Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:34

Kiyev 'seksoloqu' Sofiyaya səfir göndərir


Olesya İlaşçuk
Olesya İlaşçuk

Ukrayna Bolqarıstana səfir qismində heç bir diplomatik təcrübəsi olmayan, peşəsini “seksoloq-məsləhətçi” kimi təqdim edən şəxsi göndərib.

2014-cü ildən, xüsusən də Rusiyanın bir ilə yaxındır ki, davam edən tammiqyaslı hərbi hücumunun başlanmasından bəri Ukrayna beynəlxalq dəstək qazanmaq üçün əlindən gələni edir.

Rusiyayla tarixi siyasi və enerji bağları olan, bu səbəbdən Moskvanın hücumuna açıq cavab verə bilməyən Bolqarıstan kimi ölkələrlə münasibətdə diplomatiya xüsusilə vacibdir. Bundan başqa Bolqarıstan sovet dövründən qalma böyük silah ehtiyatlarına malikdir. Bu silahlar Ukrayna əsgərlərinə tanış olduğu üçün ölkənin müdafiəsində böyük rol oynaya bilər.

Radevə cavab?

Ötən ay Bolqarıstanın müvəqqəti hökuməti və parlamenti Ukraynaya birbaşa hərbi yardım göstərilməsinə xeyir-dua verib.

Bəzi bolqarıstanlı müşahidəçilər Olesya İlaşçukun səfir təyinatını Bolqarıstanın Ukraynanı dəstəkləməyə tərəddüdünə, Prezident Rumen Radev kimi Qərbin Ukraynaya hərbi dəstəyini tənqid edənlərə cavab kimi görürlər. Keçmiş hərbi komandir olan Radev deputatların Ukraynaya hərbi dəstəyi təsdiqləməsini “müharibəni qızışdırmaq” kimi qələmə verir.

"[Yeni səfirin] bu vəzifə üçün son dərəcə səriştəsiz olması ittihamları düz çıxsa, bu, Ukraynanın ümumən Bolqarıstana yanaşması kimi nəzərdən keçiriləcək”, – Sofiyada çıxan gündəlik “Dnevnik” qəzetinin baş redaktorunun müavini Petar Karaboyev AzadlıqRadiosunun bolqar xidmətinə deyib.

“Klinik psixoloq, seksoloq-məsləhətçi”

Dekabrın 23-də Ukrayna prezidenti İlaşçuku Bolqarıstana səfir təyin edib. Bundan sonra jurnalistlər İlaşçuka məxsus “Facebook” səhifəsindən onun özünü "klinik psixoloq, sistemik ailə terapevti, qeştalk terapevti, seksoloq-məsləhətçi" kimi təqdim etdiyi hissəni tapıb müzakirəyə çıxarıblar.

Bunun ardınca həmin “Facebook” səhifəsi dərhal bloklanıb. İlaşçuksa özünün yeni “Telegram” hesabından səfirliyin onun tərcümeyi-halını dərc edəcəyini bildirib.

Ukrayna XİN maraqlı addım ataraq dekabrın 26-da mətbuat üçün açıqlama yayaraq İlaşçuk haqda suallara cavab verib. Qurum yeni səfirin Yuriy Fedkovıç adına Çenovtsı Milli Universitetinin Tarix fakültəsinin Beynəlxalq Münasibətlər şöbəsini “fərqlənmə diplomu ilə” bitirdiyini bildirib. Nazirlik həmçinin onun bacarıqlı tərcüməçi olduğunu və ingiliscə sərbəst danışdığını vurğulayıb.

Hər istifadə üçün 540 dollar

Dekabrın 28-də İlaşçuk haqqında yazılanları "nüfuzuna və işinə xələl gətirmək məqsədi daşıyan, prezident və Ukrayna hökumətinin qərarlarını sual altına alan nonsens və ağ yalan” adlandırıb. O, kimliyini bildirmədiyi hansısa “düşməni” “bizimlə bolqar dostlarımız arasında düşmənçilik toxumu səpməkdə” ittiham edib.

Bir gün sonra isə belə deyib: "Bu dəqiqə mənim tərcümeyi-halım bizim əsgərlərimiz üçün vacibdir?”

Bu yaxınlarda isə İlaşçuk onun sosial mediadan icazəsiz götürülmüş şəkillərindən istifadə ətrafında ziddiyyətli debata başlayıb. O hər dəfə şəkillərindən istifadə qarşılığında Ukrayna silahlı qüvvələrinə 540 dollar göndərilməsini tələb edib.

Maraqlıdır ki, onun şəkillərdən istifadə ilə bağlı gileyi “Facebook”dakı “seksoloq” profilinin ona məxsusluğunu dolayısıyla təsdiqləyir.

