Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:23

Vladimir Putinin 25 illik hakimiyyətinin ölümcül dönüş nöqtələri


Vladimir Putin
Vladimir Putin

Düz 25 il öncə – 1999-cu il avqustun 9-da, Rusiya prezidenti Boris Yeltsin Vladimir Putini baş nazir təyin edərək, o zaman hələ az tanınan keçmiş KQB əməkdaşını öz varisi seçib. O, rusiyalıları növbəti il keçiriləcək prezident seçkilərində ona səs verməyə də çağırıb.

O zamandan bəri Putin prezident, ya da baş nazir olub. O, səkkiz illik prezidentlikdən sonra konstitusiyanın qoyduğu qaydanı pozmamaq üçün 2008-2012-ci illərdə ölkənin ikinci ən böyük vəzifəsini tutub. Ancaq sonradan yeni konstitusiya düzəlişi ilə həmin maneəni aradan qaldırıb və bu ilin martında yenidən altı illiyinə prezident seçilib. Üstəlik, 2030-cu ildə yenidən prezidentliyə namizədlik vermək hüququnu da özünə təmin edib.

Putin və Yeltsin
Putin və Yeltsin

2022-ci ilin fevralında Ukraynaya qarşı başladılan, hələ də sürən və sonu görünməyən tammiqyaslı savaş və onun gətirdiyi kütləvi ölüm və dağıntılar Putinin hakimiyyəti dövrünün ən bariz təcəssümüdür.

II Dünya Müharibəsindən bəri Avropada baş verən ən genişmiqyaslı savaşda yüz minlərlə əsgər və mülki şəxs öldürülüb, milyonlarla ukraynalı yer-yurdundan didərgin düşüb. Yüz minlərlə rusiyalı orduya çağrılmaqdan yayınmaq, yaxud savaşa etirazını bildirmək üçün öz ölkəsini tərk edib.

Müharibə Putinin fərqli düşünənlərə, müstəqil media və vətəndaş fəallarına qarşı təqiblərini də gücləndirib. Savaş məktəb və mədəni qurumlarda şovinist təbliğat və təlqini gücləndirmək, eləcə də qarşıdakı illərdə Rusiyanın getdiyi istiqaməti təyin edə biləcək qəddar qanunların qəbulu üçün bəhanə rolunu oynayıb.

Miqyası digər hadisələrdən qat-qat böyük olsa da, bu müharibə Putin çağını səciyyələndirən çox sayda qanlı olaydan yalnız biridir. AzadlıqRadiosunun əməkdaşı Robert Koulson (Robert Coalson) öz məqaləsində Putin dövrünün ən ciddi sonuclar doğuran hadisələrini gözdən keçirib.

Yaşayış binalarının partladılması

Putin baş nazir təyin ediləndən heç bir ay ötməmiş, 300-dən çox insanın ölümünə və minədək adamın yaralanmasına səbəb olan partlayışlar Rusiyanı titrətdi. Hökumət yaşayış binalarının partladılmasında çeçen döyüşçüləri ittiham etdi. Ancaq bu hadisələrə görə heç kim məsuliyyəti öz üzərinə götürməmişdi.

Axı, partlayışları törədənlər hansı yollasa bir neçə ton partlayıcı maddəni əldə edərək, ölkənin müxtəlif şəhərlərinə daşıya və onu binaları uçuracaq şəkildə peşəkarcasına yerləşdirə bilmişdilər. Üstəlik, sentyabrın 22-də qəribə bir insidentin gedişində Ryazan şəhərində bir yaşayış binasından şübhəli cihaz tapılaraq məhv edilmiş, yerli polis üç FSB əməkdaşını həbs etmişdi. FSB-nin Direktoru Nikolay Patruşev sonradan bunun antiterror təlim əməliyyatı olduğunu desə də, bu sual bugünədək açıq qalmaqdadır.

Nikolay Patruşev
Nikolay Patruşev

Bu partlayışları müstəqil araşdırmağa çalışan bir neçə şəxs, o cümlədən keçmiş FSB zabiti Aleksandr Litvinenko və Dövlət Dumasının deputatları Yuriy ŞekoçixinSergey Yuşenkov qarşıdakı illər ərzində qətlə yetiriliblər. İlk partlayışdan 20 gün sonra Putin ölkəni bürümüş qorxu və qəzəb fonunda İkinci Çeçen Savaşını başladıb.

