Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:40

Azərbaycanda tələbə sayı çoxalır


Kəsildinsə, batdın... Tələbə kreditinin ağır şərtləri
Gözlə

No media source currently available

0:00 0:04:46 0:00

Kəsildinsə, batdın... Tələbə kreditinin ağır şərtləri

Beş ilə 20 faiz artım var

2017-ci ildən bəri Azərbaycanda ali təhsil ocaqlarına qəbul imtahanı iki mərhələdə keçirilir. Birinci mərhələdə buraxılış imtahanı, ikinci mərhələdə ixtisas fənlərindən imtahan aparılır. Bu müddətdə tələbə qəbulu üzrə plan yerlərinin sayındakı artım da diqqət çəkir. 2017-ci ildə qəbul planı toplam 43 min 300 tələbə idi. Bu say indi 51 min 900-ə yüksəldilib. Deməli, beş il ərzində qəbul yerlərinin sayı 8 min 600 nəfər və ya 20 faizə yaxın artırılıb.

Rəsmi göstəricilərə görə, beş il öncə - 2016-2017-ci tədris ilində Azərbaycanda toplam 164 min tələbə ali təhsil alırdı. 2021-2022-ci il tədris ilində isə tələbə sayı 212 min nəfəri ötüb. Başqa deyimlə, beş il ərzində Azərbaycanda tələbə sayı 50 min nəfərə yaxın və ya 30 faiz artıb. Bu artımlar, təbii ki, yeni çağırışlar da doğurur. Ölkənin əsas ali təhsil müəssisələrinin Bakıda yerləşməsi özəlliklə dərslər başlayan ərəfədə ölkədə kirayə mənzil bazarına tələbi yüksəldir. Bu da öz növbəsində qiymətləri bahalaşdırır və ev tapmağı çətinləşdirir. Gənclərin iş problemi də Azərbaycan iqtisadiyyatının başlıca problemlərindən biridir. Rəsmi rəqəmlər də göstərir ki, Azərbaycanda gənclər arasında işsizlik səviyyəsi ölkə ortalamasıyla müqayisədə daha yüksəkdir.

Qiyabi təhsilə maraq azalır

Azərbaycanda dövlət universitetlərinin tələbələr arasındakı payı daha yüksəkdir. Hazırda ölkədə ali təhsil alanların 88 faizi dövlət ali təhsil ocaqlarında oxuyur. Tələbələrin 92 faizi əyani şəkildə təhsil alır. Bu baxımdan, son dövrlər qiyabi təhsilə marağın azalması da diqqət çəkə bilər. İndi tələbələrin 8 faizi qiyabi təhsil alsa da, 2016-cı ildə bu göstərici 10 faiz, 2011-ci ildə 20 faiz, 2006-cı ildə 25 faiz idi. Deməli, 15 il öncə ölkədə hər dörd tələbədən biri qiyabi təhsil alırdısa, indi təxminən hər 12 tələbədən biri belə təhsili seçir.

Əyani təhsil alanlarla yanaşı, təqaüd alan tələbələr də sayca çoxalıb. 2021-2022-ci tədris ilində ölkədə əyani bakalavr təhsili alan 173 min 474 tələbənin 50.5 faizinə – 87 min 575 tələbəyə təqaüd verilib. Başqa sözlə, indi tələbələrin yarısı təqaüd imkanından yararlana bilir. Müqayisə üçün, 2015-2016-cı tədris ilində bütün tələbələrin 37 faizi təqaüd alırdı. Hazırda Azərbaycan tələbələri, akademik göstəricilərindən asılı olaraq, 90 manat, 132 manat və 156 manat təqaüd ala bilir.

Dövlət sifarişi ilə ödənişsiz ali təhsil alanların da sayında nisbi artım var. 2021-2022-ci tədris ilində dövlət ali təhsil ocaqlarında bakalavr təhsili alan təxminən 188 min tələbənin 100 min 514 nəfəri - tələbələrin 53.5 faizi təhsilhaqqı ödəməklə, yerdə qalan 46.5 faizi isə dövlət sifarişi ilə oxuyub. Müqayisə üçün, 2015-2016-cı tədris ilində dövlət ali təhsil müəssisələrində təhsil alanların 61 faizi ödənişli, 39 faizi ödənişsiz təhsil alırdı.

Tələbələrin nəticələri necədir?

Azərbaycanda tələbə sayı kəskin artsa da, onların qəbul imtahanı göstəricilərinin yaxşılaşdığını söyləmək çətindir. Təhsil Nazirliyinin hesabatına görə, 2021-2022-ci təhsil ili üçün keçirilən imtahanlarda universitetə qəbul edilmiş tələbələrin orta balı 275 olub. Bu, bir əvvəlki ilin nəticəsindən 10 bal, iki il əvvəllə müqayisədə isə cəmi 4 bal artım deməkdir. 2020-2021-ci tədris ili üçün qəbul imtahanlarında tələbələr ortalama 265 və 2019-2020-ci ildə 271 bal toplamışdılar. Təhsil Nazirliyi 2020-ci ildə qeydə alınan nəticələrin bir əvvəlki illə müqayisədə aşağı düşməsini pandemiyanın təhsil sektorunda doğurduğu çətinliklərə bağlamışdı.

Ötənilki qəbul imtahanlarında ən yüksək orta bal dördüncü qrupda qeydə alınıb – 333 bal. Üçüncü qrup üzrə qəbul olunmağı bacaran tələbələr arasında orta bal 298 bal, birinci qrupda 214 bal, ikinci qrupda isə 198 bal olub. Ən zəif nəticə beşinci qrup üzrə qeydə alınıb – cəmi 191 bal.

Tələbələr ən çox hansı ixtisaslarda təhsil alır?

Hazırda Azərbaycanda tələbələr ən çox təhsillə bağlı ixtisaslara yiyələnirlər. Ölkədəki toplam 212 min tələbənin 47 minindən çoxu – 22.2 faizi təhsillə bağlı ixtisaslarda oxuyur. Ən çox tələbənin təhsil aldığı ikinci istiqamət texniki və texnoloji ixtisaslar qrupudur. Bu istiqamətlərdə toplam 46 min 603 tələbə, yəni bütün tələbələrin təxminən 22 faizi təhsil alır. Tələbələrin ən çox maraq göstərdiyi üçüncü ixtisas qrupu isə iqtisadiyyat və idarəetmədir. Belə ixtisaslarda toplam 43 min 378 tələbə, yəni, bütün tələbələrin 20 faizi oxuyur. Bu o deməkdir ki, ölkədəki tələbələrin təxminən 65 faizi məhz bu üç istiqamətdəki fakültələrdə təhsil almaqdadır.

Ölkədə daha 27 min 387 tələbə (13 faiz) humanitar və sosial elmlər üzrə, 24 min 757 tələbə (11.6 faiz) səhiyyə, rifah və xidmət ixtisasları üzrə, 7 min 124 tələbə (3.3 faiz) mədəniyyət və incəsənət ixtisasları üzrə, 5 min 457 nəfərsə (2.5 faiz) kənd təsərrüfatı ilə bağlı ali təhsil almaqdadır.

XS
SM
MD
LG