Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:30

Paşinyanın partiyası Yerevanda mer seçkisində önə çıxır, amma...


Yerevanda seçki
Yerevanda seçki

Ermənistanın Mərkəzi Seçki Komissiyası 476 seçki məntəqəsindən səsvermənin nəticələrini açıqlayıb. Yerevanın Ağsaqqallar (Şəhər) Şurasına seçkilərdə 32.57% səslə hakim “Vətəndaş müqaviləsi” partiyası önə çıxıb.

Baş nazir Nikol Paşinyanın partiyası Yerevan bələdiyyəsində çoxluğu itirsə də, müttəfiq partiyanın köməyilə paytaxtın növbəti merini təyin edə biləcək. İlkin nəticələr bu partiyanın qurumda mütləq çoxluğu itirdiyini göstərir.

Nikol Paşinyan səs verir
Nikol Paşinyan səs verir

Digər partiyalar

İkinci yerdə təxminən 19 faizlə Hayk Marutyanın “Milli proqres” partiyası gəlir. Marutyan Yerevanın keçmiş meridir, 2021-ci ildə məhz hakim partiya tərəfindən vəzifədən kənarlaşdırılıb.

Daha radikal Mayr Hayastan (Ana Ermənistan) 15,43% səs yığıb.

“Respublika” 11.2, “İctimai səs” 9.68 faiz səs yığıb. ABŞ-da yaşayan qalmaqallı videobloger Vartan Qukasyanın rəhbərlik etdiyi sonuncu partiyanın şəhər şurasında yer qazanması seçkinin ən böyük sürprizi sayılır. Bu ilin əvvəlində Ermənistanın hüquq-mühafizə orqanları Qukasyan barəsində axtarış orderi verib, onun Ermənistandakı müttəfiqi pul qoparma ittihamıyla həbs olunub. Ancaq onları ittihamı rədd edirlər.

“Mülki müqavilə” qərbyönlü Hanrapetutyun (Respublika) partiyası ilə blok yaradarsa, Paşinyan hökumətinə müxalif üç partiyanı azacıq fərqlə üstələyə bilər.

Quruma keçid faizi 4-dür və qalan partiyalar bundan az səs yığıblar.

Rekord aşağı seçici fəallığı

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, bazar günü Yerevandakı azı 824 min seçicinin yalnız 28.5 faizə yaxını səs verib. Bu, indiyədək Ermənistan paytaxtında qeydə alınan ən aşağı seçici fəallığıdır. AzadlıqRadiosunun erməni xidməti – “Azatutyun” yazır ki, bu, Ermənistanın iki əsas müxalifət partiyası arasında mer yeri uğrunda yarışmaya marağın olmamasını göstərə bilər.

“Hayastan” və “Pativ Unem” alyansları seçkiyə getməyib. “Hayastan” seçki kampaniyası başlayandan az sonra “Mayr Hayastan” partiyasını dəstəkləyib.

Bu iki blokun aparıcı üzvləri seçici fəallığının azalmasını, hakim partiyanın gözlənildiyindən zəif perfomansını Paşinyan üçün böyük geriləmə adlandırır.

“2018-ci ildə Yerevan seçkisində 294 min 92 səs yığan siyasi qüvvə beş il sonra cəmi 80 min səs yığıb”, – “Hayastan” blokundan Geğam Manukyan ötən gecə “Facebook” postunda yazıb.

“Artıq Yerevan merinin kimliyi elə də əhəmiyyət daşımır. Fakt odur ki, Yerevan sakinlərinin böyük əksəriyyəti nikolçuları rədd edib”, – “Pativ Unem”dən Eduard Şarmazanov söyləyib.

Paşinyan və onun partiyasından mer postuna namizəd Tiqran Abinyan seçkinin nəticələrini, hələlik, şərh etməyib.

XS
SM
MD
LG