Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:27

Həbsdəki MTN-çilər çıxmaq istəyirlər


Milli Təhlükəsizlik Nazirliyinin hərbi hospitalının açılışında. 2012
Milli Təhlükəsizlik Nazirliyinin hərbi hospitalının açılışında. 2012

Həbsdə olan keçmiş MTN-çilərin son qrupundan – bir general və üç polkovnikin xeyli əmlakı da müsadirə olunub. Müsadirə olunan əmlaklar, əsasən, uzun illər MTN-in İstintaq Baş İdarəsinə rəhbərlik etmiş general-leytenant Mövlam Şıxəliyevin mülkləridir. Onların arasında Bakının mərkəzində çoxsaylı mənzillər, bağ evi, obyektlər və s. daşınmaz əmlaklar var.

Əmlakların real bazar dəyəri

Şıxəliyev və vaxtilə MTN-də onun tabeliyində çalışmış üç polkovnikin – Vüsal Ələkbərov, Yasin Məmmədov Sahib Ələkbərovun cinayət işi üzrə müsadirə olunmuş əmlakların ümumi dəyəri istintaq dövründə təxminən 7 milyon manat qiymətləndirilib. İstintaq dövründə məhkəmənin qərarı ilə onların üzərinə həbs qoyulub, Bakı Hərbi Məhkəməsi də onları müsadirə edib. Məqsəd də budur ki, onlar zərərçəkmişlərə (vaxtilə MTN tərəfindən qanunsuz tutulduğu, zorla pulları alındıqdan sonra azadlığa buraxıldığı iddia olunan şəxslər-red.) dəymiş ziyanın ödənilməsinə yönəldilsin.

Lakin zərərçəkmişlər iddia edir ki, əmlaklar düzgün qiymətləndirilməyib. Onların sözlərinə görə, əmlakların qiyməti bilərəkdən ucuz göstərilib ki, gələcəkdə hərraca çıxarılanda da bazar dəyərindən ucuz satılsın. Dekabrın 12-də Bakı Apellyasiya Məhkəməsində sabiq MTN-çilərin işinə baxılarkən zərərçəkmişlərin vəkili Osman Kazımov vəsatət qaldırıb ki, əmlakların yenidən dəyərləndirilməsindən ötrü ekspertiza təyin olunsun: "O əmlakların real bazar dəyəri sənədlərdə göstəriləndən azı iki dəfə yarım çoxdur...".

Sabiq MTN-çilər bu vəsatətin əleyhinə çıxıb.

1947-ci ildən qalan əmlak...

Məhkəmə isə bu məsələdə yekun qərarını açıqlamayıb. Hakim bildirib ki, növbəti məhkəmə iclasında qərarını elan edəcək.

Əmlak məsələsində general Şıxəliyev etiraz edir ki, hələ 1947-ci ildən onların nəslinə məxsus olan əmlakın da müsadirəsinə qərar verilib. Halbuki, həmin əmlak nə cinayət yolu ilə əldə olunub, nə cinayət işində bəhs olunan hadisələrə aidiyyəti var.

Təqsirləndirilən sabiq MTN polkovnikləri Yasin Məmmədov, Sahib Ələkbərov isə apellyasiya məhkəməsinin qərarına qədər ev dustaqlığına buraxılmalarını xahiş ediblər.

"Yasin Məmmədov, özünüz günahsız yerə tutub içəri saldığınız adamların hansının azyaşlı uşağının olmasını nəzərə alırdınız ki, indi özünüz azyaşlı uşaqlarınızın nəzərə alınmasını istəyirsiniz?", – zərərçəkənlərdən Zaur Əliyev keçmiş MTN polkovnikinin vəsatətinə belə münasibət bildirib.

Xatırlatma

Mövlam Şıxəliyev 2021-ci ilin aprelindən həbsdədir. Sentyabrın 21-də Bakı Hərbi Məhkəməsində ona və vaxtilə MTN-də tabeliyində çalışmış daha üç polkovnikə -keçmiş şöbə rəisləri Yasin MəmmədovVüsal Ələkbərov, rəis müavini Sahib Ələkbərova hökm oxunub. Hökmə əsasən, Şıxəliyev 12 il, Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib. Şıxəliyevdən başqa digər üç nəfər həbsdə deyildi. Onlar hökm oxunanda məhkəmə zalından həbs olunublar.

Məhkəmə həmçinin Şıxəliyevin general-mayor, digərlərinin polkovnik rütbəsi və bir sıra başqa təltiflərinin alınmasına qərar verib.

Cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən, hədə-qorxu ilə adamların 5 milyon 77 min manatının ələ keçirilməsindən söhbət gedir.

Sabiq MTN-çilərin heç biri bu ittihamları qəbul etmir, özlərini təqsirli bilmirlər. Deyirlər ki, MTN-də bu işləri özbaşına eləyə bilməzdilər. Çünki istintaqa prosessual nəzarət orqanı var – prokurorluq. Şıxəliyev və digərləri bildirib ki, cinayət işi MTN-in İstintaq Baş İdarəsində başlansa da, qərarı Baş prokuror və onun birinci müavini verirdi. Cinayət işi başlamaq, şəxs barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat vermək və s. səlahiyyətlər ancaq prokurorluqdadır. Onlar hətta Zakir Qaralov və Rüstəm Usubovun məhkəməyə çağırılıb dindirilməsini də tələb ediblər.

Şıxəliyev və onunla birlikdə təqsirləndirilən şəxslərin adları zaman-zaman bir sıra ictimai-siyasi fəalların həbsində də hallanıb.

XS
SM
MD
LG