Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:53

Hökumət etirazın zəiflədiyini bildirir, keşiş Qalstanyan isə müxalifət liderlərini qınayır


Arxiyepiskop Baqrat Qalstanyan
Arxiyepiskop Baqrat Qalstanyan

Ermənistan baş naziri Nikol Paşinyanın administrasiyasının rəhbəri Arayik Arutyunyanın fikrincə keşiş Baqratın hərəkatı getdikcə “öləziyir”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun “bunu nədən bilir” sualına cavab olaraq Arutyunyan bildirib ki, o bu qiymətləndirməni siyasi təcrübəsi və bugün baş verənləri müşahidə etməsi əsasında verir.

O qeyd edib ki, “çox vaxt liderlər özlərini dalana salırlar”.

Arutyunyan hakimiyyətin keşiş Baqrat Qalstanyanla dialoqa girməsinin mümkün olub-olmadığına dair suala cavab verərkən deyib ki, hər hansı hökumət təsisatına "hədə və yumruqla gələnlərin" müsbət cavab alacağına inanmaq çətindir:

“Əgər görüş istənirsə, müvafiq idarələrin nümayəndələri etirazçılara bunu hansı qayda ilə edə biləcəklərini izah ediblər”.

Bundan əvvəl Ermənistanın daxili və xarici işlər nazirləri, habelə baş prokuror Baqrat Qalstanyanla görüşməkdən imtina ediblər. Arxiyepiskop onların etirazçıların qarşısına çıxmalarını tələb etmişdi. Amma rəsmilər keşişi yalnız kabinetlərində qəbul edə biləcəklərini demişdilər.

“Əgər katolikos üzərinə siyasi liderlik götürürsə...”

Azatutyun yazır ki, Milli Məclisin iyunun 3-də keçirilən sessiyasında müxalifət deputatı Artsvik Minasyanın sualına cavab verən Arutyunyan deyib ki, “öləziyən hərəkatın” təbliğatında iştirak etmək niyyətində deyil.

Minasyan sualında Erməni Kİlsəsinin başçısı – katolikos II Qaregenin mayın 28-də Sərdarabad kompleksinə niyə dərhal buraxılmadığı məsələsi qaldırmışdı.

Minasyan iddia edib ki, Erməni Kilsəsinin başçısı istəsə hökumət binasına da daxil ola bilər.

Müxalifətçinin bu iddiasına cavab olaraq Arutyunyan deyib:

"Erməni Həvari Kilsəsi üzərinə siyasi prosesinin liderliyini götürürsə, hökumət də bu struktura (kilsəyə-red) uyğun siyasi alətlərdən istifadə edir... Əgər katolikos öz üzərinə siyasi hərəkatın liderliyini götürübsə, bu hərəkatın iştirakçıları isə ictimai asayişi pozurlarsa, polisi və müxtəlif qurumları təhdid edirlərsə, mayın 28-də təhlükəsizlik qurumları müvafiq münasibət göstərməli, gələnlərin təxribat məqsədilə gəlib-gəlmədiklərini öyrənməliydi”.

Mayın 28-də II Qaregin və əshabələri Müstəqillik Gününü qeyd etmək üçün Yerevan yaxınlığındakı Sərdarabad abidəsinə gül-çiçək əklilləri qoymağa və dualar etməyə gəlmişdilər.

Lakin hazırkı vəziyyətin mürəkkəb olduğunu nəzərə alan polis kilsə nümayəndələrinin qabağını kəsib və onlar gəlişlərinin məqsədi barədə təfərrüatlı məlumat verəndən sonra kompleksə buraxılıblar.

Azatutyun yazır ki, bütün ermənilərin katolikosuna qarşı polisin belə hərəkətləri Eçmiadzin və əksər diaspora kilsələrində pislənib. Müxalifət liderləri də II Qareginə qarşı belə hərəkətlərə görə Nikol Paşinyanı ittiham ediblər.