İkinci Çeçen Savaşı

İkinci Çeçen Savaşı 2000-ci ilin aprelində sona çatsa da, fövqəladə vəziyyət 2009-cu ilin aprelinədək sürdü.

Müxtəlif hesablamalara görə, bu amansız müharibədə təxminən 50 mindən 80 minədək mülki şəxs və əsgər öldürülüb. Amnesty International 2007-ci ildə yaydığı hesabatında 25 minədək mülki şəxsin öldüyünü, yüzlərlə insanın itkin düşdüyünü yazmışdı. Əsgər Anaları Komitəsi adlı müstəqil qurum 2005-ci ildə 14 minədək rus əsgərinin öldüyünü hesablamışdı. Çeçen qaynaqlarında isə bu rəqəmlər bundan xeyli yüksək göstərilib.

Çeçenistan referenduma hazırlaşır, 2003-cü il
Çeçenistan referenduma hazırlaşır, 2003-cü il

Müharibə Putinin keçmiş separatçı döyüşçü Ramzan Kadırovu regionun rəhbəri təyin etməsinə imkan yaratdı. O, 2007-ci ildən bəri bu vəzifəni tutur. O zamandan bəri fəallar, jurnalistlər və qurbanlar onun geniş yayılmış insan haqları pozuntularına yol verməsi haqda çox sayda dəlillər gətiriblər. Bu əməllər arasında Rusiyanın daxilində və xaricində törədilən qətllər, insanların oğurlanması, yoxa çıxması, işgəncələrə məruz qoyulması və LGBT icmasının təqibi də var. Putin Kadırovu dəstəkləməyə davam edib və hökumət heç vaxt ona qarşı iddiaları araşdırmayıb. Bu müharibə eyni zamanda Putinin Rusiyanın federalizmini demontaj edərək öz “hakimiyyət şaqulunu” yaratmasının başlanğıcı olub.

“Kursk”un batması

2000-ci il avqustun 12-də - Rusiyanın son on ildə ilk dəniz təlimləri zamanı, “Kursk” nüvə sualtı qayığı partlayış nəticəsində batıb. Gəmidə olan 118 dənizçinin hamısı ölüb. Ancaq ilkin partlayışlardan sonra onlardan 23 nəfər sağ qalsa da, qarşıdakı təxminən 6 saatlıq zaman içində həlak olub.

O zaman Putini çoxları tənqid edirdi. Onu dövlət televiziyasında da tənqid edirdilər, böhran zamanı Soçidə məzuniyyətini sürdürdüyü üçün hökumət rəsmiləri və qurbanların yaxınları da. Rusiya ordusu və hökuməti də böhranın ilkin fazasında xarici köməkdən boyun qaçırdığı üçün tənqid edilirdi.

Bu olaydan sonra Putin Rusiya mediasını nəzarət altına almağa başladı. 2001-ci ilin ortalarınadək bir zamanlar itaətsiz NTV de fakto dövlət nəzarətinə keçirildi. Maqnatların nəzarət etdiyi ORT telekanalı isə 2002-ci ildə dövlətin nəzarət etdiyi Birinci Kanala çevrildi.

“Nord-Ost” girov böhranı

2002-ci il oktyabrın 23-də 50-yə yaxın çeçen silahlısı “Nord-Ost” müziklinin nümayişi zamanı Moskvadakı “Dubrovka” teatrına daxil olaraq, yüzlərlə insanı 57 saat girov saxladı. Çeçen silahlıları Rusiya ordusunun Çeçenistandan çıxarılmasını tələb edirdilər. Hadisə zamanı tanınmış siyasətçilər və mədəniyyət xadimləri silahlılarla danışıqlar apararaq, 912 girovun 300-nün azad edilməsinə nail olmuşdular.

Nord-Ost qurbanları
Nord-Ost qurbanları

Oktyabrın 26-da səhərin erkən saatlarında xüsusi qüvvələr teatrı mənşəyi məlum olmayan aerozol anestetiklə doldurduqdan sonra teatra daxil olublar. Sonradan Rusiyanın səhiyyə naziri həmin kimyəvi maddənin fentanil adlı opioid əsaslı qaz olduğunu demişdi. Putin hökuməti reyd zamanı 132 girovun və 40 terrorçunun öldürüldüyünü elan etmişdi. Ancaq müstəqil mənbələr 200-dək girovun bayılmış halda binadan çıxarıldıqdan sonra gərəkli qayğı görmədiyindən öldüyünü bildirmişdi. Moskva səhiyyə idarəsinin bir əməkdaşı sonradan yalnız bir girovun güllə yarasından öldüyünü demişdi.

