Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:26

NATO tarixində ən böyük manevrlər başlanıb


Almaniya hərbi hava qüvvələrinin təyyarəsi
Almaniya hərbi hava qüvvələrinin təyyarəsi

İyunun 12-də Almaniyada NATO alyansının tarixində ən böyük təlim - Avropa hərbi hava qüvvələrinin “Hava müdafiəçisi 23” hərbi manevrləri başlanıb.

Bu təlimlər iyunun 23-dək davam edəcək və NATO qüvvələri qüdrətinin başqa ölkələr, ilk növbədə Rusiyaya siqnalı olacaq.

Manevrlərdə alyans üzvləri və onların Yaponiya və İsveç kimi partnyorları da daxil 20-dən çox ölkə, 10 min hərbçi və 250-dək təyyarə, o cümlədən ən mükəmməl F-35 qırıcıları iştirak edir.

Təkcə ABŞ təlimlərdə iştirak üçün Avropaya 100 döyüş maşını göndərib.

Bu manevrlər zamanı NATO ərazisinə hücum təqdirində şəhər, hava limanları və dəniz portlarının dron və raket zərbələrindən müdafiəsi məşq olunur.

NATO üçün “dönüş nöqtəsi”

Ötən həftə təlimlərin planı barədə məlumat verən Almaniya hərbi hava qüvvələrinin general-leytenantı İnqo Gerhardt deyib ki, bu təlimlər hələ 2018-ci ildə, Rusiyanın Krımı ilhaq etməsinə cavab olaraq keçirilməliydi.

Onun sözlərinə görə manevrlər zamanı NATO təyyarələri, məsələn Kalininqrad istiqamətində heç bir uçuş keçirməyəcək.

O əlavə edib ki, NATO müdafiə alyansıdır və təlimlər də bu kontekstdə planlaşdırılıb.

Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsindən sonra NATO Rusiyanı özünün strateji konsepsiyasına əsas təhlükə kimi tanıyıb.

ABŞ hərbi hava qüvvələri milli qvardiyasının direktoru, general Maykl Lo deyib ki, NATO-nun öhdəlikləri “dönüş nöqtəsindədir”, çünki “dünyada, xüsusilə də Avropada strateji landşaft dəyişib”.

O bildirib ki, təlimlər ABŞ silahlı qüvvələrinin daimi olaraq Avropada mənzillənməsinə yönəlib.

Ukrayna əks-hücumu ilə eyni vaxtda

Bəzi ekspertlər diqqəti belə bir məqama çəkirlər ki, NATO təlimləri Ukrayna ordusunun əks-hücuma başlaması ilə eyni vaxta düşüb.

Bu təlimlərlə bağlı ən böyük problem Avropa üzərində mülki təyyarələrin uçuşları məsələsidir.

Söhbət ilk növbədə çox sıx hava trafikinə malik Almaniyadan gedir.

Bu barədə suala cavab verən general Gerhardt deyib ki, hərbçilər mülki aviasiyanın işinə mane olmamaq üçün maksimum səy göstərəcəklər.

Amma Almaniya hökuməti manevrlərin mülki reyslərin cədvəllərinə təsir edə biləcəyi barədə xəbərdarlıq edib.

XS
SM
MD
LG