Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:23

Rasim Quliyev niyə həbs olunub – detallar


Bakı şəhər İcra Hakimiyyəti
Bakı şəhər İcra Hakimiyyəti

Uzun illər Bakı şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri işləmiş Rasim Quliyevin həbsinin detalları məlum olub. Baş Prokurorluğun mətbuat xidmətindən AzadlıqRadiosuna verilən məlumatda bildirilir ki, o, qanunsuz söküntü və tikintiyə icazə verməkdə suçlanır. Söhbət paytaxtın mərkəzində - Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi-141 ünvanında yerləşən yaşayış binalarının, o cümlədən yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi qorunan yaşayış evinin sökülməsi, orada yeni yaşayış binalarının tikintisi üçün "FF-2011" Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsindən gedir.

Quliyev Aparat rəhbəri olmaqla yanaşı, bir müddət Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini səlahiyyətlərini də icra edib. Sözügedən sərəncam da həmin dövrdə - 31 may 2018-ci ildə verilib.

"Rasim Quliyev təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi, Bakı şəhər İcra Hakimiyyəti başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalayıb. Bununla da həmin ərazidə 1893-cü ildə inşa edilmiş, yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan, ayrı-ayrı fiziki şəxslərə məxsus mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz söküntüsünə başlanıb. Həmçinin, tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olub", – Baş Prokurorluğun məlumatında bildirilir.

Xatırlatma

Rasim Quliyevə qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3 (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə - ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.

Aprelin 2-də məhkəmənin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Quliyevin yaxınlarının bildirdiyinə görə, o, özünü təqsirli bilmir və haqqındakı həbs qərarından da apellyasiya şikayəti veriləcək.

51-yaşlı Rasim Quliyev Bakı şəhər İcra Hakimiyyətində öncə ərazi idarəetmə şöbəsinin müdiri, 2010-cu il yanvarın 6-dan 2018-ci il sentyabrın 20-nə qədər Aparat rəhbəri vəzifəsində çalışıb. Eldar Əzizov paytaxtın icra başçısı təyin ediləndən sonra o, Aparat rəhbəri vəzifəsindən azad edilib. 2019-cu ilin əvvəlində isə, ümumiyyətlə, işdən çıxıb.

2015-ci ildə prezident onu "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif etmişdi.

Quliyevin ittiham olunduğu maddələrdə 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG