Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:28

Avropa Rusiyanı indi də ‘ərzaq şantajına’ keçməkdə ittiham edir


Ursula von der Leyen
Ursula von der Leyen

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen deyib ki, Rusiya enerji təchizatında olduğu kimi, ərzaq təchizatından da silah kimi istifadə edir

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen mayın 24-də deyib ki, Rusiya enerji təchizatında olduğu kimi, ərzaq təchizatından da silah kimi istifadə edir.

Davosda keçirilən Dünya İqtisadi Forumunda danışan xanım von der Leyen bəyan edib ki, “Rusiyanın şantajına” qarşı ən yaxşı vasitə “qlobal əməkdaşlıq” ola bilər:

"Ukraynanın işğal altında olan torpaqlarında Kremlin ordusu taxil məhsulunu və kənd təsərrüfatı texnikasını müsadirə edir. Rusiya hərbi gəmiləri Qara dənizdə taxıl və günəbaxan tumu ilə dolu Ukrayna yük gəmilərini blokadaya salıblar”.

Reuters agentliyinin xəbərində deyilir ki, Avropa İttifaqı Ukrayna taxılının ixracına kömək üçün alternativ logistika marşrutlarının – Ukrayna ilə “həmrəylik kanallarının” açılışına çağırıb.

Təşəbbüs dəstəklənib

Aİ-nin aqrar siyasəti üzrə rəhbəri Yanuş Voyçexovski bəyan edib ki, bu təşəbbüs Avropa İttifaqı ölkələrinin kənd təsərrüfatı nazirləri tərəfindən tam dəstəklənib:

"Qonşu ölkələr əllərindən gələni edirlər və mən onlara təşəkkürümü bildirirəm”.

O əlavə edib ki, Ukrayna ilə qonşu Aİ ölkələri taxılın ixracı üzərində işləyirlər, lakin bu prosesə dəmir yollarında yaranmış problemlər mane olur.

Reuters yazır ki, Rusiyanın Ukraynaya hücumu onsuz da taxılın, bitki yağlarının, gübrə və enerjinin qiymətlərini kəskin artırmışdı.

Kreml bundan əvvəl, mayın 23-də qlobal ərzaq böhranına görə Rusiyanın üzərinə ağır sanksiyalar qoymuş Qərbi ittiham etmişdi.

Avropa Komissiyası bildirib ki, Avropanın öz ərzaq bazarı müharibədən təsirlənməyəcək, amma bununla belə Ukraynadan qarğıdalı, buğda, yağ və raps ixracının azalması heyvandarlıq məhsullarının qiymətini qaldıracaq.

Britaniya hərbi donanması kömək edə biləcəkmi?

Bu arada Britaniya bildirib ki, Ukrayna taxılını daşıyan gəmilərin blokadadan çıxarılması üçün Qara dənizə Britaniya Hərbi Donanmasının gəmiləri göndərilə bilər.

The Independent yazır ki, Britaniya hazırda Ukrayna portlarının Rusiya tərəfindən blokadasının yarılması məqsədilə Litva ilə “niyyət alyansı” qurmağı müzakirə edir.

Qəzet yazır ki, bu təşəbbüsə Ukrayna taxılından asılı olan başqa ölkələr, məsələn Misir də qoşula bilər.

Məqalədə deyilir ki, əgər bu təşəbbüs baş tutarsa, əvvəlcə Ukrayna sahillərini dəniz minalarından təmizləmək lazım gələcək.

Xəbər verilir ki, milyonlarla ton Ukrayna taxılı hazırda ölkə anbarlarında yığılıb qalıb.

Alternativlər var

Litva xarici işlər naziri Qabrielus Landsbergis bu həftə Londonda britaniyalı həmkarı Liz Trassla görüşündə deyib:

“Odessanın Rusiya tərəfindən blokadası qaldırıla bilər və qaldırılmalıdır. Ukraynanın dünyanı yedizdirməsinə imkan verilməlidir”.

Britaniyanın başqa rəsmiləri də bildirirlər ki, Ukrayna taxılının idxalı üçün alternativlər var və onlardan istifadə olunmalıdır.

Ötən həfətə BMT Ərzaq Proqramının rəhbəri Deyvid Bizli Rusiya prezidenti Vladimir Putini “dünyanın yoxsul ölkələrində aclıq yaranmaması üçün” dəniz blokadasını qaldırmağa çağırmışdı.

Lakin Moskva bunun müqabilində onun üzərinə qoyulmuş sanksiyalara yenidən baxılmasını tələb edir.

Bəzi medialar işğalçı Rusiya ordusunun Ukrayna taxılını oğurlayıb satmağa çalışdığını yazır.

XS
SM
MD
LG