Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:47

BMT rəhbəri Qəzzada 'aşkar' pozuntuları pisləyir. İsrail səfiri onu istefaya çağırır


Antonio Quterreş
Antonio Quterreş

BMT-nin baş katibi Antonio Quterreş HƏMAS radikal qruplaşmasının hücumundan sonra İsrailin Qəzzanı atəşə tutduğu bir vaxtda beynəlxalq hüquq pozuntuları baş verdiyini iddia edib. O, dərhal humanitar atəşkəsə çağırıb.

"Qəzzada beynəlxalq hüququn aşkar pozuntularını müşahidə etməyimizdən dərin narahatlıq keçirirəm. Aydın deyim: Silahlı münaqişənin heç bir tərəfi beynəlxalq humanitar hüquqdan üstün deyil", – Quterreş İsrailin adını çəkmədən Təhlükəsizlik Şurasının iclasında deyib.

Misirlə Qəzza arasındakı "Rəfah" keçidinə şəxsən gedən Quterreş oradan üç yardım konvoyunun keçməsini alqışlayıb, ancaq bunun "dəryada damla" olduğunu deyib.

"HƏMAS-ın hücumunun boşluqda baş vermədiyini anlamaq çox vacibdir. Fələstin xalqı 56 ildir boğucu işğala məruz qalıb. Ancaq Fələstin xalqının iztirabları da HƏMAS-ın dəhşətli hücumları üçün əsas ola bilməz. Və bu dəhşətli hücumlar Fələstin xalqının kollektiv cəzalandırılmasını əsaslandıra bilməz", – Quterreş vurğulayıb.

İsrailin BMT-dəki səfiri Qilad Erdan Quterreşin çıxışını "şokedici" adlandırıb. O, X platformasında Quterreşi dərhal istefaya çağırıb. İsrailin xarici işlər naziri Eli Koen isə deyib ki, Quterreş ilə, planlaşdırıldığı kimi, oktyabrın 24-də görüşməyəcək.

ABŞ İranla münaqişə istəmir

ABŞ İranla münaqişə istəmir. Bunu isə dövlət katibi Entoni Blinken BMT-nin 15 üzvdən ibarət Təhlükəsizlik Şurasının iclasında deyib. Ancaq o xəbərdarlıq edib ki, İran, yaxud əlaltıları istənilən yerdə ABŞ personalına hücum edərsə, Vaşinqton buna dərhal və qətiyyətlə cavab verəcək.

Rəsmilərin "Reuters"ə dediyinə görə, ABŞ ordusu hazırda Yaxın Şərqdəki hərbçilərini qorumaq üçün yeni addımlar atır, çünki İranın dəstəklədiyi qrupların mümkün hücumları sarıdan narahatlıq var. ABŞ İranın və onun dəstəklədiyi qrupların qarşısını almaq üçün regiona hərbi gəmilər və döyüş təyyarələri göndərib.

İtkilər, regionda humanitar vəziyyət

HƏMAS silahlıları oktyabrın 7-də Qəzza zolağından İsrailə keçərək azı 220 nəfəri girov götürüb, azı min 400 nəfər öldürülüb.

İsrailin Qəzza zolağını cavab tədbiri olaraq bombalaması nəticəsində isə azı 5 min 700 fələstinli həlak olub, onlardan 2 min 300-ü azyaşlılardır. Bunu HƏMAS-ın idarə etdiyi ərazinin səhiyyə nazirliyi bildirib.

Qəzzada 2.3 milyon nəfərin ərzaq, su və dərman ehtiyatının tükənmək üzrə olduğu xəbər verilir. HƏMAS-ın hücumundan sonra İsrail ərazini blokadaya alıb.

İsrail oktyabrın 24-də bildirib ki, son bir gün ərzində 400 hava zərbəsi həyata keçirib, HƏMAS komandirlərini öldürüb, İsrailə raket atmağa hazırlaşan silahlıları, komandanlıq mərkəzlərini vurub.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, əsas səhiyyə ocaqlarının yarıdan çoxu, hər üç xəstəxanadan biri fəaliyyətini dayandırıb. Bir çox yaralının ilkin tibbi müdaxilə olmadan quru yerdə yatdığı, bəzilərinin günlərlə əməliyyat olunmağı gözlədiyi bildirilir.

Ölüləri basdırmaq üçün qəbiristanlıqlarda köhnə məzarları qazıb təzədən istifadə edirlər. Ailələr isə çoxsaylı meyitləri bir qəbirə qoyurlar.

XS
SM
MD
LG