gözlənilir. Buna görə rəsmilər cəmiyyətin, yaxud xarici qurumların təzyiqi ilə üzləşə bilərlər. Bundan başqa, onlar etirazçı ölərsə, qəhrəman, yaxud şəhid kimi qəbul ediləcəyindən qorxurlar.

Bu səbəbdən rəsmilər çox zaman etirazçıları məcburi qidalandırır, yaxud məcburi qidalandırma ilə hədələyirlər. Məcburi qidalandırma insanın iradəsinin əleyhinə həyata keçirilir. Bu zaman burundan mədəyə xüsusi boru daxil edilir. Məqsəd etirazçını ölməyə qoymamaq olsa da, bu, çox qəddar, qeyri-insani və ləyaqəti alçaldan bir əməl sayılır. Eyni zamanda, son dərəcə ağrılı olan bu prosedur ciddi qanaxma və başqa ağırlaşmalara yol aça bilər.

Yeni tarixdə aclıq aksiyaları

Müasir tarixdə ilk böyük aclıq aksiyalarından birinin XIX əsrin sonlarında Rusiyada keçirildiyi düşünülür.

Nyu-Yorkdakı Hemilton Kollecinin professoru Kevin Qrant 1878-ci ildə Sankt-Peterburqdakı Pyotr və Pavel qəsrində saxlanan siyasi məhbusların aclıq aksiyası haqda yazır. Məhbuslar qeyri-insani həbsxana şəraitinə etiraz edirmişlər.

Növbəti il Sibirdə saxlanan qadın siyasi məhbusların keçirdiyi aclıq aksiyası "Kara faciəsi" ilə nəticələnib. Etirazçıların bir neçəsi zəhər qəbul edərək həyatlarına son qoyublar. Az sonra həmin həbsxana bağlanıb.

Sonradan britaniyalı suffrajistlər (qadınlara kişilərlə bərabər seçki hüququ tələb edənlər) də o zaman mətbuatın "rus üsulu" adlandırdığı aclıq aksiyaları keçiriblər. İlk belə aksiya Merion Uolles Danlopun 1909-cu ildə keçirdiyi aclıq aksiyası olub. Onun həbsxanada ölə biləcəyindən və hərəkatın ictimaiyyət arasında daha böyük rəğbət qazanacağından ehtiyatlanan rəsmilər 91 saatdan sonra onu azad ediblər. Sonradan digər suffrajistlər də aclıq aksiyası keçirib. Onların bir qismi azad edilib, başqa bir qismi isə zorla qidalandırılıb.

Mahatma Qandi Hindistanda ingilis hökmranlığına qarşı bir neçə aclıq aksiyası keçirib. Onların ən uzunmüddətlisi 21 gün davam edib. İrlandiya Respublika Ordusunun (IRA) üzvü Bobbi Sends 1981-ci ildə 66 günlük aclıq aksiyası ilə öz həyatına son qoyub. Özünə qarşı cinayətkar kimi deyil, siyasi məhbus kimi davranılmasını tələb edirdi...

XS
SM
MD
LG