Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:43

'Şərləyib salıblar zindana, deyirlər ki, 'sus''


Valideynlər Ali Məhkəmədən sonra Milli Məclisin qarşısına gediblər.
Valideynlər Ali Məhkəmədən sonra Milli Məclisin qarşısına gediblər.

Gəncə hadisələrinə görə həbsdə olanların ailə üzvləri mayın 4-də Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmək istəyib. Lakin onların bu cəhdi baş tutmayıb. Məhbusların yaxınlarını Ali Məhkəmənin cinayət kollegiyasının hakimi Şahin Yusifov qəbul edib. Bu barədə AzadlıqRadiosuna həbsdə olanlardan Cəfər Zalovun həyat yoldaşı Günay Zalova məlumat verib.

"Düzü, bu görüşü faydalı saymıram. Bizi inandırmağa çalışırdı ki, obyektiv araşdırma aparılacaq, ədalətli qərar veriləcək. İki ildən çoxdur biz bu məhkəmələrdəyik, onların obyektivliyini də, ədalətini də görə-görə gəlirik. Heç bir sübut-dəlil olmadan adamlara uzunmüddətli həbs cəzaları verilib", – Zalova belə deyir.

"Sözümüzü deməyə imkan vermirlər"

Valideynlər Ali Məhkəmənin qarşısında olarkən ora çoxlu sayda polis əməkdaşları gətirilib. Onlar "Gəncə məhbusları"nın ailə üzvlərindən ərazini tərk etməyi tələb edib.

"Bir yerə toplaşmağa, sözümüzü deməyə imkan vermirlər. Uşağımı heç bir sübut olmaya-olmaya şərləyib salırlar zindana, deyirlər ki, "sus". Belə dövlət olar?!", – Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə suçlanan Mahir Əzizovun anası Məhbubə Əzizova belə deyir.

Valideynlər Ali Məhkəmədən sonra Milli Məclisin qarşısına gediblər. Onlar Gəncəni təmsil edən deputat Musa Quliyevlə görüş tələb ediblər.

"Biz ora çatan kimi tutub saxladılar. Xeyli gözlədəndən sonra dedilər ki, guya Musa Quliyev Gəncədədir. Təbii ki, biz inanmadıq. Onlar istəyirlər ki, biz yenidən Gəncəyə qayıdaq. Qayıtmayacağıq, çünki biz prokurorluqda söz veriblər, mayın 7-də baş prokuror bizi qəbul edəcək", – Zalova bildirib.

Gəncə hadisələrinə görə həbs olunanlardan iki qrupun işi hazırda Ali Məhkəmədədir, mayın 25-26-da baxılacaq. Yunis Səfərov və onunla birlikdə təqsirləndirilənlərin işi isə Bakı Ağır Cinayətlər Məhkəməsində yekunlaşmaq üzrədir.

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və onu mühafizə edən polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsddə suçlanan Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə orqanları Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edir. Səfərov isə sabiq icra başçısını əhaliyə zülm etdiyinə görə öldürmək istədiyini bildirib.

Bu il martın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror Y.Səfərovun ömürlük azadlıqdan məhrum olunmasını təklif edib. Digər təqsirləndirilən şəxslərə 20 ildən 18 ilə kimi azadlıqdan məhrumetmə cəzası istənilib.

Sui-qəsd hadisəsindən bir həftə sonra - iyulun 10-da Gəncənin mərkəzi meydanında keçirilən aksiyada iki polis polkovniki qətlə yetirilib. Gəncə hadisələrindən sonra həbs olunan 70-dən artıq şəxsin qruplar şəkilində ayrı-ayrı vaxtlarda məhkəmələri olub. Əksəriyyəti kütləvi iğtişaşların təşkili, polis əməkdaşlarına qarşı zor tətbiq etmə və s. əməllərdə suçlanıb. Onlara 6 ildən 18 ilə qədər həbs cəzası kəsilib. Sonradan bir çoxunun cəzası azaldılıb, azadlığa buraxılanlar olub. Gəncə hadisələrinə görə həbs olunanlar işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildirsələr də, rəsmi qurumlar bu iddiaları təkzib edib.

XS
SM
MD
LG