Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:23

A.Bağırov: 'Kimi aldadırsınız, pozuntular göz önündədir'


A.Bağırov
A.Bağırov

Bir neçə ictimai-siyasi fəalın hüquqlarının müdafiəsinə qatılmış vəkillər – Elçin Sadıqov, Aqil Layıc indən belə fərdi qaydada fəaliyyət göstərə bilməyəcəklər. İradələrinə zidd olaraq, onlar müxtəlif vəkil bürolarına göndərilib. Təbii ki, sual doğur: «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanunun fərdi vəkilliyə imkan verən 5-ci maddəsi qüvvədə olduğu halda, Vəkillər Kollegiyasının rəhbərliyi hansı əsasla belə qərar verib? Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov AzadlıqRadiosuna müsahibəsində həmin vəkillərin özlərini qanunu pozmaqda suçlayıb:

- Mən Kollegiyanın sədri seçiləndən sonra araşdırmağa başladım. Məlum oldu ki, fərdi qaydada fəaliyyət göstərən vəkillərin çoxu qanunla üzərinə düşən vəzifəni yerinə yetirmir. «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanuna görə, vəkillər hər ay gəlirlərinin iki faizini vəkillərin sığorta fonduna ödəməlidir. Vəkil hansısa vətəndaşa ziyan vursa və ödəməyə imkanı çatmasa, o, fondun hesabına ödənilməlidir. Bu, həm vətəndaş üçün zəmanətdir, həm də dünya praktikasında, hüquq şirkətlərində də var. Komissiya yaradıb araşdırma aparanda məlum oldu ki, fərdi vəkillərin əksəriyyəti qanunun bu tələbinə əməl etmir. Həmin vəkillər dəvət olundu, onlardan soruşuldu ki, niyə ödəmirsiniz? Onların vəsaiti ödəyib, pozuntunu aradan qaldırmağa yetərincə vaxtları vardı, amma eləmədilər. Məsələn, Aqil Layıc niyə o pulu ödəməməlidir? Elçin Sadıqovda da müəyyən pozuntular vardı. Düzdür, o, bu gün (iyulun 18-də-red.) gəlib mənimlə görüşdü, borcu ödəyib. Ancaq bunu əvvəldən eləmək lazım idi.

- Fərdi vəkillərin sayını bilmək olar?

- Təxminən 240 nəfər. Rəyasət Heyətində bu məsələ müzakirə olunanda bürolara keçirilən fərdi vəkillərin əksəriyyəti razılıq verdi. Bir-iki nəfər narazı qalıb. Narazılıq eləyənlər reyestrdə göstərilən rayonlarda fəaliyyət göstərmirlər, orada ofisləri yoxdur. Aqil Layıc Balakən vəkili gedir, Elçin Sadıqov Göygöl. Amma Bakıda fəaliyyət göstərirlər. Regionlarda dövlət hesabına hüquqi xidmət göstərmək üçün vəkil çatışmır. Bu vəkillər də dövlət hesabına, təyinatla hüquqi yardım göstərmirlər. Axı siz olduğunuz rayonlarda aztəminatlı adamlara bir dəfə də təyinatla işlərə çıxmamısız, kimi aldadırsınız? Pozuntular göz önündədir. Biz sərt cəza da tətbiq edib, onların vəkillik fəaliyyətinə xitam verə bilərdik. Buna hüququmuz vardı. Qanunu pozan adama harada «sağ ol» deyirlər? Biz humanistlik elədik. Vaxtilə öz qərarımızla fərdi vəkil kimi fəaliyyət göstərməyə icazə vermişik, indi də bu qərarı ləğv edirik. Təkcə bu iki nəfər deyil, təxminən 18 fərdi vəkil barədə büroya göndərilmə qərarı verilib.

- Niyə məhz 18 nəfər? Axı fərdi vəkil fəaliyyəti göstərənlərin 240 nəfər olduğunu söylədiniz.

- Hələ Şəki və Gəncə bölgəsiylə bağlı addımlar atılıb. Harada yoxlama başa çatıb, rəylər hazırdırsa, ora barədə qərar vermişik. Mərhələ-mərhələ proses gedir. Həm də o rayonlarda ki fərdi vəkil qanunu pozmayıb, öhdəliyini yerinə yetirib, bizim onlarla nə işimiz var?

- Qanunun fərdi vəkilliyə icazə verən norması qüvvədən düşməyib. Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı qanundan üstün ola bilərmi?

- Fərdi vəkillik xaotik, özbaşına qaydada həyata keçirilmir, axı. Bu halda da qanunun tələblərinə əməl olunmalıdır. Fərdi vəkilliyin, vəkil qurumlarının fəaliyyətiylə bağlı Rəyasət Heyətinin qərarlarında tələblər göstərilib. Standartı biz müəyyən edirik. Vəkil gedib zirzəmidə vətəndaşı qəbul edə bilməz ki...

- Fərdi vəkilliyin ləğvinin aztəminatlı vətəndaşlara da ziyanı olacağı bildirilir. Axı fərdi vəkil istədiyi məbləğə müqavilə bağlaya, hətta pulsuz hüquqi yardım göstərə bilər. Amma büroda durum fərqlidir. Bürolarda müştəri ilə müqavilə üçün minimal hədd nə qədərdir?

- Elə bir hədd yoxdur. Qanun da deyir ki, vəkil istədiyi məbləğə razılaşıb vətəndaşla müqavilə bağlaya bilər. Bununla bağlı, bir dəfə də olsun, problem yaşanmayıb. Rəyasət Heyəti olaraq, biz heç vaxt məbləğ və ya minimal hədlə bağlı tələb qoymamışıq. İstədiyimiz alınan məbləğin müqavilədə tam göstərilməsi olub.

XS
SM
MD
LG