O zaman hökumət girovları qazın təsirlərindən müalicə etməyə hazırlaşmadığı üçün geniş tənqid edilirdi. Güvənlik orqanlarının bir avtobusla dolu ağır silahlanmış terrorçunun yaxalanmadan paytaxta girməsinə yol açan bacarıqsızlığı da tənqid hədəfindəydi.

Beslanda məktəb atışması

2004-cü il sentyabrın 1-də – yeni dərs ilinin ilk günündə, Şimali Osetiyanın Beslan şəhərində 30 nəfər orta məktəbi ələ keçirərək, şagird, valideyn və məktəb əməkdaşları da daxil, 1100 nəfəri girov götürdü. Girovların çoxu çox isti və basırıq idman zalında 52 saatdan çox saxlanıb.

Sentyabrın 3-də, günortadan az sonra, azı, iki partlayış baş verib və binanın damında atəş açılıb. Atışma başlayıb və Rusiya güvənlik qüvvələri binaya hücum edib. Bir neçə saatlıq aramsız döyüşlərdən sonra silahlıların yarıya qədəri qaça bilib.

Beslan faciəsi
Beslan faciəsi

Sentyabrın 4-də Putin əraziyə qısa səfərə çıxaraq, qurbanların ailələri ilə görüşüb. Dövlət qurumları 186-sı uşaq olan 334 girovun öldürüldüyünü bildirib.

Məqalədə daha sonra keçmiş FSB zabiti, Kremlin tənqidçisi, Putini “mafiya dövləti” yaratmaqda suçlayan və Rusiya güvənlik qurumunu 1999-cu ildə yaşayış binalarının partladılmasına görə ittiham edən və bu mövzuda iki kitab yazan Aleksandr Litvinenkonun polonium-210 radioaktiv maddəsi ilə zəhərlənməsindən və tanınmış araşdırmaçı jurnalist Anna Politkovskayanın 2006-cı ilin oktyabrında, Putinin doğum günündə qətlə yetirilməsindən söz açılır.

2009-cu ilin noyabrında vəkil Sergey Maqnitski tərəfdarlarının işgəncəyə bərabər adlandırdığı şərtlərdə aylarla saxlandığı həbsxanada həyatını itirib.

2012-ci ildə ABŞ Konqresi məşhur Maqnitski Aktını qəbul edib. Bu qanun insan haqlarını pozduğuna inanılan Rusiya rəsmilərinə qarşı sanksiyaların tətbiq edilməsinə icazə verir. Avropa İttifaqı və bir neçə ölkə də buna bənzər qanunlar qəbul edib. Maqnitskinin ölümü Rusiyanın Qərblə münasibətlərinin korlanmasında dönüş nöqtəsi kimi görülür.

Malayziya Hava Yollarının MH-17 reysi ilə uçan təyyarənin qalıqları
Malayziya Hava Yollarının MH-17 reysi ilə uçan təyyarənin qalıqları

Putinin hakimiyyəti dövründə baş verən və ciddi nəticələri olan olaylar arasında 2014-cü il iyulun 17-də Malayziya Hava Yollarının MH-17 reysi ilə uçan təyyarəsini Ukraynanın şərqində separatçı qüvvələrin yerə salması, nəticədə 298 nəfər sərnişin və heyət üzvünün həlak olması da var.

Bütün bunlardan başqa 2015-ci il fevralın 27-də tanınmış müxalif siyasətçi Boris Nemtsov qətlə yetirilib; müxalifət lideri Aleksey Navalnı 2023-cü ilin noyabrında Arktikada saxlandığı ucqar həbsxanada vəfat edib, qiyam edən vaqnerçilərin lideri Yevgeni Priqojin ötən ilin avqustunda təyyarə qəzasında ölüb. Bu ilin martında isə “Krokus Siti” konsert məkanına silahlı şəxslərin hücumunda 145 nəfər həlak olub.

XS
SM
MD
LG