Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:25

Hərbi xərclər Rusiya büdcəsinin üçdə biri qədərdir – Qərb mediası


Rusiya 2023-cü ildə hərbi xərclərini iki dəfə artıraraq 100 milyard dollardan çox edib.

Reuters agentliyi Rusiya hökumət sənədinə istinadla yazır ki, bu, bütün dövlət xərclərinin üçdə birini təşkil edir.

Rusiya büdcəsində bu xərclər rəsmi olaraq “müdafiə xərcləri” kimi göstərilir.

Sənəddən məlum olur ki, Rusiya 2023-cü ilin birinci yarısında “müdafiəyə” 5.59 trilyon rubl (60 milyard dollardan çox) xərcləyib.

Bu, hökumətin nəzərdə tutduğu 4.98 trilyon rubldan (54 milyard dollar) 600 milyard rubl, yəni 12 faiz çoxdur.

Reuters yazır ki, Rusiya artıq büdcə xərclərini sektorlar üzrə dərc etmir və büdcənin bir çox bəndləri məxfi saxlanır.

Agentlik Rusiyanın Ukrayna müharibəsinə real hərbi xərclərini bu rəqəmlərdən çıxış edərək hesablayıb.

Büdcə kəsiri də artır

Yeni qiymətləndirməyə görə 2023-cü il üçün “müdafiə” xərcləri 9.7 trilyon rubldur ki, bu da ölkənin 29.05 trilyon rublluq büdcəsinin üçdə biri qədərdir.

Bunun ən azı son 10 ildə ən böyük hərbi xərclər olduğu məlum olur.

Bu da qeyd olunur ki, Rusiya 2011-ci ildən 2022-ci ilə qədər müdafiəyə hər il büdcənin minimum 13.9, maksimum 23 faizini xərcləyib.

Sənəddən bu də aydın olur ki, avqust ayınadək Rusiya illik müdafiə büdcəsinin artıq 57.4 faizini xərcləyib.

Burası da var ki, hərbi xərclərin artması Rusiya iqtisadiyyatının mötədil bərpasını dəstəkləyir, amma sənəddə həm də 28 milyard dollarlıq kəsirdən söhbət gedir. Bu isə bilavasitə karbohidrogen xammalının ixracından əldə olunan gəlirin azalması ilə bağlıdır.

Reuters yazır ki, müharibə xərclərinin artırılması büdcə kəsirini də artıra bilər.

Putinin yeni “müharibə vergisi”

Rusiya prezidenti Vladimir Putin büdcə kəsirinin azaldılması məqsədilə avqustun 4-də iri şirkətlərin ifrat izafi gəlirindən - “supermənfəətdən” birdərfəlik çıxılan 10 faiz vergi barədə qanunu imzalayıb.

Bu qanuna görə bu kateqoriyaya 2021 və 2022-ci illərdə orta hesabla mənfəəti 1 milyard rubldan çox olan təşkilatlar daxil edilir.

Qanunda deyilir ki, bu yeni vergi 2024-cü ilin 28 yanvarından gec olmayaraq federal büdcəyə ödənməlidir.

Bu vergidən büdcəyə 300 milyard rubl daxil olacağı proqnozlaşdırılıb.

Bloomberg mart ayında yazmışdı ki, Rusiya hakimiyyəti büdcə xərclərinin üçdə birini – 2.4 trilyon rublu məxfiləşdirib. Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə çoxdur.

Ekspertlər bunu Ukraynada müharibəyə gedən xərclərlə izah edirlər, çünki əslində hərbi xərclər məxfiləşdirilib.

XS
SM
MD
LG