Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:34

Gümrüdəki aksiyanın təşkilatçısı: ...Rusiya bizi işğal edib


Ermənistan, Gümrü,102 saylı Rusiya hərbi bazası qarşısında aksiya, 8 yanvar 2022
Ermənistan, Gümrü,102 saylı Rusiya hərbi bazası qarşısında aksiya, 8 yanvar 2022

Yanvarın 8-də Ermənistanın Gümrü şəhərindəki 102 saylı Rusiya hərbi bazası qarşısında keçirilən aksiyada 100-dən çox adamın saxlandığı bildirilir.

Bu barədə aksiyanın təşkilatçısı kimi çıxış edən “Milli Demokratik Qütb” siyasi hərəkatı məlumat yayıb.

Məlumata görə, aksiyaçılar Rusiya hərbi bazasından Laçın yolunda nəqliyyatın hərəkətini bərpa etməyi tələb ediblər.

O da qeyd olunur ki, aksiyaçılar bəyan ediblər ki, Rusiya sülhməramlıları fəal addımlar atmasalar, nümayişçilər onları “işğalçı” elan etməyə hazırdırlar.

“Biz bütün dünyaya göstərəcəyik ki, Ermənistan, o cümlədən Artsax (Xankəndindəki separatçı qurum özünü belə adlandırır) Rusiyanın 102-ci baza ilə təmsil olunan rus qoşunları tərəfindən işğal edilib”, - Milli Demokratik Qütbün üzvü Vahe Qasparyan bildirib.

Hələki səsləndirilən fikirlərə Rusiyanın mövqeyi bəlli deyil.

Xatırlatma

Dekabrın 12-dən Azərbaycan vətəndaşları Ermənistanı Qarabağla birləşdirən Laçın dəhlizində növbəli aksiya keçirirlər.

Ermənistan tərəfi Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və "humanitar böhran" yaratmaqda ittiham edir.

Rəsmi Bakı isə bildirir ki, aksiyaçılar sərbəst toplaşmaq hüququna malikdirlər. Etirazçıların sözlərinə görə, onlar yolu bağlamayıblar, humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar.

Azərbaycan Xarici İşlər Nazirliyi isə bəyan edib ki, Yerevan Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyətini davam etdirmək üçün beynəlxalq tərəfdaşları bilərəkdən çaşdırır.

Bakı Qarabağda tanınmayan qurumu və Ermənistanı Azərbaycanın təbii sərvətlərini qanunsuz istismar etməkdə günahlandırır.

Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanıyır.
2020-ci ilin payızında qısamüddətli müharibə nəticəsində Bakı 1990-cı illərin əvvəllərində Ermənistan qoşunları tərəfindən işğal edilmiş ərazilərinin böyük bir hissəsinə nəzarəti bərpa edib.

Bundan sonra üçtərəfli razılaşmaya (Azərbaycan-Rusiya -Ermənistan) əsasən Rusiya sülhməramlı qüvvələri 5 il müddətinə bölgədə yerləşdirilib. Müqavilənin şərtlərinə görə, Laçın rayonu Bakının, dəhliz isə Rusiya sülhməramlılarının nəzarətinə keçib.

XS
SM
MD
LG