Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:29

'Deyilmişdi ki, ikitərəfli danışıqlar olmalıdır, digər tərəfdən də deyirlər ki, Rusiya olmalıdır'


Kollaj: Putin, Əliyev və Paşinyan
Kollaj: Putin, Əliyev və Paşinyan

“Azərbaycan Rusiya platformasında Ermənistanla sülh sazişi imzalamağa hazırdır və bu, faktdır. Yerevanın buna nə dərəcədə hazır olduğu hələ məlum deyil.”

Bunu yanvarın 18-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov illik mətbuat konfransında deyib.O, əlavə edib ki, Moskvanın vasitəçiliyi ilə Bakı ilə Yerevan arasında razılaşmaların əldə olunmasında əsas maneə Qərbdir.

Bir müddətdir rəsmi Bakı Ermənistanla ikitərəfli danışıqların tərəfdarı olduğunu bildirir və bu yöndə Yerevana təklif göndərib. Rəsmi Yerevan buna, hələlik, qəti cavab verməyib. Amma buna qədər rəsmi Bakı Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlarda iki görüşdən imtina edib.

Azərbaycan hakimiyyəti buna səbəb kimi həmin formatda aparılan danışıqlarda başda Fransa olmaqla bəzi vasitəçi ölkələri Ermənistanı müdafiə etməkdə, birtərəfli mövqe nümayiş etdirməkdə günahlandırıb. Halbuki, həmin ölkələrin rəsmiləri belə fikirləri əsaslı saymırlar.

“Azərbaycana sülh sazişini harada imzalamağa fərq yoxdur”

Sergey Lavrovun bu dediklərinə isə, hələlik, Azərbaycan Xarici İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb. Amma Milli Məclisin deputatı Asim Mollazadə “Turan” Agentliyinə bildirib ki, Sergey Lavrov çox vaxt özünə lazım olan sözləri ifadə edir və bəzi hallarda dedikləri gerçək olmur:

“Lakin bu məsələ ilə bağlı düşünürəm ki, Azərbaycana sülh sazişini harada imzalamağa fərq yoxdur. Sülh sazişi imzalanmalıdır. Ən yaxşı variantı Azərbaycan təklif elədi, dedi ki, gəlin sərhəddə imzalayaq, heç kəs başqa lazım deyil. Amma Ermənistana kimsə lazımdır”.

Deputatın sözlərinə görə, Ermənistanın Rusiyadan imtina etməsi bir bəhanədir:

“Ermənistan rəsmən Rusiyanın hərbi müttəfiqidir, onunla eyni iqtisadi blokun üzvüdür və çox ciddi əməkdaşlıq edir.”

Onun fikrincə, sadəcə Ermənistan hər şeyi edir ki, sülh sazişi imzalamasın.

A.Mollazadənin deməsinə görə, bunun səbəbi odur ki, Ermənistan rəhbərliyi sazişi imzalamağa qorxur:

“Öz müxalifətindən qorxur, diasporadan qorxur, elə həmin Rusiyadan qorxur. Ona görə də Ermənistan hər dəfə min cür yalan danışır və bu yalanlar fərqli auditoriyaya hesablanıb. Vaşinqtonda bir yalan, Brüsseldə başqa yalan, Moskvada isə tamam başqa yalan danışır”.

““Böyük qardaşa” əlvida çoxdan demişik”

O, qeyd edib ki, Rusiya Azərbaycanın qonşu ölkəsidir və Azərbaycan öz şimal qonşusu ilə normal münasibətlər saxlayır:

“Azərbaycanın məqsədi bütün qonşularla real, qarşılıqlı maraqlar üzərində münasibətlərdir. Rusiya ilə də biz qarşılıqlı maraqlar üzərində münasibətlərimizi qoruyub saxlayırıq. Azərbaycan öz təhlükəsizliyinin qarantı elə özüdür və bunu 30 il ərzində sübut etdi. Biz artıq “böyük qardaşa” əlvida çoxdan demişik, bizə yeni “böyük qardaşlar” lazım deyil”.

Ermənistan əksini deyir...

Amma Ermənistanda başqa fikirlər səslənir. Bu ölkənin baş naziri Nikol Paşinyan yanvarın 17-də parlamentdə müxalifətin iddialarını cavablayarkən deyib ki, Azərbaycanın sülhə sadiq qaldığına ümid edir.“Məsələn, əgər Azərbaycan sülh gündəmindən uzaqlaşsa, bu o demək deyil ki, biz də onu tərk etməliyik”, deyə o vurğulayıb.

Paşinyan ötən ilin mayında Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyanda müxalifətin kəskin qınağıyla üzləşib. Müxalifət liderləri deyirlər ki, bu siyasi dəyişiklik Azərbaycanın sentyabrın 19-20-də Qarabağda hərbi əməliyyatlarına və ermənilərin Ermənistana kütləvi axınına yol açdı. Paşinyanın siyasi müttəfiqləri isə bu iddiaları rədd edir.

“Əliyev açıq şəkildə ona eyham vurdu ki, vasitəçi Rusiyadır”

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev S.Lavrovdan qabaq yanvarın 11-də jurnalistlərə müsahibəsində məsələyə münasibət bildirib:

“İlham Əliyev dedi ki, biz Rusiyaya güvənirik, onlar “Zəngəzur” ( Ermənistanın Sünük bölgəsindən keçəcəyi gözlənilən yol) kommunikasiyasında olmalıdılar və 10 noyabr bəyanatında hansısa başqa ölkənin yox, məhz Rusiyanın imzası durur. Bununla da açıq şəkildə ona eyham vurdu ki, vasitəçi Rusiyadır”.

Ekspertin fikrincə, bununla da əvvəlki ikitərəfli danışıqlara aid bəyanatla ziddiyyət yaranıb:

“Deyilmişdi ki, ikitərəfli danışıqlar olmalıdır, kiminsə vasitəçiliyinə ehtiyac yoxdur. Bir tərəfdən neçə aydır bunu deyirlər, digər tərəfdən də deyirlər ki, Rusiya olmalıdır və bunda problem yoxdur. Lavrov da dedi ki, Azərbaycan tərəfi heç bir problem görmür. Bu, ziddiyyətdir, amma birinci dəfə deyil ki, bəyanatlar verilir, sonra isə ortaya başqa şeylər çıxır”.

A.Qasımlı hesab edir ki, Azərbaycan Rusiyada sülh sazişi imzalanarsa öz üzərinə hər hansı öhdəlik götürməyəcək:

“Çünki hansı öhdəliklər varsa, həmin öhdəliklər əvvəlcədən götürülüb. Böyük ehtimalla 44 günlük müharibədən əvvəl də, “antiterror” əməliyyatından əvvəl də öhdəliklər götürülüb. Burada əsasən iki öhdəlik var. Birinci öhdəlik Rusiyanın hərbi kontingentinin daimi olaraq Azərbaycan ərazisində yeridirilməsi. İkincisi isə “Zəngəzur dəhlizi”nin Rusiyanın nəzarətinə keçməsidir. İkincisini istəməyən tərəf Ermənistandır, buna çalışan tərəf isə Rusiyadır. Rusiyanın yanında da Ermənistana təzyiq göstərən tərəf Azərbaycan iqtidarıdır”.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi. Ancaq tərəflər sülh sazişi (danışıqlar həm Avropa İttifaqının, həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə aparılır) imzalamayıb.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yeravan bunu “etnik təmizlənmə” və “təcavüz” kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG