Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:47

Bəxtiyar Hacıyev: 'Ölkə başçısı məmurlarla mənə xəbər göndərdi ki, Praqadan qayıdım...'


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

Həbsdə olan siyasi fəal Bəxtiyar Hacıyev deyir ki, təxminən 10 il öncə xaricdə olarkən, ölkə başçısı İlham Əliyev ona xəbər göndərib və Bakıya gəlməsini istəyib. O, bu barədə aprelin 5-də öz məhkəməsində danışıb.

"2013-cü ildə mən Praqaya getmişdim, orada yaşamaq qərarı vermişdim. İşlərimi, şəxsi həyatımı orada qurmaq istəyirdim. Ölkə başçısı müəyyən məmurlar vasitəsilə mənə xəbər göndərdi ki, Bakıya qayıdım, burada hansısa işlər görüm. Mən də razılıq verib qayıtdım. Kaş gəlməyəydim... Gəldiyimə də peşman oldum" - B.Hacıyev məhkəmədə sualları cavablandırarkən belə deyib.

Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. B.Hacıyev ötən məhkəmə iclaslarında ifadə verdiyindən, hazırda sualların cavablandırılması mərhələsidir.

"Təqsirsiz olduğumu hüquqi arqumentlərlə sübut eləməkdən yorulmuşam"

O özü haqqında cinayət işini və məhkəməsini “siyasi proses” adlandıraraq, həbsinin hüquqi yox, siyasi məsələ olduğunu vurğulayıb. Ona görə də hüquqi sualları deyil, siyasi sualları cavablandıracağını söyləyib: "Mən təqsirsiz olduğumu hüquqi arqumentlərlə sübut eləməkdən yorulmuşam. Bu barədə yetərincə danışmışam. Bu cinayət işi saxta, qondarma, primitiv şəkildə hazırlanıb".

Cinayət işində xaricdəki donor təşkilatlardan qrant alınmasından, vəsaitlərin Gürcüstandan gizli şəkildə ölkəyə gətirilməsindən bəhs edilir. İctimai fəal vəkilinin suallarını cavablandırarkən deyib ki, Gürcüstanda bank hesabı olmayıb. Bu, Gürcüstan tərəfinin Azərbaycana cavab məktubunda da əksini tapıb: "Desinlər ki, mən konkret nə vaxt, harada qaçaqmalçılıq eləmişəm? Cinayət işində bu barədə heç nə yoxdur".

Pişik məsələsi

B.Hacıyevə qarşı ittihamlardan biri də bloger Ülviyyə Muradova (Alovlu) ilə aralarındakı insidentlə bağlıdır. Onların arasındakı mübahisə sonradan məhkəmə müstəvisinə çıxıb. İddia olunur ki, məhkəmədə B.Hacıyev onu təhqir edib, vurub və s.

İddiaya görə, onların arasındakı mübahisə pişiklərə görə yaranıb. Hakim Əli Məmmədov da ona bu barədə suallar verib.

B.Hacıyevin fikrincə, bu hadisə Daxili İşlər Nazirliyinin onun üçün qurduğu təxribatdər və Ü.Alovlu da planın tərkib hissəsi kimi onu icra edib: "Baş verənlər məni təxribata çəkmək üçün əməliyyat tapşırığı olub. Bu planın məqsədi həm də məni qadına qarşı zorakılıq edən biri kimi təqdim etmək idi. Ülviyyə Alovlu dövlət orqanlarına müraciətlərində də pişik məsələsini önə çəkirdi".

İctimai fəal pişik balasına görə aralarında yaranmış mübahisə haqda da danışıb: "Mən burada siyasi məsələlər haqda danışmağa başlayan kimi, sözümü kəsirsiz. Amma bayaqdan pişikdən danışıram, heç nə demirsiz. Bu iş bu qədər qeyri-ciddi işdir".

Xatırlatma

B.Hacıyev 2022-ci il dekabrın 9-dan həbsdədir. Həbs olunanda ona Cinayət Məcəlləsinin 221.2.2-ci (vəzifəsini yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham verilmişdi. Bu ittihamlarda söhbət Yasamal rayon Məhkəməsindəki zallardan birində onunla bloger Ülviyyə Alovlu arasındakı qalmaqaldan bəhs edilmişdi.

İstintaqın gedişində B.Hacıyevə qarşı qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılması, qaçaqmalçılıq, saxta sənədlərdən istifadə, vergidən yayınma və s. əlavə ittihamlar irəli sürülüb.

Özünü təqsirli bilməyən ictimai fəal bütün bu ittihamları əsassız saydığını, Daxili İşlər naziri Vilayət Eyvazovun ünvanına tənqidlərinə görə onun sifarişiylə həbs olunduğunu iddia edir.

B.Hacıyevə verilən ittihamlarda 12 ilədək həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG