Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:52

ATƏT-in seçki tövsiyələri yada düşürmü?


ATƏT-in müşahidə missiyası prezident seçkilərini sərt tənqid etdi.
Gözlə

No media source currently available

0:00 0:04:41 0:00

ATƏT-in müşahidə missiyası prezident seçkilərini sərt tənqid etdi. (2013)

Azərbaycanda gələn il azı iki seçki – növbədənkənar prezident və bələdiyyə seçkiləri keçiriləcək.

Beynəlxalq təşkilatlar, xüsusilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) zaman-zaman Azərbaycanda seçkilərlə bağlı tövsiyələr verib. Həmin tövsiyələrə qanunvericilikdə dəyişikliklər edilməsi, sərbəst toplaşmaq azadlığının təminatı, seçki administrasiyasının tərəfsizliyi, namizədlərin qeydiyyatının asanlaşdırılması və başqa məsələlər daxil idi.

Bəs həmin tövsiyələr yerinə yetirilibmi və ya bu seçkilər ərəfəsində yerinə yetirilə bilərmi?

E.Nəsirov
E.Nəsirov

"Belə qurumların antiazərbaycan mövqeyinin heç bir dəyəri yoxdur"

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) deputat Elman Nəsirov "Turan"a bildirib ki, ATƏT DTİHB indiyə qədər Azərbaycanda keçirilən seçkilərlə bağlı bir dəfə də olsun obyektiv mövqe ortaya qoymayıb. Onun fikrincə, bu qurumun Azərbaycana qarşı təzyiq elementləri dəfələrlə olub: "Ona görə də hakimiyyətin mənbəyi olan Azərbaycan xalqı üçün belə bir qurumların antiazərbaycan mövqeyinin heç bir dəyəri yoxdur. Bu kimi qurumlar Azərbaycana gələndə artıq hazır hesabatlarla gəlirlər. Amma çoxsaylı beynəlxalq qurumlar var ki, onlar öz hesabatlarında Azərbaycanda keçirilən seçkiləri yüksək qiymətləndiriblər".

F.Mustafa
F.Mustafa

"Əsas prioritet ATƏT-in tövsiyələri deyil"

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa da "Turan"a deyib ki, Azərbaycan hökuməti üçün əsas prioritet ATƏT-in tövsiyələri deyil, vətəndaşların məmnunluğudur: "Azərbaycanın müstəqil dövlət kimi özünün iradəsinə uyğun olaraq davranışları əslində niyə qıcıq doğurur? Çünki bu davranışlar öz ərazilərini işğaldan azad etməsinə yönəlmişdi və müəyyən dairələr bundan narazı qaldılar".

A.Məmmədli
A.Məmmədli

"Siyasi iradədən asılıdır"

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli isə "Turan"a deyib ki, Azərbaycan seçkilərə DTİHB-nin verdiyi tövsiyələri nəzərə almadan gedir: "Tövsiyələr çoxşahəli və kompleksdir. Bəzi tövsiyələr var ki, onları seçki dövründə icra etmək olar. Məsələn, tövsiyələrin bir qismi seçkilər zamanı namizədlər üçün kampaniya mühitinin yaxşılaşdırılmasını, seçicilər ilə görüş yerlərinin təşkilini, müşahidəçilərin qeydiyyatına bürokratik əngəllərin aradan qaldırmasını, seçki prosesinə müdaxilənin qarşının alınmasını nəzərdə tutur. Onları həll etmək olar".

Amma onun sözlərinə görə, elə tövsiyələr var ki, onun üçün zamana ehtiyac var: "Bunlar seçki qanunvericiliyinin təkmilləşməsi, seçki komissiyalarının formalaşma prinsipinə yenidən baxılmasıdır. Buna görə də mən yaxın bir zaman ərzində bütün tövsiyələrin icra olunacağına inanmıram".

A.Məmmədlinin fikrincə, bütövlükdə tövsiyələrin icra olunması siyasi iradədən asılıdır: "Azərbaycanda çatışmayan beynəlxalq qurumların irəli sürdüyü tövsiyələrin icrası ilə bağlı siyasi iradənin olmamasıdır".

B.Süleymanlı
B.Süleymanlı

"Pozuntulara yol verən şəxslər hətta…"

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı da AzadlıqRadiosuna bildirib ki, beynəlxalq təşkilatların tövsiyələri icra olunmayıb: "Uzun zamandır seçkilərlə bağlı yekun qiymətləndirmə nəticələri ortaya qoyularkən hökumətə müxtəlif tövsiyələr verilir. Burada seçki qanunvericiliyinin təkmiləşməsindən tutmuş, seçki şikayətlərinin ədalətli araşdırılmasına və pozuntulara yol verən şəxslərin məsuliyyətə cəlb edilməsinə qədər tövsiyələr yer alır. Amma, təəssüf ki, seçkilərdən sonra hesabatlarda yer alan problemlərin aradan qaldırılması istiqamətində heç bir addıma rast gəlməmişik".

Ekspert xatırladır ki, Azərbaycanda seçkilərlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları olub, onlar da qismən icra edilib: "Yəni, təzminat ödənilib, amma pozuntulara yol verən şəxslər hətta növbəti seçkilərdə komissiya üzvü olaraq qalıblar".

Onun sözlərinə görə, iki ay müddətində seçki islahatlarının aparılması beynəlxalq praktikada məqbul hesab edilmir: "Adətən seçkilərə bir il qalmış müəyyən addımlar atmaq olar. Ancaq seçkilər dövründə hər hansı dəyişikliklərin edilməsi arzuolunan hal deyil və effektiv nəticə verəsi deyil".

Xatırlatma

ATƏT DTİHB Azərbaycanda son seçkilərin beynəlxalq standartlara cavab vermədiyini, saxtakarlıqlarla keçirildiyini açıqlayıb. Ölkədə son prezident seçkisi 2018-ci il aprelin 11-də keçirilib. Qanunvericiliyə əsasən, növbəti prezident seçkisi 2025-ci ildə keçirilməli idi. Azərbaycan Konstitusiyasına 2016-cı ildə edilən son dəyişikliklə prezidentlik müddəti 7 ildir. Əvvəl bu müddət 5 il olub. Lakin prezident seçkisi vaxtından 14 ay tez keçirilir.

Azərbaycanda son prezident və parlament seçkiləri də vaxtından əvvəl - növbədənkənar keçirilib. Hakimiyyət bunu islahatların sürətləndirilməsi məqsədilə izah edib. Müxalifətə görə isə, hakimiyyət bu seçkiləri tez-tələsik, vaxtından əvvəl total saxtakarlıqlarla həyata keçirib.

Bələdiyyə seçkiləri isə, əvvəlcədən nəzərdə tutulduğu kimi, gələn ilin sonlarına doğru baş tutmalıdır.

XS
SM
MD
LG