Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:35

Putin səfərbərlik elan edəcəkmi


İllüstrativ foto
İllüstrativ foto

“Rusiyada 100 min – 200 min əsgər yığmaq üçün səfərbərliyə ehtiyac yoxdur. Böyük ölkədir, az inkişaf etmiş regionlarda yetərincə adamlar var ki, pul versən, vuruşarlar”

Rusiya Prezidenti Vladimir Putin mayın 9-da Qələbə Günü paradında hərbi səfərbəlik elan etməyi planlaşdırırmı? Kremlin sözçüsü Dmitri Peskov bu suala “cəfəngiyatdır” deyə cavab verib.

Peskov Putinin Ukraynaya rəsmən müharibə elan edəcəyi haqda suala da eyni cavabı verib.

Putinin paraddan bu məqsədlərlə istifadə edəcəyi ətrafında spekulyasiya dolaşırdı.

“Reallıqda heç nə əldə etməyiblər”

Fevralın 24-də Ukraynaya hücuma başlayan Putin Kiyevi ala bilməyəndən sonra qüvvələri ölkənin şərqinə yönəldib. Bir hissəsi Rusiyanın dəstəklədiyi separatçıların nəzarətində olan Donbas regionunun “tam təmizlənməsi” strateji məqsəd kimi açıqlanıb.

“Məncə, Putin nəsə etməlidir”, – ukraynalı hərbi təhlilçi Mixaylo Samus belə deyir. Onun sözlərinə görə, Putinin generalları 9 may bayramı öncəsi ona əhəmiyyətli uğur vəd ediblər.

“Reallıqda isə heç nə əldə etməyiblər… Putin Ukraynadakı müharibə, yaxud səfərbərlik haqda emosional bəyanat verə bilər, amma faktiki, heç bir dəyişiklik baş verməyəcək”, – Samus deyib.

Ordunun monitorinqini aparan, hazırda Gürcüstanda yerləşən Conflict Intelligence Team (CIT) təşkilatının təhlilçisi Ruslan Leviyevin fikrincə, Putin səfərbərlik kimi addımı “siyasi fəsadlar” kontekstində nəzərdən keçirir.

“Onun populyarlığına ciddi risk var”, – deyən Leviyev mövcud qüvvələrlə hətta Donbasda Ukrayna qüvvələrini mühasirəyə almağın mümkün olmadığını sözlərinə əlavə edir.

Qismən səfərbərlik

Moskvadakı İqtisadi Siyasət İnstitutunun tədqiqatçısı Sergey Javoronkov deyir ki, müharibə, yaxud ümumi səfərbərlik elan etmək müharibəyə dəstəyə zərbə vura bilər.

“Müharibənin populyarlığı dərhal azalar. Bunu maraqlı kompüter oyunu kimi izləmək bir şeydir, xeyli rusiyalıya, ailələrinə təsir göstərməsi isə ayrı”, – o söyləyir.

Leviyevin fikrincə, bəzi sərhəd regionlarda, yaxud son vaxtlar ehtiyata buraxılmış hərbçiləri əhatələyən qismən səfərbərlik daha real səslənir.

“Qismən səfərbərlik olsa, əlavə 200 min əsgər cəlb etmək olar”, – o bildirir.

Samus da eyni proqnozu bölüşür.

“Rusiyada 100 min – 200 min əsgər yığmaq üçün səfərbərliyə ehtiyac yoxdur. Böyük ölkədir, inkişaf az getmiş regionlarda yetərincə adamlar var ki, pul versən, vuruşarlar”, – o vurğulayır.

Artıq səfərbərlik gedir

Energetika nazirinin keçmiş müavini, hazırda aparıcı müxalifət fiquru Vladimir Milov artıq qismən səfərbərliyinin əlamətlərini görür.

“Regionlarda minlərlə adam yazıb soruşur ki, orduya cəlb olunaraq Ukraynaya göndərilməkdən necə yayına bilərlər. Onlar artıq bacardıqları hər kəsi orduya çağırırlar”, – Milov AzadlıqRadiosu-na deyib.

Radionun müxbirləri ölkənin şimal-qərbində məmurların ordudan tərxis olunmuşları Ukraynada müqaviləli xidmətə cəlb etməyə çalışdığımı təsdiqləyir. Onlar hətta superjob.ru iş elanı portalında yaşı 50-dən az, hərbi tarixçəsi təmiz, kriminal tarixçəsi olmayanları axtarırlar.

“Əsas odur ki, orduda olasan, silah gəzdirəsən”, – Petrozavodskda bir əsgəryığan deyib. Çeçenistanın paytaxtı Qroznıda isə radioya deyiblər ki, ölkənin istənilən regionundan könüllüləri orduya götürürlər, onlara təlim və avadanlıq veriləcək. Birinci ay üçün 300 min rubl (4 min 600 dollar) pul ödənəcəyi bildirilib.

Dünyaya qarşı müharibə

AzadlıqRadiosu-nun müxbiri Robert Koalson yazır ki, Kreml nasist Almaniyası üzərində Qələbə günündə müharibəyə ictimai dəstəyi səfərbər edə bilər. Putinin Rusiyanın “nasizmə qarşı vuruşduğunu” təkrarlayacağı gözlənir, Moskvada yaşayan siyasi təhlilçi Natalya Şavşukova belə deyir. O, Kremlin “nasizmi təhrif olunmuş şəkildə anladığını” da sözlərinə əlavə edib.

Kremlin dediyi odur ki, bu “bütün dünyaya qarşı müharibədir. Bütün dünya bizə qarşıdır, biz hansısa abstrakt ədalət, öz keçmişimiz uğrunda vuruşuruq”.

“Adamlar kasıb yaşayır. Onlara daim bu ideyanı yedizdirmək lazımdır ki, ‘uşaqlarımız üçün parlaq gələcək qururuq, sadəcə azacıq hövsələli olmalıyıq, hər şey yaxşı olacaq’. Onlara satqınlar, işlərin pis getməsinə görə günahlandırmağa adamlar tapmaq lazımdır”, – bunu isə tanınmış siyasi təhlilçi Andrey Kolesnikov söyləyir.

“Adamlar nəyinsə düz getmədiyini, uğurların gəlmədiyini anlayırlar. Bu isə o deməkdir ki, günahkarlar tapılmalıdır. Kimdir günahkar? Beşinci kolon, Qərbdən pul alan propaqandaçılar, milli satqınlar. Vladimir Putinin mövqeyi pisləşdikcə, ictimai həyatımızda düşmən axtarmağın rolu böyüyür”, – o, sözlərinə əlavə edir.

XS
SM
MD
LG