Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:27

Qarabağ erməniləri nə qədər maaş alırdılar?


Ermənistan Baş naziri Tiqran Sarkisyan Əsgəran rayonunda qida emalı zavoduna baş çəkir. 2011
Ermənistan Baş naziri Tiqran Sarkisyan Əsgəran rayonunda qida emalı zavoduna baş çəkir. 2011

19-20 sentyabr tarixlərində keçirilən "antiterror" əməliyyatlarından sonra Azərbaycan keçmiş Dağlıq Qarabağ adlanan əraziyə nəzarəti tam bərpa edib. Rəsmi Bakı tezliklə Qarabağ ermənilərinin reinteqrasiyası ilə bağlı sosial-iqtisadi paket açıqlayacağını da bildirib. Bəs keçmiş Dağlıq Qarabağ bölgəsində nəzarət bərpa edilənədək orada yaşayan ermənilərin güzəranı necə olub?

Gələn il yanvarın 1-dən özünü buraxdığını elan edən separatçı qurumun "statistika komitəsi"nin ötən ilin ilk yarısı ilə bağlı açıqladığı hesabatdan bəlli olur ki, həmin dövrdə Dağlıq Qarabağda orta aylıq əməkhaqqı 248 min 726 dram - 903 manat olub. Müqayisə üçün: 2022-ci ilin ilk altı ayının sonunda Azərbaycanda orta aylıq əməkhaqqı 827 manat idi, yəni, Dağlıq Qarabağdakı orta rəqəmlə müqayisədə 9.2 faiz az.

Dağlıq Qarabağda orta aylıq əməkhaqqını sektorlar üzrə nəzərdən keçirdikdə bəlli olur ki, "dövlət sektorunda" əməkhaqqı özəl sektordan daha yüksəkmiş. Ötən ilin ilk altı ayının yekununda Dağlıq Qarabağda separatçı qurumun orqanlarında çalışan şəxslərin orta aylıq maaşı təxminən 978 manat olub. Eyni dövrdə Azərbaycanda dövlət sektoru üzrə qeydə alınan orta aylıq əməkhaqqı göstəricisi 775 manat idi. Özəl sektorda isə Azərbaycanda qeydə alınan göstərici Dağlıq Qarabağ ortalamasından daya yüksək olub. Ötən ilin ilk yarısında Azərbaycanda özəl sektorda orta aylıq əməkhaqqının 887 manat olması açıqlanmışdı. Eyni dövrdə Dağlıq Qarabağda özəl sektorda çalışanların orta aylıq maaşı 730 manat olub.

Bölgələr üzrə fərqlər

Separatçıların açıqladığı rəqəmlərə görə, ötən il Xankəndi şəhərində orta aylıq əməkhaqqı təxminən 1 min 60 manat olub. Bu göstərici Azərbaycanın digər rayon və şəhərlərində qeydə alınan göstəricilərlə müqayisə edilsə, bilinəcək ki, Xankəndidə qeydə alınan göstərici təkcə Bakıdan geri qalıb. Ötən ilin ilk altı ayının sonunda Bakıda orta aylıq əməkhaqqının 1 min 66 manat olduğu açıqlanmışdı. Bakıdan başqa ölkənin heç bir rayon və şəhərində dördrəqəmli orta aylıq maaş qeydə alınmamışdı. Xankəndidəki separatçı qurumlarda çalışan şəxslərin orta aylıq əməkhaqqı ötən ilin ortasında təxminən 1 min 240 manat olub.

Qarabağda özəl sektorda çalışan ermənilərin ən yüksək maaşı isə Ağdərədə qeydə alınıb. Burada qızıl mədənlərinin olması orta aylıq əməkhaqqının da yüksək olmasına yol açıb. Ötən ilin ilk yarısında Ağdərədə özəl sektorda çalışanların orta aylıq əmək haqları təxminən 1 min 188 manat olub. Həmin zaman dilimində Əsgəranda orta aylıq əməkhaqqı 607 manat, Ağdərədə 763 manat olub. Regionda orta aylıq maaşın ən az olduğu bölgə isə Xocavənd olub. Xocavənddə yaşayan ermənilər ötən il aylıq ortalama 510 manat maaş alıblar.

Laçın dəhlizindəki aksiyanın təsirləri

Özlərini ekofəallar kimi təqdim edən Azərbaycan vətəndaşları ötən il dekabrın 12-dən Laçın-Xankəndi yolunda aksiya keçirməyə başlamışdı. Bu dövrdən sonra, demək olar, Dağlıq Qarabağda iqtisadi fəaliyyət dayanma nöqtəsinə gəlib. Aksiyalar aprelin 28-dək sürsə də, gərginlik sonra da səngiməyib. Aksiya davam edən dövrdə separatçılar açıqlamışdı ki, aksiya üzündən yollar bağlandığından Qarabağda fəaliyyət göstərən 755 sahibkarlıq subyekti fəaliyyətini dayandırıb. Bu, bölgədəki bütün bizneslərin beşdə biri deməkdir. Yerdə qalan sahibkarlıq subyektləri isə ya qismən, ya da separatçı qurumun dəstəyi ilə fəaliyyət göstərə bilirdi. Aksiyanın sürdüyü ilk yarımildə bağlanan sahibkarlıq subyektlərində çalışan 5 min 700 nəfər işini itirib.

Bu da var ki, separatçı qurumun büdcə gəlirlərində Qarabağdakı iqtisadi fəaliyyət hesabına əldə edilən gəlirlərin payı çox aşağıdır. Separatçı rejimin büdcəsi, əsasən, Ermənistan Respublikasından Qarabağa ayrılan vəsait hesabına formalaşırdı və 44 günlük müharibədən sonra Qarabağdakı büdcənin formalaşmasında Ermənistanın payı daha da artıb. Məsələn, 2019-cu ildə Dağlıq Qarabağ ermənilərinin büdcəsi 118 milyard dram (təxminən 508 milyon manat) olmuşdu ki, bunun da 49 faizi (58 milyard dram) Ermənistan büdcəsi hesabına təmin edilmişdi. 2021-ci ildə isə Dağlıq Qarabağın büdcəsi 174 milyard dram (749 milyon manat) olmuş, bunun 74 faizi (128 milyard dram) Ermənistan respublikası hesabına təmin edilmişdi. Ötən il Ermənistan Qarabağ ermənilərinə ayırdığı vəsaiti bir qədər də artıraraq 144 milyard drama (620 milyon manat) çatdırmışdı.

XS
SM
MD
LG