Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 19:21

İnsan aclıq etirazını nə qədər davam etdirə bilər?


Ukrayna rejissoru Oleh Sentsov-a həsr edilmiş plakat
Ukrayna rejissoru Oleh Sentsov-a həsr edilmiş plakat

BBC Rus xidmətinin müxbiri Darya Prokopik məhz belə bir suala cavab axtarıb. O yazır ki, Rusiya Federasiyasında 20 il müddətinə azadlıqdan məhrum edilmiş Ukrayna rejissoru Oleh Sentsov bütün ukraynalı siyasi məhbusların azad edilməsi tələbi ilə mayın 14-dən müddətsiz aclıq elan edib.

Krımda məhkum edilmiş Vladimir Balux aclığı 100 gündən çoxdur ki, davam etdirir.

1981-ci ildə Britaniya həbsxanasında irland məhbusların aclıq etirazı başlanmışdı. Onlardan 10-u aclığı 46 gündən 73 günədək tibbi müdaxilə olmadan davam etdirə bilmişdi. Qalanları tibbi yardım istəmişdilər.

Bəs görəsən insan orqanizmi nə qədər müddətdə ac qala bilər? Görəsən aclığın hansı müddətində insan orqanizmində geriyə dönməyən proseslər gedir? Belə bir rəy mövcuddur ki, insan, aclığı üç ayadək davam etdirə bilər. Lakin bir çox ekspertlərin fikrincə aclığın fəlakətlə nəticələnə biləcəyi dəqiq bir müddət müəyyən edilməyib.

Bugünlər Azərbaycanda bir sıra siyasi fəallar aclıq aksiyası keçirirlər
Bugünlər Azərbaycanda bir sıra siyasi fəallar aclıq aksiyası keçirirlər

2007-ci ildə Britaniya dövlət səhiyyəsi aclıq etirazı yolunu seçmiş insanlara qayğı barədə tövsiyələrini dərc edib. Bu tövsiyələrə görə insan 6-8 həftə ərzində orqanizminə ciddi ziyan dəymədən ac qala bilər. Xəstə insanların aclıq etirazı etməsi daha təhlükəlidir. Belələri üç həftə ərzində ölə bilər.

Alimlərin fikrincə mümkün və nisbətən təhlükəsiz aclığın müddəti insan bədəninin ehtiyatlarından asılıdır. Etiraza qədər normal qidalanmış insanlar daha uzun müddətdə ac qala bilərlər.

İnsanların orqanizmi bir birindən piy ehtiyatlarının həcmi ilə fərqlənir. Piy ehtiyatı müəyyən müddətdə orqanizmin ac qalmasına imkan yaradır. Aclıq aksiyası zamanı göstərilən tibbi xidmət – vitaminlərin, qlükoza və elektrolitlərin vurulması aclıq aksiyası zamanı qəfil ölümlərin və ya düzəlməz ziyanın qarşısını ala bilir.

Aclıq vaxtı orqanizmdə hansı proseslər gedir?

Hətta aclıq aksiyasının başa çatmasından sonra da insan orqanizminə dəyən ziyanı proqnozlaşdırmaq mümkün deyil.

Yetkin yaşlı insanın bədən temperaturunu, ürək döyüntüsünü və beyin fəaliyyətini saxlamaqüçün günə minimum 1200 kalori qəbul etməsi lazımdır. Daha 400 kalori insanın fiziki hərəkiliyinə lazım olur.

İranda siyasi məhbus Vahid Sayyadi Nasiri-nin həbsxanada keçirdiyi aclıq aksiyası kədərli bitib
İranda siyasi məhbus Vahid Sayyadi Nasiri-nin həbsxanada keçirdiyi aclıq aksiyası kədərli bitib

Lakin insan orqanizmi qısa müddətdə aclığa və daha uzun müddətdə natamam qidalanmaya hazırdır. İkinci Dünya Müharibəsi zamanı konsentrasiya düşərgələrində məhz bu baş verirdi. Hətta diabetə meylliyi müəyyən edən genlərin də qidasızlığa təkamül qaydasında uyğunlaşması mümkündür.

Aclıq və kalorilərin əsaslı çatışmazlığı orqanizmdə autofagiya – köhnə molekul və hüceyrə komponentlərinin təkrar emalı prosesinə start verir. Bu zaman hormonal dəyişilliklər sayəsində maddələr mübadiləsi xeyli yavaşıyır. Uzun müddət aclıq edən insanların vəziyyəti bir növ qış yuxusuna bənzəyir.

Bədənin öz ehtiyatları

Aclığın ilk günlərində maddələr mübadiləsi zülaldan qlükoza istehsal etməyə başlayır. Bu zaman əzələlərin ölçüsü azalır və arıqlama prosesi gedir. Buna elmi dildə qlükogenez deyilir. Bundan sonra piy toxuması enerjinin əsas mənbəyi olur.

Piydən ketonlar və ya qlükozanı əvəz edən “enerji valyutası” istehsal edilir. Bu prosesə isə alimlər ketogenez deyirlər. Bu çox mühüm prosesdir, çünki beyin enerji mənbəyi kimi yalnız qlükoza və ketonlardan istifadə edə bilir.

