Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:36

Almaniyanın xarici işlər naziri regiona gəlir


Annalena Berbok
Annalena Berbok

Almaniyanın xarici işlər naziri Annalena Berbok (Annalena Baerbock) bu həftə Yerevana və Bakıya səfər edəcək. Almaniya hökumətinin sözçüsü deyib ki, məqsəd Azərbaycanın Qarabağa nəzarəti bərpa etməsindən sonra tərəflər arasında sülh danışıqlarını dəstəkləməkdir.

Bakı sentyabrın 19-20-də birgünlük əməliyyatla bu dağlıq regiona nəzarətini bərpa edib. Separatçı rejimin liderləri saxlanılaraq Bakıya gətirilib. 100 min 600 erməninin Qarabağdan Ermənistana köç etdiyi bildirilir.

Berbok noyabrın 3-də Yerevanda ermənistanlı həmkarı Ararat Mirzoyan ilə görüşəcək. Onun səfərinə Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasına və Qarabağdan qaçqınların qaldığı düşərgələrə baş çəkmək də daxildir. Məlumatı Almaniya XİN sözçüsü Sebastyan Fişer (Sebastian Fischer) verib.

Berbok Yerevandan Bakıya gələcək, noyabrın 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşəcək.

Almaniya sülh danışıqlarını dəstəkləyir

"Almaniya davamlı sülhə sadiqdir... regionda inam və barışıq yaratmaq vacibdir", – Fişer jurnalistlərə deyib.

"Məqsəd ermənilərlə azərbaycanlıların dövlət sərhədləri daxilində sülh və təhlükəsizlik şəraitində yaşaması üçün danışıqlar yolu ilə hərtərəfli sülhə nail olmaqdır", – o, sözlərinə əlavə edib.

Almaniya Avropa Şurasının prezidenti Şarl Mişelin (Charles Michel) tərəflər arasında sülh danışıqları yönündə səylərini dəstəkləyir.

Mişel oktyabrın sonunadək Ermənistanın baş naziri Nikol Paşinyan ilə Azərbaycan prezidenti İlham Əliyevin görüşünü təşkil etməyə çalışırdı. Amma bu görüş gerçəkləşmədi.

Paşinyan ötən həftə deyib ki, Azərbaycanla sülh sazişi layihəsi üzərində işləyirlər. "Ümid edirəm, bu proses gələn aylarda uğurla başa çatacaq", – o vurğulayıb.

Azərbaycan prezidenti isə Yerevanla sülh sazişinin ilin sonunadək imzalana biləcəyini bildirib.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi. Ancaq tərəflər sülh sazişi imzalamayıb. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb. Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

XS
SM
MD
LG