Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:46

Almaniya və Fransa rusiyalılara viza qadağasına qarşıdır


İllüstrativ foto
İllüstrativ foto

Avropa İttifaqı (Aİ) üzvlərinin Ukraynadakı müharibəyə görə rusiyalılara turist vizası qadağasıyla bağlı təklifi böyük əngəllə üzləşir. Aİ nazirləri avqustun 30-da Praqada bu məsələni müzakirə etməlidir.

Fransayla Almaniya görüşdən öncə birgə bəyanatda bildiriblər ki, rusiyalılara viza məhdudiyyətinin əks-təsiri olar. Çünki Aİ Moskvanın Ukraynaya qarşı səbəbsiz təcavüzünü dəstəkləməyən rusiyalıların “ürəyi və beyini” uğrunda savaşmağa çalışır.

“Ağıllı yollar haqda düşünməliyik”

Rusiyalılara viza verilməsini məhdudlaşdırmaq məsələsi son günlər Aİ-nin bəzi üzvləri tərəfindən çox müzakirə olunur. Ancaq Rusiyaya belə bir sanksiyanın tətbiqi üçün blokun 27 üzvünün hamısı ona razılıq verməlidir.

“Biz vizaların verilməsi kimi vacib təzyiq vasitəsindən istifadənin ağıllı yolları haqda düşünməliyik”, – Almaniya və Fransanın birgə bəyanatında deyilir.

İki ölkə qeyd edir ki, rejim təmsilçiləri ilə təmasları məhdudlaşdırmaqla yanaşı, “rus xalqının ürəyi və beyinləri” uğrunda strateji savaş aparmalıyıq”. Bəyanatda Aİ-yə getmək istəyən tələbələr, rəssamlar, alimlər, digər peşəkarlar üçün vizaların açıq qalması təklif olunur.

Rusiya ilə həmsərhəd Baltik ölkələri, Polşa və Finlandiya rusiyalılara turist vizalarının verilməsini məhdudlaşdırmağa çağırırlar. Aİ Rusiyadan uçuşları qadağan edib. Hazırda səyahətçilərin çoxu Aİ ölkələrinə quru sərhədlərini keçərək gedirlər.

Viza rejimi qismən dayandırılsa da...

Aİ ilə Rusiya arasında sadələşdirilmiş viza qaydaları fevralın sonundan, Ukraynaya təcavüz başlayandan qismən dayandırılıb. Rusiya Prezidenti Vladimir Putinə yaxın şəxslərə, Rusiyadan rəsmi nümayəndə heyətlərinə və diplomatik pasport sahiblərinə qadağalar tətbiq edilib.

Ancaq “sıravi rusiyalılar” Aİ-yə getmək üçün sadələşdirilmiş viza qaydalarından yararlanırlar.

Ukrayna Prezidenti Volodimir Zelenski də bu ay ölkəsinə hücuma görə Moskvanı cəzalandırmaq üçün Aİ-ni Rusiya vətəndaşlarının hamısına viza qadağası qoymağa çağırıb.

“Viza rejimi artıq qismən dayandırılıb. Məncə, daha bir əlavə addım olacaq”, – Aİ-nin Xarici siyasət rəhbəri Jozep Borrel avqustun 29-da Praqada AzadlıqRadiosuna müsahibəsində deyib.

“Ancaq tam bir qadağanın olacağını deyə bilmərəm... Mən rusiyalıların heç vaxt Avropaya gedə bilməməsini dəstəkləmirəm... Ancaq qərarı Aİ nazirləri verəcək”, – Borrel sözlərinə əlavə edib.

XS
SM
MD
LG