Nikol Paşinyan mayın 29-da bundan bir gün əvvəl polis zabitlərinin Erməni Kilsəsinin rəhbəri – katolikos II Qareginin və onu müşayiət edən ruhani xadimlərin Sərdarabad xatirə kompleksinə girişinə mane olmalarına haqq qazandırmışdı.

Keşiş Qalstanyan müxalifət liderlərini tənqid edir

Bu arada keşiş Baqrat Qalstanyan siyasi qüvvələri hökumətə qarşı mübarizədə ya “gözə görünməyə”, ya da bu hərəkatla bağlılıqlarının olmadığını açıq bəyan etməyə çağırıb.

Azatutyun yazır ki, arxiyepiskopun hansı qüvvələri nəzərdə tutduğu məlum deyil. Üstəlik də istər keçmiş prezident Robert Koçaryana, istərsə də digər keçmiş prezident Serj Sarkiyana aid fraksiyaların bəzi deputat üzvləri küçə yürüşlərinə qatılırlar.

Azatutyun ehtimal edir ki, Qalstanyan ad çəkməsə də məhz fraksiya liderlərini nəzərdə tutur.

Arxiyepiskop gileylənib ki, o həm parlament, həm də qeyri-parlament müxalifətinin liderləri ilə dəfələrlə görüşüb və onlar hərəkatla həmrəylik bildiriblər:

"Onların hamısı hərəkatla həmrəy olduğunu bildirmişdi, elə deyilmi? İndi mən soruşuram: nə dərəcədə həmrəydirlər? Bu sadə bir sualdır. Bu necə olur ki, mən həmrəylik bildirirəm, həm də bura (etiraz aksiyasına-red) gəlmirəm?”

Bundan əvvəl demək olar bütün müxalifət partiyaları arxiyepiskopun hərəkatına dəstək bildirmişdilər. Qalstanyan gileylənib ki, müxalifət konkret hərəkətlərdə iştirak etmir:

"Bunlar guya iştirakçıdırlar? Onlar küçələri bağlamaq istəmirlərsə, qoy onda başqa bir iş görsünlər...Onlar baş verən qanunsuzluğu görürlər. Heç olmasa polis zorakılığına reaksiya versinlər, bu hərəkətləri pisləsinlər”.

Bundan əvvəl

Mayın 15-də Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin müəyyən edilməsi və təhlükəsizliyi məsələləri üzrə komissiyalarının doqquzuncu görüşü keçirilib.

Görüşün yekunu olaraq müvafiq protokol imzalandığı qeyd olunurdu.

Daha sonra bu razılaşmaya əsasən sərhədin delimitasiyasına və sərhəd dirəklərinin basdırılmasına başlanıb.

Razılaşmaya uyğun olaraq Ermənistan silahlı qüvvələri Qazax rayonunun işğal olunmuş dörd kəndindən geri çəkilib və onların mövqelərini Azərbaycan sərhədçiləri tutub.

Erməni Kilsəsi və onun başçısı – katolikos II Qaregin mayın 7-də baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazlara rəsmən xeyir-dua verib.

Bu etiraz Azərbaycanla həmsərhəd Tavuş mərzindən başlanıb. Buradakı bir neçə sərhədyanı kənd – xüsusilə də Kirants kəndinin bəzi sakinləri Azərbaycan-Ermənistan sərhədinin demarkasiyasına və nəticədə Azərbaycanın Qazax rayonuna aid dörd kəndin Bakının nəzarətinə qaytarılmasına etiraz edirdilər.

Erməni Kilsəsinin ruhaniləri və müxalifət nümayəndələri etirazçılara qoşulmuşdular.

Parlamentdəki müxalifət Nikol Paşinyanın impiçmenti proseduruna hazırlıq görüldüyünü bildirmişdi. Amma onların bu prosedura başlamaq üçün parlamentdə kifayət qədər mandatı yoxdur.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG