Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:25

BMT-dəki İsrail nümayəndələri yaxalarına sarı ulduz taxdılar


Gilad Erdan
Gilad Erdan

İsrailin BMT-dəki nümayəndə heyətinin üzvləri yaxalarına sarı ulduz taxıblar. Onlar bildiriblər ki, BMT Təhlükəsizlik Şurası HƏMAS-ın İsrail üzərinə hücumunu pisləyənədək bu ulduzları yaxalarından çıxarmayacaqlar.

İsrailin BMT-dəki nümayəndələrindən Gilad Erdan bu barədə deyib:

"Mən və mənim komandam babalarım və nənələrim kimi, milyonlarla yəhudinin babaları və nənələri kimi bundan sonra sarı ulduz gəzdirəcəyik”.

O əlavə edib ki, üzərində “Bir daha heç vaxt” yazılmış ulduzu “iftixar simvolu” kimi daşıyacaq.

Nasist Almaniyasında diskriminasiya olunan yəhudiləri kütlədən seçilməsi və aşağılanması məqsədilə yaxalarında sarı ulduz nişanı gəzdirməyə məcbur edirdilər.

Bloklanan qətnamələr

Erdan BMT Təhlükəsizlik Şurasını İsrail və Fələstinin radikal HƏMAS qruplaşması arasında müharibəyə dair dörd qətnaməni rədd etdiyinə görə kəskin tənqid edib.

Bu qətnamə layihələrindən ikisini Rusiya, birini isə Braziliya təqdim etmişdi. Bu layihələr onlarda İsrailin özünümüdafiə hüququnun təsbit olunmamasına görə bloklanmışdı.

ABŞ-ın təqdim etdiyi layihə də qəbul olunmayıb, çünki bu sənəddə atəşkəsə birmənalı çağırış yox idi.

Belə bir dalana düşən BMT-nin Baş Assambleyası oktyabrın 28-də heç bir öhdəliyi olmayan qətnamə qəbul edib.

Bu sənəddə İsrail ordusu və HƏMAS silahlıları arasında “dərhal, möhkəm və dayanıqlı humanitar barışığa” çağırış edilir. İsrail bu qətnaməni “rüsvayçı” adlandırıb.

Nasist Almaniyasında yəhudilərin paltarlarına tikilən sarı ulduz
Nasist Almaniyasında yəhudilərin paltarlarına tikilən sarı ulduz

Netanyahu: “HƏMAS nokdauna düşəcək”

Oktyabrın 30-da İsrailin baş naziri Binyamin Netanyahu xarici mediaya müraciətində bir daha bəyan edib ki, İsrail atəşkəsə razılaşmayacaq:

"Atəşkəsə çağırışlar HƏMAS qarşısında, terror qarşısında və vəhşilik qarşısında təslimə çağırışdır. Bu, təkcə İsrailin müharibəsi deyil. Əgər HƏMAS və İran qalib gəlsələr, siz onların növbəti hədəfi olacaqsınız”.

Elə həmin gün hökumətin iclasını açan Netanyahu demişdi ki, HƏMAS “nokdauna salınacaq”, məğlub ediləcək və Qəzza başqa bir yer olacaq.

O habelə başqa bir radikal islamçı qruplaşma olan Hizbullaha bu müharibəyə müdaxilə etməməsi üçün xəbərdarlıq etmişdi.

XS
SM
MD
LG