Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:23

Rusiya Xəzərdən Ukraynanı vurur. Sahilyanı ölkələr niyə susur


Putin Aşqabadda sammitdə, 29 iyun, 2022-ci il
Putin Aşqabadda sammitdə, 29 iyun, 2022-ci il

"(Rusiya Prezidenti Vladimir) Putinin əsgərləri mülki vətəndaşlara “Qrad” atırlar, yaşayış yerlərini, yetimxanaları, doğum evlərini ballistik və kruiz raketləri ilə vururlar. Ukrayna bizim evimizdir!"

Bu, 28 yaşlı odessalı Valeria Hlodanın sonuncu sosial media postudur.

Xəzərdən atılan raket

Aprelin 23-də Xəzər dənizindən atılan Rusiya raketi Valeriya və ailəsinin yaşadığı 16 mərtəbəli binaya düşüb. Binanın dördüncü və beşinci mərtəbələri dağılıb, binada yanğın başlayıb. İyirmi nəfər yaralanıb, səkkiz nəfərsə həyatını itirib. Dördüncü mərtəbədə yaşayan Valeriya, 3 aylıq qızı Kira və anası Lyudmyla Yavkina həlak olub. Bu, üç nəslə aid insan deməkdir.

Hücumdan az öncə Valeriyanın əri Yuri Hlodan dükana ərzaq almağa çıxmışdı. Tələsik evə dönən Yuriy xilasedicilərdən yanan evə buraxılmasını tələb edib. Burada o, ailə üzvlərinin cansız bədənlərini tapıb.

Xəzər dənizindən atılan raketlə bir ailənin üç nəslə aid üzvlərinin həyatına son qoyulması faktı Ukrayna Prezidenti Volodımır Zelenskinin videomesajı vasitəsilə dünyaya çatdırıldı.

Bu, Ukraynada döyüş zonasından kənarda ilk ölüm hadisələrindən biri idi. O zaman döyüşlər əsasən Xerson, Zaporojye və Nikolayev bölgələrində, yəni Odessadan yüzlərlə kilometr şərqdə gedirdi. Ancaq Rusiya döyüş zonasından uzaqda yerləşən mülki obyektləri vurmağa davam edirdi.

Hücumlar davam edir

Mayın 3-də Tu-95 strateji bombardmançıları Xəzər dənizindən Lvov, Dnepropetrovsk, Kropivnitski, Vinnitsya, Kiyev və Zakarpatya bölgələrinə yüksək dəqiqlikli raketlər buraxdı. Ölkənin qərb və mərkəz hissələrində dəmir yollarında partlayışlar baş verdi; qatarların hərəkəti dayandı. Bir çox bölgələrdə enerji generatorları sıradan çıxdı və əhali elektriksiz qaldı.

İyunun 26-da Rusiya yenə Xəzər dənizindən Kiyev istiqamətinə altı yüksək dəqiqlikli X-101 raketi buraxdı. Ukrayna hava müdafiə sistemi bir neçə raketi vurub yerə salsa da, onlardan biri Kiyevdə bir yaşayış binasını vuraraq bir nəfərin həyatına son qoydu, beş nəfəri isə yaraladı.

Rusiya iyul, avqust və sentyabrda da Xəzər dənizindən raket atmağa davam edib, Ukraynanın cənub və şərq hissələrində bəzi yerlərdən çəkildikcə raket zərbələri də çoxalıb.

Xəzər dənizindəki raketdaşıyan təyyarələrdən, Qara dəniz və Rostov bölgəsindəki gəmilərdən atılan raketlər Ukrayna ərazisində enerji və su infrastrukturunu iflic edib.

Xəzər dövlətlərinin sükutu

Dörd il öncə, 22 illik danışıqlardan sonra beş xəzəryanı ölkənin liderləri dənizin qanuni statusunu müəyyən edən konvensiya imzaladılar. Konvensiya tərəflərin Xəzər dənizindən, o cümlədən onun suyu, dibi, təki, təbii sərvətləri və üzərindəki hava sahəsindən istifadə ilə bağlı hüquq və vəzifələrini tənzimləyir.

Bu sənədlə tərəflər Xəzər dənizindən yalnız dinc məqsədlərlə istifadə etməyə razılaşıblar.

"Biz Xəzər dənizini dostluq dənizinə çevirməyə nail olduq”, – Qazaxıstanın ozamankı prezidenti Nursultan Nazarbayev Xəzər dövlət başçılarının dörd il öncə Aktauda keçirilən sammitində demişdi.

