Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:29

İranda prezident seçkisinə kimlər gedir


İranda prezident seçkisi, 19 may, 2017-ci il
İranda prezident seçkisi, 19 may, 2017-ci il

Namizədlərin yekun siyahısı mayın 27-də açıqlanmalıdır

İranda gələn ay keçiriləcək prezident seçkisinə mümkün namizədlər içində mühafizəkar ədliyyə sisteminin başçısı İbrahim Rəisi və parlamentin keçmiş spikeri Əli Laricani daha çox diqqət çəkir, mübarizənin məhz onların arasında gedəcəyi bildirilir.

AzadAvropa/AzadlıqRadiosu-nun müxbiri Gülnaz İsfəndiyari hər iki siyasətçinin uzun illərdir ölkənin islamçı isteblişmentinin bir hissəsi olduğunu yazır. İndiki prezident Həsən Ruhani iki müddət bu vəzifədə olduğundan namizədliyini verə bilməz.

Həm Rəisi, həm də Laricani keçmişdə də prezident seçkisi marafonuna qatılıblar, indi də onların heç biri xüsusi xarizmatik, yaxud ruhlandırıcı lider kimi görünmür. Bu arada Rəisi populist şüarlara rəğbətini büruzə verib, Laricani isə bundan yayınıb.

Seçkiyə kimlər buraxılır

Son illər Rəisinin nüfuzu güclənib, Laricani ailəsininki isə əksinə, azalıb. Laricaninin atasını vaxtilə şah sürgün edib, qardaşı isə ədliyyə rəhbəri olub. Laricani özü təcrübəli siyasətçidir, son illər bir neçə aparıcı vəzifələrdə olub.

Rəisi isə ədliyyə sistemində sürətlə irəliləyib. Tehran prokurorunun müavini olanda, 1989-u ildə siyasi məhbusların qətliamında rol oynayıb. O zaman məhbusların qətlinə İslam respublikasının qurucusu Ayətulla Ruhulla Xomeyni fətva vermişdi.

18 iyun seçkisinə namizəd kimi qeydiyyat alınmaqdan ötrü 592 nəfər sənəd verib, onlardan 40-ı qadındır. Artıq bir çoxunun namizədliyi qeydə alınmayıb. Namizədləri 12 üzvü olan Qəyyumlar Şurası seçir. Bu şuranın üzvlərini birbaşa, yaxud dolayısı ilə ölkənin Ali dini lideri Ayətulla Əli Xameneyi təyin edir.

Şura indiyədək Xameneyiyə yetərincə sadiq görünməyən namizədləri qeydə almayıb.

Seçki iqtisadi vəziyyətin ürəkaçan olmadığı bir dönəmə düşür. ABŞ 2018-ci ildə nüvə sazişindən çıxaraq Tehrana sanksiyaları bərpa edib. Hökumətin koronavirus pandemiyasını idarə etməsi, vaksinasiyasının sürətindən də narazılıq var.



Rəisi – Xameneyinin varisi?

61 yaşlı Rəisi 2017-ci il seçkisində nisbətən mötədil namizəd Ruhaniyə məğlub olmuşdu. Rəisi seçkiyə müstəqil namizəd kimi qatıldığını, yoxsulluq və korrupsiya ilə mübarizə aparacağını bəyan edib.

Ona 82 yaşlı Xameneyinin mümkün varisi kimi də baxırlar. Ancaq prezident seçkisində daha bir məğlubiyyət Rəisinin sonucda ali dini lider olmaq şanslarına zərbə vura bilər.

Mühafizəkar “Resalat” qəzeti Rəisini ən çox şansı olan namizəd adlandırsa da, bəzi müşahidəçilər heç kimin qələbəsi öncədən zəmanət verilmədiyini deyirlər.

Tehranda yaşayan jurnalist və təhlilçi Əhməd Zeydabadi “Fararu.com” xəbər saytına deyib ki, heç kim öncədən qalib elan oluna bilməz, “namizədlər televiziyada çıxış etməli, debata qatılmalı olacaqlar”.

Mühafizəkar təhlilçi Amir Reza Vaezi Aştiani isə düşünür ki, Rəisi daha çox səs toplaya bilər.

“Rəisi ötən seçkidə 16 milyon səs yığmışdı. O vaxtdan özünü yaxşı göstərib, potensial səsləri artıb”, – o deyib.

Laricani isə 12 il parlament spikeri, ölkənin nüvə danışıqlarında əsas təmsilçisi, Ali Milli Təhlükəsizlik Şurasının katibi olub.

O, qeydiyyata alınarkən Rəisini və İslam İnqilab Keşikçiləri Korpusundan (İİKK) namizədliyə digər iddialıları tənqid edib, deyib ki, “iqtisadiyyat qışqırıq və əmrlə idarə olunacaq qarnizon, yaxud məhkəmə deyil”.

Laricani, yoxsa “üçüncü Ruhani hökuməti”

65 yaşlı Laricani əvvəlki illər Ruhaninin müttəfiqi kimi göründüyündən, ona səs vermək “üçüncü Ruhani hökuməti” və onun siyasətinin qələbəsi kimi yozulur.

Keçmiş prezident müşaviri Hesamedin Aşenanın deməsinə görə, Laricani seçkiyə qatılmaq qərarı verməklə digər namizədlərə ciddi rəqabət yaradıb.

“Artıq seçkini udmaq asan deyil”, – o, Twitter-də yazıb.

İİKK-da xidmət etmiş Laricani görünür, həm mühafizəkar düşərgədə, həm də islahat tərəfdarlarının səsini qazanacağına inanır.

Ancaq islahat düşərgəsində çoxları ona şübhəylə yanaşır, çünki vaxtilə bərk senzura altında olan, dövlətin nəzarət etdiyi televiziya şəbəkəsinə rəhbərlik edib.

2005-ci il prezident seçkisinin birinci raundunda Laricani 6 faizədək səs yığıb.

Digər mümkün namizədlər

Seçki marafonuna bir sıra digər mühafizəkarlar da qatılmağa ümidlidirlər. 64 yaşlı Hüseyn Dehgan keçmiş müdafiə naziri və Xameneyinin hərbi müşaviridir.

53 yaşlı Səid Məhəmməd isə İİKK-nın tikinti konqlomeratı Xatam əl-Anbiyaya başçılıq edib.

Keçmiş prezident Mahmud Əhmədinejad da sənədlərini təqdim edib. O, 2017-ci ildə seçkiyə buraxılmamışdı.

İslahatçılardan 64 yaşlı Eşağ Cahangri aparıcı namizəd hesab olunur. 2017-ci il seçkisində namizəd olmuş Cahangiri teledebatlarda yaxşı perfomans ortaya qoymuşdu. O sonradan Ruhaninin xeyrinə namizədliyini geri götürdü. Bəzilərinin fikrincə, Cahangiri sonda Laricanini dəstəkləyə bilər.

Tehran Şəhər Şurasının sədri, 60 yaşlı Möhsün Haşemi Rəfsəncani da islahatçılardan namizəd olmağa ümidlidir. O, keçmiş prezident Haşemi Rəfsəncaninin böyük oğludur.

Qadınlara gəlincə, Xatəmi administrasiyasında qadın məsələləri üzrə müşavir olmuş 65 yaşlı Zəhra Şocaei hələlik, sənədlərini təqdim etmiş ən tanınmış qadındır. İndiyədək İranda prezident seçkisinə qadın namizəd buraxılmayıb.

Namizədlərin yekun siyahısı mayın 27-də açıqlanmalıdır.

XS
SM
MD
LG