Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 06:25

Bayden Putinə ‘qatil’ dedi, Rusiya səfirini geri çağırdı


Co Bayden (solda) və Vladimir Putin
Co Bayden (solda) və Vladimir Putin

Rusiya martın 17-də Birləşmiş Ştatlardakı səfirini Vaşinqtonla münasibətlər barədə məsləhətləşmə üçün Moskvaya çağırıb.

Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Moskva Vaşinqtonla münasibətlərinin “düzəlməyəcək dərəcədə” korlanmasını istəmir.

Nazirliyin bəyanatında deyilir ki, Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov məsləhətləşmə üçün Moskvaya çağırılıb və bu məsləhətləşmədən məqsəd Birləşmiş Ştatarla bağların bundan sonra necə olacağını müzakirə etməkdir.

Bundan əvvəl ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putin barədə danışarkən ağır ittihamlar səsləndirmişdi.

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov
Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov

Bayden ‘Putini qatil hesab edirsinizmi’ sualına ‘Bəli’ deyib

ABŞ prezidenti Co Bayden deyib ki, onun rusiyalı həmkarı Vladimir Putin qəlbi olmayan “qatildir” və tezliklə ABŞ-da noyabr seçkisinə müdaxilə etməsinin “bahasını” ödəyəcək.

Bayden martin 17-də ABC News telekanalına müsahibəsində aparıcı Corc Stefanopulasın sualına cavab verərkən Putin barədə deyib:

"O, bunun bədəlini ödəyəcək. Tezliklə görəcəksiniz”.

Bu müsahibədən bir neçə saat əvvəl, ABŞ Milli Kəşfiyyatı direktorunun ofisi məxfi hesabat açıqlamışdı.

Hesabatda deyilirdi ki, ABŞ seçkisi zamanı Rusiya prezidenti Vladimir Putin ölkəsinin hökumət qurumlarına prezident Baydeni və Demokrat Partiyasını gözdən salan və eyni zamanda keçmiş prezident Donald Trampa dəstək verən təsir əməliyyatının aparılmasına göstəriş verib.

Dörd onillik ərzində siyasət meydanında olan Bayden deyib ki, o Putini “kifayət qədər yaxşı tanıyır” və onun fikrincə, Rusiya prezidentinin “qəlbi yoxdur”.

Jurnalistin o “Putini qatil hesab edirmi” sualına Bayden "Mmm…hmm… Bəli" şəklində cavab verib.

Kreml inkar edir

Kreml martin 17-də ABŞ kəşfiyyatının hesabatında yazılanları inkar edib və onları “tamamilə əsassız” adlandırıb.

Putinin sözçüsü Dmitri Peskov deyib ki, Rusiya seçkiyə “müdaxilə etməyib” və “heç bir namizədə qarşı kampaniyalar aparmayıb”.

ABŞ və Rusiya arasındakı münasibətlərin son dərəcə gərgin olmasına baxmayaraq, Bayden deyib ki, qarşılıqlı maraq kəsb edən sahələrdə birgə iş aparıla bilər.

ABŞ prezidentinin fikrincə belə sahələrdən biri də Yeni START nüvə müqaviləsinin yenilənməsidir.

Müsahibədə Rusiyadan başqa mövzulara da toxunulub.

Qoşunların Əfqanıstandan çıxarılma tarixi müəyyən ediləcək

Bayden xəbərdarlıq edib ki, ABŞ qoşunlarının mayın 1-dək Əfqanıstandan çıxarılmasına dair keçmiş prezident Donald Trampın Talibanla razılaşmasının icrası, çətin də olsa, baş verə bilər.

Bununla belə, ABŞ prezidenti bildirib ki, o qoşunların çıxarılması tarixinin müəyyənləşdirilməsi “prosesisindədir”.

Bayden izah edib ki, keçmiş prezidentin əldə etdiyi razılaşma elə də dəqiq deyil və Vaşinqton hazırda bu məsələ ilə bağlı müttəfiqlərlə və hökumətlə məsləhətləşmə prosesindədir.

Keçmiş prezident Donald Trampın administrasiyası dövründə, 2020-ci ilin fevralında Vaşinqtonla Taliban arasında əldə olunmuş razılaşmaya görə ABŞ Əfqanıstanda qalan qoşunlarının hamısını mayın 1-dək çıxarmalıdır.

Səudiyyə kralına xəbərdarlıq edilib

Bu arada martin 18-də Moskvada Əfqanıstanda sülhə həsr olunmuş konfrans keçiriləcək.

ABŞ prezidenti Co Bayden Birləşmiş Ştatların Əfqanıstan üzrə xüsusi səfiri Zalmay Xəlilzadın Moskvada keçiriləcək konfransa qatılacağını bildirib.

Taliban və Əfqanıstan prezidenti Əşrəf Qani də konfransda iştirak etməyə razılıq veriblər.

Yaxın Şərq siyasətinə dair suallara cavab verərkən Co Bayden deyib ki, ABŞ kəşfiyyatının Səudiyyə dissidenti, jurnalist Camal Xaşoqqinin qətlinə vəliəhd şahzadə Məhəmmən bin Salmanının xeyir-dua verdiyinə dair qiymətləndirməsindən sonra, o Səudiyyə Ərəbistanının kralına “münasibətlərin dəyişəcəyinə dair aydın açıqlama” verib.

Jurnalist 2018-ci ildə Səudiyyənin İstanbuldakı konsulluğunda qətlə yetirilib.

Səudiyyə rəsmiləri iddia edirlər ki, bu qətli “özbaşına hərəkət edən xəfiyyələr” törədiblər.

XS
SM
MD
LG