Sammitdə digər dövlət başçıları da yeni imzalanan konvensiyanı tərifləmişdilər.

Ozamankı İran prezidenti Həsən Ruhani demişdi ki, təkcə konvensiyanın qəbulu deyil, onun düzgün icrası da vacibdir.

Azərbaycan Prezidenti İlham Əliyev konvensiyanı "tarixi sənəd”, Xəzər dənizini isə "sabitlik və təhlükəsizlik zonası” adlandırmışdı.

Dinc məqsədlər

Putinsə konvensiyanın "Xəzər dənizinin yalnız dinc məqsədlərdə istifadə ediləcəyinə təminat verdiyini” söyləmişdi.

Putinin sözlərinin üstündən dörd il keçmiş Rusiya Xəzər dənizini müharibə zonasının bir hissəsinə çevirərək buradan Ukraynaya raketlər atır. Xəzəryanı dövlətlərsə buna heç bir reaksiya vermir.

İyunun 30-da Moskvanın Xəzər dənizindən raket buraxmasından sonra Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycan, İran, Qazaxıstan və Türkmənistana müraciət edərək onları "Rusiyanı beynəlxalq öhdəliklərinə, xüsusən və Xəzər dənizinin qanuni statusu haqda konvensiyaya əməl etməyə məcbur etmək üçün hər cür səy göstərməyə” çağırdı.

Ukraynanın müraciətindən bir gün öncə isə Aşqabadda altıncı Xəzər sammiti keçirilirdi. Sahilyanı dövlətlər iyunun 29-da qəbul edilmiş kommünike ilə Xəzər dənizindən dinc məqsədlər üçün istifadə prinsipini yenidən təsdiqləmişdilər.

Qazaxıstan XİN-in cavabı

Görüşə qatılan liderlərin heç biri Rusiyanın Xəzər dənizindən hərbi məqsədlər üçün istifadə etməsi məsələsini qaldırmayıb.

AzadlıqRadiosunun qazax xidməti Qazaxıstan XİN-dən Astananın nə üçün Rusiyanın Xəzər dənizindən Ukraynaya raket atması faktına cavab vermədiyini soruşub. Nazirlik bildirib ki, "konvensiyanın bütün müddəalarının, o cümlədən 3-cü bəndin 2-ci paraqrafının (Xəzər dənizindən dinc məqsədlərlə istifadə, dənizin sülh, dinc qonşuluq, dostluq və əməkdaşlıq zonasına çevrilməsi, Xəzər dənizi ilə bağlı bütün məsələlərin sülh yolu ilə həlli) yalnız Xəzər dövlətlərinə şamil edilir, onlar arasındakı münasibətlərə fokuslanır və üçüncü ölkələrlə münasibətlər sferasını tənzimləmir”.

Təhlilçilər konvensiyanın doğrudan da yalnız iştirakçı tərəflər arasında münasibətləri tənzimləmək məqsədi daşıdığını deyirlər. Konvensiyaya görə, Xəzər dövlətləri bir-birinin ərazi bütövlüyü və müstəqilliyinə hörmət etmək, bir-birinə qarşı güc tətbiq etməmək və bir-birinin daxili işlərinə qarışmamaq öhdəliyi götürüblər. Konvensiyada üçüncü ölkələrlə bağlı yalnız bir müddəa var: tərəflərə aid olmayan silahlı qüvvələr dənizdə olmamalıdır.

Konvensiyanın müddəaları pozulmayıb

Polşanın Varmia və Mazurı Universitetinin Hüquq və İdarəetmə Fakültəsinin professoru, hüquqşünas Mixal Pietkieviç Xəzər konvensiyasının sadəcə regional sənəd, sahil ölkələri üçün qapalı sistem olduğunu deyir. O hesab edir ki, buna görə də praktikada Rusiya Xəzər dövlətlərinə münasibətdə konvensiyanın müddəalarını pozmayıb.

“Sazişin tərəfləri Konvensiyanın preambulasında vurğulayırlar ki, Xəzər dənizinə aid bütün məsələlər tərəflərin eksklüziv səlahiyyəti çərçivəsindədir. Ümumiləşdirsək: Xəzər konvensiyası yalnız sahilyanı ölkələr üçün qapalı sistemdir. Onda son sual çıxır: Rusiya ərazisindən konvensiya üzvü olmayan ölkəyə qarşı hərbi fəaliyyət ‘dinc məqsədlər’ müddəasının pozulması hesab oluna bilərmi?” – Pietkieviç deyir.

