Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:54

Nike, Marks&Spencer Rusiya bazarından çıxır


Arxiv fotosu
Arxiv fotosu

ABŞ-ın idman ayaqqabısı və geyimləri üzrə ixtisaslaşmış Nike şirkəti 28 ildən sonra Rusiya bazarından çıxır. Şirkət bunu “proqnozlaşdırılan gələcəkdə” Rusiyaya məhsul çatdırmaq imkanının olmaması ilə izah edib. Bu haqda “Vedomosti” yazır.

Yeni məhsul gətirilmir

Nike Inventive Retail Group (IRG) ilə françayzinq sazişini uzatmayıb. Amerika riteylerinin Rusiyada ən böyük mağazalar şəbəkəsi məhz bu qrupa məxsusdur.

“Məhsul ehtiyatları bitəndən sonra IRG bu brend adı altında mağazaların hamısını bağlayacaq”, – IRG Prezidenti Tixon Smıkov əməkdaşlara məktubunda yazıb.

Şirkətdən verilən məlumata görə, Nike daha Rusiyaya yeni məhsullar gətirmir, daha öncə gətirilmiş mallar isə qıtlaşıb.

Martın əvvəlində Nike Rusiya internet-mağazasında satışı dayandırıb, bir neçə gün sonra bu ölkədə mağazaların hamısını müvəqqəti bağlamaq qərarı verib.

Maaşlar ödənəcək

Şirkətdən verilən məlumata görə, Rusiyada biznes fəaliyyətini dayandırmasına baxmayaraq, əməkdaşların maaşları ödənəcək.

Ötən il Nike və Nike riteyl-in 25.5. milyard rubl gəliri olub.

Martın 3-də Rusiyada fəaliyyətini dayandırmış Marks & Spencer şirkəti də mayın 25-də Rusiya bazarından tam çıxdığını açıqlayıb. Şirkət qərarını Ukraynadakı müharibədən dolayı Rusiyaya məhsul çatdıra bilməməsi, Avropa İttifaqının sərhədində problemlərlə izah edib.

Rusiya fevralın sonunda Ukraynaya hücuma başlayandan sonra Qərbin sərt sanksiyaları fonunda yüzlərlə korporasiya və brend Rusiyada biznesi dayandırdığını, bu ölkədən getdiyini açıqlayıb.

XS
SM
MD
LG