Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:27

Kiyev Qərbi hərbi yardımı artırmağa çağırır


Bülletenlərin sayılması
Bülletenlərin sayılması


Kiyev sentyabrın 28-də işğal altında olan dörd vilayətdə Moskvanın təşkil etdiyi referendumu “etibarsız” adlandırıb, Qərbi Ukraynaya hərbi yardımı “əhəmiyyətli dərəcədə” artırmağa çağırıb.

Xarici İşlər Nazirliyi bəyanatında beynəlxalq tərəfdaşları Moskvaya yeni sərt sanksiyalar qoymağa, Kiyevə əlavə hərbi dəstək verməyə səsləyib.

“Ukrayna heç vaxt hər hansı ultimatuma razılaşmayacaq”, – nazirlik bildirib.

+++

Ukraynanın dörd vilayətinin Moskvanın nəzarətində olan hissələrində qondarma referendumlarda Rusiyaya birləşməyə səs verildiyi bildirilir. Bu haqda həmin ərazilərə Moskvanın təyin etdiyi məmurlar məlumat yayıb. Seçicilər “yekdilliklə” anneksiyanı dəstəkləyiblər, açıqlamada vurğulanır.

Ukrayna Prezidenti Volodimir Zelenski səsverməni və nəticələri “saxta” adlandırıb, “silah lüləsi” altında təşkil olunduğunu deyib. ABŞ rəsmiləri isə Ukrayna ərazisi ilhaq olunarsa, Rusiyaya yeni sanksiyalar hazırlandığını bildirib

Ukrayna ərazisinin 15 faizi

Səsvermə sentyabrın 23-dən 27-dək Zaporojye, Luhansk, Donetsk və Xerson vilayətlərinin Moskvanın işğalı altında olan hissələrində keçirilib. Bu ərazilər Ukraynanın 15 faizini təşkil edir.

Ukrayna, Qərb hökumətləri, BMT səsverməni qanunsuz adlandırıb.

Bəzi yerli rəsmilər seçicilərin qorxudularaq səsverməyə məcbur edildiyini deyiblər. Seçki rəsmiləri Rusiya hərbçilərinin müşayiətilə seçki qutularını ev-ev gəzdiriblər.

Şərqi Donetsk vilayətində seçkiyə gedənlərin 99.23 faizinin Rusiyaya birləşməyə səs verdiyi deyilir. Regionun Moskvapərəst separatçı lideri Denis Puşulin nəticəni “möhtəşəm” adlandırıb.

Luhanskda oxşar göstəricinin 98.42, Zaporojyedə 93.11, Xersonda 87.05 faiz olduğu bildirilir.

Parlamentin yuxarı palatasının sədri Valentina Matviyenko deyib ki, Prezident Vladimir Putin sentyabrın 30-da parlamentə müraciətində referendumlar haqda danışacaq. Onun sözlərinə görə, deputatlar oktyabrın 4-də ilhaq qanunvericiliyini nəzərdən keçirə bilər.

“Nəticələr öncədən hazırlanıb”

Zelenski isə sentyabrın 27-də gecə müraciətində deyib ki, “psevdo-referendumların iddia olunan nəticələri öncədən hazırlanıb”. O, dünyada hər bir ölkəni Rusiyanın ilhaqına qarşı aydın siqnal verməyə çağırıb.

“Adamlar televiziya görüntüsü üçün pulemyot lüləsi altında kağız doldurmağa məcbur ediliblər”, – Zelenski deyib. O daha öncə BMT-yə mesajında deyib ki, səsvermədən sonra Ukrayna Rusiya ilə danışıq apara bilməyəcək.

Aİ-nin, NATO-nun mövqeyi

Aİ-nin Xarici siyasət rəhbəri Jozep Borrel sentyabrın 28-də “qanunsuz” anneksiya səsverməsini və onun “saxtalaşdırılmış” nəticələrini pisləyib.

“Bu, sistematik insan haqları pozuntuları fonunda Ukraynanın suverenliyi və ərazi bütövlüyünün daha bir pozuntusudur”, – o, tvitində yazıb.

NATO-nin Baş katibi Yens Stoltenberq Moskvanın təşkil etdiyi səsverməni “qurama”, “beynəlxalq qanunun kobud pozuntusu” adlandırıb.

Stoltenberq Twitter-də yazıb ki, o, sentyabrın 27-də Zelenski ilə danışıb, NATO müttəfiqlərinin Ukraynanın suverenliyi və özünümüdafiə hüququna qəti dəstəyini bildirib.

Səsvermə Rusiyada da keçirilib. Çünki fevralın sonunda müharibə başlayandan Rusiyanın Ukraynada işğal etdiyi ərazilərin minlərlə sakini qaçıb. RIA Novosti-nin məlumatına görə, səssayma böyük əksəriyyətin Rusiyaya birləşməyə səs verdiyini göstərib.

ABŞ BMT-nin Təhlükəsizlik Şurasına qətnamə təqdim edəcək, üzv ölkələri Ukraynada hər hansı dəyişikliyi tanımamağa, Rusiyanı qoşunlarını geri çəkməyə çağıracaq.

XS
SM
MD
LG