“Bu suala cavab verəndə isə başqa bir sual soruşmalıyıq: Rusiya Azərbaycan, İran, Qazaxıstan, yaxud Türkmənistanın ərazi bütövlüyünə, siyasi müstəqilliyinə qarşı təhdid, yaxud gücdən istifadə edibmi, yaxud BMT xartiyasına salınmış beynəlxalq hüquq prinsiplərinə zidd hər hansı hərəkət edibmi? Cavab ‘xeyr’dir”, – o, sözlərinə əlavə edir.

Qazaxıstan XİN eyni zamanda AzadlıqRadiosuna bildirib ki, konvensiya hələ qüvvəyə minməyib. Ona görə də "Qazaxıstanın Rusiyadan konvensiyanın müddəalarına əməl etməyi tələb etməsinin hüquqi əsasları yoxdur”.

Beynəlxalq alətlər də var

2018-ci ildə beş xəzəryanı dövlətin ictimai şəkildə imzaladığı konvensiyanı İrandan başqa bütün dövlətlər ratifikasiya edib. İran sənədin onun strateji maraqlarına cavab vermədiyini deyərək ratifikasiyasından imtina edib.

Pietkieviç hesab edir ki, İranın konvensiyanı ratifikasiya etməməsinin Xəzər dövlətlərinin raket hücumları ilə bağlı narahatlıq bildirməməsi ilə heç bir əlaqəsi yoxdur. “Çünki hər bir sahil dövləti müstəqildir və müstəqil hərəkət edə bilər”, – o deyir.

Pietkieviç deyir ki, sahilyanı dövlətlər Rusiyaya tətbiq etmək üçün Xəzər konvensiyasına güvənə bilməsələr də, başqa beynəlxalq alətlərdən yararlana bilərlər. Onların hamısı BMT üzvü olduğundan nəzəri olaraq soyqırımı, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətləri yasaqlayan beynəlxalq hüquq normalarına əsaslanaraq Rusiyaya qarşı hərəkət edə bilərlər.

Rusiyadan asılılıq

Ancaq təhlilçi deyir ki, sahilyanı dövlətlərin raket hücumları ilə bağlı sakit qalmasının əsas səbəbi onların Rusiyadan asılılığıdır. Bu ölkələr Rusiyanın başçılıq etdiyi alyansların üzvləridir.

Qazaxıstan KTMT və Avrasiya İqtisadi Birliyinin üzvüdür. Ölkə Rusiya ilə ticarətdən çox asılıdır: Qazaxıstanın ixracatının 38%-i Rusiyaya gedir. Qazaxıstan nefti Avropaya Rusiyadan keçərək gedir.

Rusiya ilin əvvəlindən bəri qazax neftini daşıyan Xəzər boru kəməri konsorsiumunun işini dörd dəfə qismən və ya tam dayandırıb. Təhlilçilər bunun Qazaxıstanın açıq şəkildə Rusiyanın Ukraynaya qarşı aqressiyasını dəstəkləməməsi, səfərbərlikdən qaçan on minlərlə rusiyalını sərhəddən içəri buraxması, habelə Kremlin Ukraynanın dörd bölgəsini suveren dövlət elanını tanımaqdan imtinasıyla bağlı olduğunu deyirlər.

İranla əməkdaşlıq

MDB üzvü Türkmənistan və Azərbaycan da Rusiya ilə güclü ticari və iqtisadi münasibətlərə malikdir.

Rusiyanın Ukraynaya hücumunun ardınca Tehranla Moskva hərbi əməkdaşlığı gücləndiriblər. İranın Rusiyaya hərbi dronlar satması haqda xəbərlər yayılıb. Kiyev ordusu 300-dən artıq İran dronunu vurduğunu bildirir. Oktyabrın 16-da “The Washington Post” İranın Rusiyaya təkcə dron deyil, hətta ballistik raketlər də satması haqda xəbər dərc edib.

Ukrayna hərbi kəşfiyyatının rəhbərinin müavini Vadım Skibitski “The Economist”ə müsahibəsində deyib ki, İran raketləri hava yolu ilə Rusiyanın işğal etdiyi Krıma və su yolu ilə Rusiyanın Xəzər dənizindəki limanlarına çatdırılacaq. “The Economist” Rusiyanın bu raketləri əldə etdikdən sonra hava hücumlarını gücləndirəcəyi proqnozunu verib.

XS
SM
MD
LG