Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:43

İranda hicaba görə bir qadının da öldüyü xəbər verilir


Külsüm Oftadepur
Külsüm Oftadepur

İranın mərkəzində yerləşən Kirman ostanında bir ailə ilə hicab qaydasına riayət olunmasını tələb edən qrup arasında baş vermiş qarşıdurmada bir qadının həlak olduğu xəbər verilir.

Bu qrup turist məkanlarından birində bir ailənin qadınlarını hicablanmağa məcbur etməyə çalışırdı.

Tərəflər arasında qarşıdurma dava-dalaşa çevrilərək Külsüm Oftadepur adlı qadının ölümü ilə nəticələnib.

Mənbələrin AzadlıqRadiosuna bildirdiyinə görə bir neçə qadın gənc qıza “baş örtüyünü düzəltməsi” üçün dəfələrlə müraciət edib.

Lakin qız buna məhəl qoymayaraq ailəsi ilə birlikdə turist mərkəzinə daxil olub.

“Cinsi məzmunlu söyüşlər”

Bundan sonra sözü gedən qrupdakı kişi və qadınların ailəyə cinsi məzmunlu təhqirlər yağdırması ilə qarşıdurma qızışıb.

Qrupdakı qadınlardan biri Külsüm Oftadepuru, onun qızını və nəvəsini başmağı ilə vurmağa başlayıb.

Mənbələr bildirirlər ki, dava yerinə gələn polis hicaba məcbur edənlərin tərəfini saxlayıb.

Ailənin mayın 9-da məhkəmə qarşısına çıxarılacağı gözlənilir.

Son zamanlar İranda qadınların hicab qaydasına etinasızlığının artması ilə bağlı hakimiyyət nümayəndələri aktiv fəaliyyətə keçiblər.

“Əxlaq polisi” qadınları hicab qaydalarına məcbur etməkdə getdikcə daha böyük çətinliklərlə üzləşir.

Əmini insindentinə bənzər

Əslində İranda son etirazlar dalğası sentyabrda 22 yaşlı Məhsa Əmininin polis məntəqəsində vəfat etməsindən başlanmışdı.

Onun polisə hicab qaydasını pozduğuna görə aparıldığı və orada döyülərək öldürüldüyü deyilir.

Polis bu ittihamları rədd edib, hökumət isə bildirir ki, guya qadının hansısa xəstəliyi olub və o bu səbəbdən vəfat edib.

Bu hadisədən sonra küçələrə çıxan minlərlə qız-gəlin polisin onların şəxsi həyatına müdaxiləsinə etiraz ediblər.

Qadınlar bu etirazlarda hicablarını açır və yandırırdılar.

Mülki geyimli hicab xəfiyyələri

Bəzi məlumatlara görə son həftələrdə mülki geyimli qadın və kişi xəfiyyələr ictimai yerlərdə gəzərək qadınlara hicab xəbərdarlığı edirlər.

İndi də rəsmi İran mediası və fəallar Külsümün ölümü ilə bağlı bir-birinə zidd məlumatlar verirlər.

Bəzi xəbərlərdə deyilirdi ki, ailənin üstünə düşənlər “Qasem Sülemaninin məzarını yad etməyə gələnlərin avtobusundan” olublar.

Oftadepur ailəsinə yaxın adamların dediyinə görə ailə onu qısnayanların və Külsümün ölümünə səbəb olanların müəyyənləşdirilməsini tələb edir.

AzadlıqRadiosuna verilən məlumata görə rəsmilər Oftadepur ailəsinə mediaya danışmaması üçün təzyiq göstərirlər.

Xatırlatma

İranda qadınların hicablanması 1979-ci ildən ayətüllah Ruhulla Xomeyninin fətvası ilə məcburi elan edilib.

Buna baxmayaraq o vaxt qadınların hicablanmasını icbari edən heç bir rəsmi qanun qəbul olunmayıb.

Həmin vaxtdan bəri İranda qadınlar hicab qaydasına ən müxtəlif formalarda müqavimət göstərirlər.

Lakin ötən ilin sentyabrında 22 yaşlı Məhsa Əmini polis idarəsində öldükdən sonra hicaba qarşı müqavimət əsl hərəkata çevrilib.

Ölkəni bürümüş antihökumət aksiyalarında qadınlar hicablarını açır və etiraz olaraq yandırırlar.

Bu aksiyalarda dini hakimiyyətin devrilməsinə çağırışlar edilir.

Hicaba etiraz edən tələbələr ölkə boyunca universitetlərdə dərsləri boykot edir və müxtəlif aksiyalar keçirirlər.

XS
SM
MD
LG