Lakin aclığın öhdəsindən gəlinməsi təkcə enerji ehtiyatlarından asılı deyil. Orqanizmə habelə vitaminlər, minerallar, yağ turşuları və əsasən bitki əsaslı müxtəlif kimyəvi birləşmələr lazımdır.

Aclığın sulu və quru aclıq kimi növləri var
Aclığın sulu və quru aclıq kimi növləri var

Uzun müddətdə aclıq, vitamin, mineral ehtiyatının tükənməsi, immun və əsəb sisteminin zəifləməsi ilə təhlükəlidir.

Bizim orqanizmimizdə dəmirin, A, D, E, C vitaminlərinin, fol turşusu və B12 vitamininin müəyyən ehtiyatları var. Onlar bizə bir neçə həftə, hətta aylar ərzində yetərlidir, lakin bundan sonra avitaminoz başlanır.

Məsələn C vitaminin çatışmazlığı sinqa xəstəliyinə səbəb olur. Bu xəstəlik zamanı damaqlar zəifləyir və qanayır, dişlər laxlamağa, kapilyarlar partlamağa başlayır.

Orqanizmimizdə ehtiyatı olmayan vitaminləri biz qidalanma vasitəsilə əldə edirik. Aclıq keçirənlər üçün son dərəcə mühüm olanı B1 və ya tiamin vitaminidir. Onun çatışmazlığı özünü aclığın artıq üçüncü həftəsində büruzə verir və əsəb sisteminə, düşünmə prosesinə problemlər yaradır, görmə və hərəkət qabiliyyəti itirilir.

Böyük piy ehtiyatı olan insanlar daha uzun müddət ac qala bilirlər. Çünki piy toxuması təkcə enerji yox, həm də piydə həll olunan vitaminlərin ehtiyatı deməkdir.

Aclıq aksiyasını dayandırmaq aksiyanın özü qədər çətindir

Əgər kişi bədəninin indeksi 13-dən, qadın bədəninin indeksi 11-dən aşağı düşərsə, insan üçün ölüm təhlükəsi yarana bilər. Bu zaman orqanizmdə geriyə dönməsi mümkün olmayan proses gedir. Məsələn insan suyu qurtumlamaq kimi sadə bir şeydə problemlə üzləşir. Bura eşitmə, görmə və tənəffüs qabiliyyətinin itirilməsi də daxildir.

Aclığın müddəti uzandıqca ürəyin dayanması və ya enerji çatışmazlığı ucbatından beynin zədələnməsi riski artır. Ehtiyatların tükənməsi bütün sistemlərdə hiss olunur.

Bizim sümüklərimiz kalsium anbarıdır. Qanın plazmasında kalsiumun miqdarı daim sabit olmalıdır. Buna görə də insan yeməkdən imtina etdikdə kalsiumu da qəbul etmir və onun sümüklərdəki ehtiyatı yeyilməyə başlayır, sümüklər kövrəkləşir və sınma təhlükəsi yaranır.

İmmun sisteminə gəlincə isə onun hüceyrələri məhz qlükozadan asılıdır. Buna görə də aclıq və ya karbohidratların uzun müddətdə qəbul edilməməsi immun sistemini zəif salır. Aclıq etirazı yolunu seçmiş insanlar yoluxucu xəstəliklər qarşısında daha kövrək olurlar.

Uzunmüddətli aclıq bağırsaq sistemi üçün də təhlükəlidir. Aclıq zamanı bağırsaqların mikroflorası dəyişir, onların hüceyrələri bağırsağın ölmüş hüceyrələri ilə qidalanmağa başlayır. Bağırsağın selikli qişası gec bərpa olunur və daha tez ölür.

Oleh Sentsov Rusiya Penitensiar Xidmətinin həkim müayinəsində
Oleh Sentsov Rusiya Penitensiar Xidmətinin həkim müayinəsində

Aclıq bədən temperaturunun tənzimlənməsi qabiliyyətini pozur. Bu, qalxanabənzər vəzdəki hormonların tükənməsi üzündən baş verir. Buna görə də aclıq aksiyası keçirən insanlar həm də həddən artıq soyuqlama riski ilə üzləşirlər.

Aclığın törətdiyi başqa fəsadlar baş gicəllənməsi, qarın nahiyəsində ağrılar, bədənin susuzlaması, ürək döyüntüsünün zəifləməsi, qanda kaliumun azalması, ürəyin dayanması riskinin artması şəklində üzə çıxır.

Aclıqdan çıxmağın özü də ağır prosesdir. Bu işlə mütləq mütəxəssis məşğul olmalıdır. Əks halda bədəndəki elektrolit balansında yaranmış tarazsızlıq ölümlə nəticələnə bilər.

Aclıqdan çıxan insanın ürək, əsəb, bağırsaq sistemləri tədricən normallaşmalıdır.

Aclıq etirazının müddəti uzandıqca, onun sağlamlıq üçün riski də artır.

Belə hallarda aclıq etirazçısının orqanizmini beyin və ürəyin işləməsi üçün zəruri vitamin və elektrolitlərlə təchiz edəcək qeyri-zorakı tibbi müdaxilə çox mühümdür.

XS
SM
MD
LG