Yermakın protejesi?

Ukraynanın ABŞ və Fransadakı keçmiş səfiri Oleh Şamşur AzadlıqRadiosunun Ukrayna xidmətinə deyib ki, "hazırda Kiyevə gərəkən şey peşəkarlıq” və münasibət qurmaq bacarıqlarıdır. "Təəssüf ki, Bolqarıstana səfir təyinatı və bu namizədliyin özü, fikrimcə, bu meyarlara cavab vermir”, – deyə o əlavə edib.

Şamşur deyilənlərin spekulyasiya olduğunu qəbul etsə də, İlaşçukun prezidentin aparat rəhbəri Andrey Yermakın protejesi kimi ad çıxardığını da vurğulayıb. "Tamamilə bu qənaətə gəldim ki, bu namizədliyi müəyyən edən əsas meyar şəxsi tanışlıq, şəxsi yaxınlıq və əlbəttə ki, loyallıqdır”, – o söyləyib.

Keçmiş səfir Bolqarıstan kimi rusofil meyllərin güclü olduğu bir ölkə ilə əməkdaşlıq yaratmağın çətinliyini də vurğulayıb.

55 min ukraynalı qaçqın

Müşahidəçilər Bolqarıstanın sərhədlərini bağladığını, NATO-dakı müttəfiqləri ilə yaxından əməkdaşlıq etməsini, habelə Aİ-nin Rusiyaya qarşı bütün sanksiyalara qoşulmasını xüsusi qeyd edirlər. Hərçənd Bolqarıstanda “LUKoil”un nəzarətində olan yerli neftayırma müəssisəsinin işləməsi bəzilərini narahat edir.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatına görə, hazırda Bolqarıstanda 55 minədək ukraynalı qaçqın var. Bu, Polşaya köç etmiş 1,6 milyon qaçqının fonunda kiçik rəqəmdir. Bu say BMT-nin yardım etdiyi Regional Qaçqınlara Dəstək Planına daxil ölkələrin hər birində olan qaçqın sayından azdır. Yalnız Macarıstan istisnadır.

Millətçi, antiqərb Dirçəliş partiyası kimi ünsürlər Rusiyaya rəğbət və Ukrayna qaçqınlarını qəbul etməkdən imtina kimi məsələlərdən özlərinə sosial baza yaratmaq üçün yararlanırlar.

Loyal insanlar

Ukrayna Xarici İşlər naziri artıq mövcud diplomatik heyətdən olmayan şəxslərin səfir təyin edilməsinin “adi beynəlxalq praktika” olduğunu və Bolqarıstan hökumətinin bu təyinata razılıq verdiyini deyib.

Jurnalist Karaboyev deyir ki, bu cür təyinat qətiyyən unikal deyil və "ola bilsin ki, Zelenski özünü [sadəcə] ona əla peşəkarlar kimi təqdim edilən şəxslərlə deyil, loyal insanlarla əhatələyir”.

"Nə qədər olmasa, Ukraynanın peşəkar diplomatları da müharibənin qarşısını ala bilməyiblər”, – o bildirir.

Karaboyev əlavə edib ki, yeni səfir bu sahədə təcrübəli olmasa da, Bolqarıstanın siyasi reallığından baş çıxarmaq üçün ideal seçim ola bilər. “Biz onun “tərzini” görməliyik. [Onun tərzi] Bolqarıstanın siyasi sinfinə uyğun ola bilər”, – o vurğulayır.

Bolqarıstanın Ukraynada nə səfiri, nə konsulu var

Tanınmış bolqarıstanlı siyasi bloqer Asen Genovun “Kontrakomentar” proqramının “YouTube”da 15 min abunəçisi var. O deyir ki, İlaşçukun təyinatı Kiyevin baxış bucağından daha çox Bolqarıstanın nöqteyi-nəzərindən baxılanda maraqlıdır.

O bunun “Ukrayna tərəfindən tamamilə qarşılıq cavabı” olduğunu deyir. 10 ay öncə, Rusiyanın hücumu başlayanda Bolqarıstanın Kiyevdəki səfiri Kostadin Koyabaşev evakuasiya edilib. Bundan sonra Bolqarıstan Kiyevə səfir göndərməyib. Bolqarıstanın artıq Odessada konsulu da yoxdur.

"Belə görünür ki, biz özümüz Ukrayna ilə diplomatiyamızı nəzarətsiz buraxmışıq. Əgər uzun diplomatiya təcrübəsi olan yüksək rütbəli peşəkarın bizə səfir göndərilməsini gözləyiriksə, sual olunur ki, özümüz eyni peşəkarlıq standartına cavab veririkmi”, – Genov AzadlıqRadiosunun bolqar xidmətinə söyləyib.

XS
SM
MD
LG