Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:28

Erdoğan deyib ki, Rusiya və Ukrayna çox sayda əsiri dəyişməyə razıdır


Ukrayna əsgərləri Xarkov vilayətində
Ukrayna əsgərləri Xarkov vilayətində

“İndi işğalçıların daha Ukrayna torpağında qalmayacağından əminik”, – Zelenski deyib

Türkiyə prezidenti Recep Tayyip Erdoğan ABŞ televiziyasına deyib ki, Rusiya və Ukrayna 200 əsiri dəyişmək barədə razılığa gəliblər.

Bu, son 7 ayda ən böyük əsir dəyişdirilməsidir.

Erdoğan ötən həftə Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən sammiti çəriçivəsində Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmışdı.

O sentyabrın 20-də PBS TV kanalına müsahibəsində dəyişdiriləcək şəxsləri “əsir” yox, “girov” adlandırıb və tam təfərrüatları açıqlamayıb.

Putin müharibəni bitirmək istəyir?

Erdoğan habelə Putinin müharibəni bitirmək istədiyini düşündüyünü deyib:

"Biz geniş müzakirələr apardıq və o məndə belə bir təəssürat yaratdı ki, bütün bunların tezliklə başa çatmasını istəyir. Bu mənim qənaətimdir, çünki hazırkı vəziyyət xeyli problemlidir”.

Türkiyə lideri deyib ki, Moskvanın işğal olunmuş əraziləri qaytarması uzunmüddətli sülhdə mühüm rol oynaya bilərdi:

"Əgər Ukraynada sülh bərqərar olsa, işğal olunan torpaqların qaytarılması zəruriləşəcək”.

Erdoğan Ukrayna müharibəsi üçün məsuliyyəti Putinin daşıdığını deməyib və əlavə edib ki, belə məsələlərdə kiminsə tərəfini saxlamaq faydalı deyil:

"Biz bir liderdən danışmırıq. Əksinə, biz bütün tərəfləri qane edən həll axtarırıq”.

Britaniya Ukraynaya yaylım atəşi sistemi verə bilər

Britaniyanın Baş naziri Liz Trass deyir ki, ölkəsinin gələn il Ukraynaya hərbi yardımı builki 2.3 milyard funt-sterlinqə (2.63 milyard dollar) çatacaq, yaxud bu məbləği keçəcək. Məlumatı sentyabrın 20-də Trassın ofisi yayıb.

Bəyanatda deyilir ki, Britaniyanın Ukraynaya hərbi dəstəyinə yaylım atəşi sistemi kimi avadanlıq daxil ola bilər.

“Ukraynanın son həftələrdəki qələbələri ruhlandırıcı olub”, – bəyanatda vurğulanır. Son günlər Kiyev qüvvələri ildırımsürətli əkshücumla Rusiya qüvvələrini Xarkov vilayətindən əsasən çıxarıb.

“Mənim Ukrayna xalqına mesajım belədir: Böyük Britaniya yolun hər addımında yanınızda olacaq. Sizin təhlükəsizliyiniz bizim təhlükəsizliyimizdir”, – Trass bildirib.

+++

Ukrayna rəsmiləri bu yaxınlarda geri alınmış şərq ərazilərdə təcili sabitləşdirmə işləri aparıldığını bəyan edib. Eyni zamanda Rusiyanın “Ukrayna torpağında oturuşmaması” üçün sürətli irəliləyişin vacibliyi də vurğulanıb.

Son bir neçə həftədə Rusiya qüvvələri Xarkov vilayətində bəzi ərazilərdən çıxmalı olub. Bu isə Ukrayna əsgərlərini Donbas regionunun müəyyən yerlərində yaxın mövqeyə çıxarıb. Həmin ərazilər illərdir Rusiyanın dəstəklədiyi separatçıların nəzarətindədir.

Ermənistan Azərbaycanı yeni hücuma hazırlaşmaqda günahlandırır
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

Sürətin önəmi

Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 19-da gecə müraciətində deyib ki, Kiyevin Xarkov vilayətindəki qüvvələri “vəziyyəti elə sabitləşdirir və mövqelərimizi elə möhkəm qoruyur ki, işğalçılar aşkar panikaya düşürlər”.

“İndi işğalçıların daha Ukrayna torpağında qalmayacağından əminik”, – o vurğulayıb.

Regionda havalar sürətlə soyuyur və ərazidə qalan sakinlərin təməl ehtiyaclarının ödənməsi sarıdan narahatlıq var. Zelenski indiki məqamda sürətin önəmli olduğunu deyib.

“Azad olunmuş ərazilərdə sabitləşdirmənin sürəti. Əsgərlərimizin hərəkətinin sürəti. Azad olunmuş ərazilərdə normal həyatın bərpa sürəti”, – Zelenski vurğulayıb.

O keçən həftə deyirdi ki, son beş ayda Xarkov vilayətində Rusiyanın işğalı altında 150 minədək ukraynalı yaşayıb.

Nağd ödənişlər

Hakimiyyət Xarkov ətrafında sakinlərə kömək məqsədilə kiçik nağd ödənişlərlə bağlı pilot proqramına başlayıb. Bunu geri qaytarılmış ərazilərin yenidən inteqrasiyası üzrə Baş nazir müavini İrina Vereşçuk sentyabrın 19-da axşam deyib.

Onun sözlərinə görə, hər bir şəxsə 33 dollar ekvivalentində pul veriləcək və Beynəlxalq Qırmızı Xaç Komitəsinə layihəyə maliyyə dəstəyinə görə təşəkkür edib.

Zelenski onu da deyib ki, müstəntiqlər Xarkov vilayətindəki İzyum şəhəri yaxınlığında basdırılmış ukraynalı əsgərlərə işgəncə verilməsinə dair yeni dəlil aşkarlayıblar.

Kreml isə Rusiya qüvvələrinin orada hərbi cinayət törətməsi iddialarını “yalan” adlandırıb.

Zelenski Kupyansk yerli administrativ qovşağının da Rusiya qüvvələrindən geri alındığını söyləyib.

Cəbhə xəbərləri

Ukrayna qüvvələrinin Luqanskdakı Bilohorivka kəndinə də nəzarəti geri aldığı bildirilir. Bu kənd Rusiyanın iyulda intensiv döyüşlərdən sonra aldığı Lisiçansk şəhərinin 10 kilometrliyində yerləşir.

Ukrayna Baş Qərargahı sentyabrın 20-də Rusiyanın ölkə boyunca hava və raket zərbələri təhdidiylə bağlı xəbərdarlıq edib. Rusiyanın Mayorsk, Vesele, Kurdyumivka və Novomyxaylivkada hücumlarının dəf olunduğu bildirilir.

AzadlıqRadiosu döyüş zonalarında baş verənlərlə bağlı xəbərləri müstəqil təsdiqlədə bilmir.

Britaniya hərbi kəşfiyyatının sentyabrın 20-də yaydığı məlumata görə, Ukraynanın Rusiya Qara Dəniz Donanması qərargahı və aerodromluna “uzaq məsafədən zərbə qabiliyyəti” Rusiya sualtı qayıqlarının relokasiyasiyasına səbəb olub. Bu isə Krımın səkkiz ildir davam edən işğalında Moskvanın əsas hədəflərinə “zərbə vurur”.

XS
SM
MD
LG