Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 08:20

ABŞ və Avropa İttifaqı Moskvaya yeni sanksiyalar qoydu


Prezident Co Bayden
Prezident Co Bayden

Birləşmiş Ştatlar və Avropa İttifaqı Rusiya müxalifətçisi Aleksey Navalnının zəhərlənməsi və həbs edilməsinə görə Moskva üzərinə yeni koordinasiyalanmış sanksiyalar elan edib.

Bayden administrasiyası ABŞ-ın Moskva ilə münasibətlərində “çox fərqli” yanaşma nümayiş etdirəcəyini bildirsə də, əlavə edib ki, Kremlin “qəbulolunmaz davranışlarına” Avropa müttəfiqləri ilə vahid cəbhədən cavab veriləcək.

Vaşinqton martin 2-də bildirib ki, ABŞ kəşfiyyatının qiymətləndirməsində Navalnının zəhərlənməsinin arxasında Federal Təhlükəsizlik Xidmətinin dayandığı “çox yüksək əminliklə” ehtimal edilir və bununla əlaqədar Rusiyanın 7 rəsmisi üzərinə sanksiyalar qoyulur.

ABŞ sanksiyaları Rusiya Cəzaların İcrası Federal Xidmətinin rəhbəri Aleksandr Kalaşnikova, prezident administrasiyasının daxili siyasət idarəsinin rəisi Andrey Yarinə, baş prokuror İqor Krasnova, Federal Təhlükəsizlik Bürosunun direktoru Aleksandr Bortnikova, müdafiə nazirinin müavinləri Aleksey KrivoruçkoPavel Popova və prezident administrasiyası başçısının birinci müavini Sergey Kiriyenkoya tətbiq edilir.

Rusiyanın TASS xəbər agentliyinin məlumatına görə sanksiyalar habelə Rusiya Müdafiə Nazirliyinin 33 və 27 nömrəli elmi-tədqiqat institutlarına, Rusiya dövlət üzvi kimya və texnologiyalar elmi-tədqiqat institutuna qoyulub.

ABŞ-ın bu bəyanatından az əvvəl Avropa İttifaqının Rusiyanın dörd rəsmisi üzərinə yeni sanksiyalar qoyması barədə xəbər verilmişdi.

Avropa İttifaqı ilə koordinasiya

Prezident Co Bayden administrasiyasının rəsmiləri deyiblər ki, Vaşinqton habelə bioloji və kimyəvi istehsalda işlədilən 14 komponentin Rusiyaya ixracına və Rusiyanın 9 kommersiya qurumuna məhsudiyyətlər qoyur.

Administrasiyanın yüksək vəzifəli rəsmisi martin 2-də deyib:

“Biz səlahiyyətlərimizdən istifadə edərək belə bir siqnal göndəririk ki, Rusiyanın insan haqlarına dair beynəlxalq hüquq qarşısında öhdəliklərinin ziddinə kimyəvi silahdan istifadə etməsinin çox acı nəticələri var. Biz Avropa İttifaqının belə bir qənaətini bölüşürük ki, Rusiya avtoritarlıq istiqamətində hərəkət edir”.

Rusiyalı fərdlərə qarşı sanksiyalar onların ABŞ-ın nəzarəti altına düşən istənilən əmlakının dondurulmasını nəzərdə tutur və ABŞ vətəndaşlarına bu şəxslərlə hər hansı biznes əlaqələrini qadağan edir.

ABŞ-ın daha bir səlahiyyətli rəsmisi deyib ki, Vaşinqton bir qədər sonra Rusiya üzərinə Birləşmiş Ştatların SolarWinds şirkətinə haker hücumu ilə bağlı yeni sanksiyalar qoyacaq.

Bayden Trampın “tonu” ilə danışmayacaq

Həmin rəsmi deyib ki, Bayden administrasiyasının Rusiya ilə təmaslarda “tonu” Tramp administrasiyasının münasibətindən “çox fərqli” olacaq:

“Bu münasibətlərin bizim üçün çətin olaraq qalacağını gözləyirik və buna hazırıq. Bizim məqsədimiz Rusiya ilə sabit və proqnozlaşdırılan münasibətlərə malik olmaqdır.”

Rəsmi əlavə edib ki, Bayden administrasiyası “nə bizim Rusiya ilə münasibətlərimizin sıfırdan başlanmasını, nə də eskalasiyanı istəmir” və Ruisya ilə hər iki dövlətin maraqlı olduğu məsələlərdə işləməyə hazırdır.

Kremlin sızçüsü Dmitri Peskov sanksiya hədələrini rədd edib və martin 2-də deyib ki, “bu sanksiyalar məqsədinə çatmayacaq”.

Rusiyanın xarici işlər naziri Segey Lavrov isə bəyan edib ki, Moskva hər hansı yeni sanksiyalara qətiyyətlə reaksiya verəcək:

"Əlbəttə, biz cavab verəcəyik. Hələ heç kim diplomatiyanın qarşılıq prinsipini ləğv etməyib”.

Rusiya Navalnının zəhərlənməsi ilə hər hansı bağlılığını və belə bir göstərişin prezident Vladimir Putindən gəlməsini inkar edir.

Beynəlxalq təhqiqata çağırış

Bu arada martin 1-də BMT-nin insan haqları ekspertləri Aleksey Navalnının zəhərlənməsi ilə bağlı beynəlxalq təhqiqatın keçirilməsinə çağırıblar.

Onlar deyiblər ki, Rusiya hökumət rəsmilərinin bu zəhərlənmə aktında “böyük bir ehtimalla” iştirakı olub.

Avropa İttifaqı Navalnının zəhərlənməsi ilə bağlı Rusiya üzərinə sanksiyalarını artıq elan edib.

Tramp administrasiyası bu hadisə ilə bağlı Rusiyanı cəzalandıracaq hərəkətlərdən çəkinmişdi.

ABŞ rəsmilərindən biri deyib ki, ABŞ-ın Navalnı ilə bağlı sanksiyaları Avropa İttifaqı tərəfindən irəli sürülən sanksiyalarla əlaqələndirilib.

Bundan əvvəl prezident Co Bayden özünün ilk xarici siyasət nitqində və Vladimir Putinlə ilk telefon söhbətində xəbərdarlıq etmişdi ki, “Birləşmiş Ştatların Rusiyanın aqressiv hərəkətlərinin üzərindən sükutla keçdiyi günlər arxada qalıb”.

XS
SM
MD
LG