Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:40

Ermənistan ordusu baş qərargahının rəisi ABŞ hərbi qərargahında olub


ABŞ-ın Avropadakı qoşunlarının komandan müavini general-leytenant Stiven Başam (sağda) və Ermənistan ordusu Baş Qərargahının rəisi Eduard Asriyan
ABŞ-ın Avropadakı qoşunlarının komandan müavini general-leytenant Stiven Başam (sağda) və Ermənistan ordusu Baş Qərargahının rəisi Eduard Asriyan

Ermənistan silahlı qüvvələrinin ən yüksək vəzifəli generalı ABŞ-ın Avropadakı qoşunlarının qərargahında və iki təlim mərkəzində olub.

Ermənistan ordusu Baş Qərargahının rəisi Eduard Asriyan ötən həftəsonu Almaniyanın Ştutqart şəhərtində ABŞ-ın Avropadakı qoşunlarının komandan müavini general-leytenant Stiven Başamla görüşüb.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xəbər verir ki, görüş zamanı “Ermənistanın təhlükəsizlik mühiti, müdafiə islahatları və ABŞ-la hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.

Asriyan deyib ki, Ermənistan silahlı qüvvələri hazırda əhəmiyyətli islahatlar və keçid dövründədir və “biz partnyorlarımızdan, özəlliklə də Birləşmiş Ştatlardan dəstək almaqda və onların ən yaxşı təcrübələrini öyrənməkdə maraqlıyıq”.

Ermənistan ordusunu modernləşdirmək

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə Başam ABŞ-ın Ermənistan ordusunu peşəkarlaşdırmağa, onun komandanlıq və nəzarət infrastrukturunu modernləşdirməyə və hərbi heyəti daha geniş miqyasda təlimləndirməyə hazır olduğunu deyib.

Bu da xəbər verilir ki, Asriyan habelə ABŞ-ın Almaniyadakı Birləşmiş Çoxmillətli Hazırlıq Mərkəzinə və Qeyri-döyüş Zabitləri Akademiyasına da baş çəkib.

Bundan iki ay əvvəl Ermənistanda ABŞ-la birgə hərbi manevrlər keçirilib. Bu hadisə Moskva və Tehran tərəfindən tənqidlə üzləşmişdi.

Azatutyun yazır ki, Asriyan, habelə Ermənsitanın müdafiə naziri Suren Papikyan iki ABŞ generalı ilə birlikdə hərbi təlimlərə tamaşa etmişdilər.

Moskvanın qısqanclığı

Ermənistanın ABŞ-la hərbi sahədə əməkdaşlığı Yerevanın Moskva ilə münasibətlərini daha gərginləşdirib.

Rusiya XİN 8 sentyabr tarixli etiraz notasında Yerevanın bu fəaliyyətini “qeyri-dost hərəkət” adlandırmışdı.

Baş nazir Nikol Paşinyan ötən ayın sonlarında demişdi ki, Ermənistan özünün xarici siyasət və təhlükəsizlik prioritetlərini şaxələndirmək niyyətindədir, belə ki, Moskva bir müttəfiq kimi Yerevanın qarşısındakı öhdəliklərinə əməl etməyib.

O demişdi ki, Rusiya hərbi bazasının Ermənistanda olması Yerevana heç bir üstünlük qazandırmır.

Daha əvvəl isə Ermənistan Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) manevrlərinin Ermənistanda keçirilməsinə icazə verməmişdi.

Yerevan KTMT-nin növbəti təlimlərinə də qatılmamışdı.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG