Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:34

Çinin etnik uyğurlara qarşı ‘soyqırımı davam edir’


Uyğur uşaqlar
Uyğur uşaqlar

Çin 1 milyondan çox uyğuru və digər etnik müsəlmanları qərbi Sintzyan vilayətində həbs düşərgələrinə yerləşdirdiyinə görə tənqid olunur

Çin hökuməti BMT-nin Soyqırım Konvensiyasını pozaraq etnik uyğurlara qarşı “soyqırımı davam etdirir”. Martın 9-da bu haqda ekspert hesabatı yayılıb.

Vaşinqtonda yerləşən Nyulaynz Strategiya və Siyasət İnstitutunun hesabatında Çin dövlətinin hüquqi məsuliyyəti müstəqil təhlil olunur. Hesabatda deyilir ki, Pekinin öz uyğur əhalisinə qarşı siyasəti Soyqırım Konvensiyasının “hər bir maddəsini” pozur.

Çin 1 milyondan çox uyğuru və digər etnik müsəlmanları qərbi Sintzyan vilayətində həbs düşərgələrinə yerləşdirdiyinə görə tənqid olunur. Pekin bu düşərgələri yenidən təhsil və təlim mərkəzləri adlandırır, məqsədin terrorçuluq və ekstremizmlə mübarizə aparmaq olduğunu bildirir.

ABŞ və Kanada da “soyqırımı” deyir

ABŞ-ın keçmiş prezidenti Donald Tramp administrasiyası yanvarda vəzifədən gedərayaq elan etdi ki, Çin Sintzyanda bəşəriyyətə qarşı soyqırım və cinayət törədir.

Dövlət Departamentinin sözçüsü Ned Praysın martın 9-da bildirməsinə görə, yeni Co Bayden administrasiyası ABŞ-ın dəyərləndirməsini dəyişəcək hər hansı dəyişiklik görməyib.

Ötən ay Kanadanın İcmalar Palatası Pekinin uyğurlarla rəftarını “soyqıqım” adlandırdı. Çin isə bu azlığa münasibətini insan haqları üzrə proqresə “parlaq örnək” sayır.

Soyqırım Konvensiyası 2-ci Dünya Müharibəsindəki faciələrdən sonra qəbul olunub. Onu imzalayan ölkələr sırasında Çin də var.

Sənəddə soyqırıma bərabər çoxsaylı hərəkətlər sadalanır, daha geniş mənada da isə “milli, etnik, irqi və dini qrupu bütünlükdə, yaxud qismən məhv etmək niyyəti” kimi təsnif edilir.

Bu konvensiyanın bircə hissəsini pozmaq soyqırım təsnifatına uyğun gəlir. Nyulaynzın hesabatında isə iddia olunur ki, Çin hakimiyyəti konvensiyanın “qadağan etdiyi hər bir aktı pozur”.

Uyğurların başına gətirilənlər

Hesabata görə, soyqırım aktları təkcə məhv etmək, öldürmək, kütləvi düşərgələrə yerləşdirmək, doğumu məhdudlaşdırmaq, yaxud önləmək, uşaqların zorla ailələrdən ayrılması, uyğur mənsubiyyəti və icmasını yox etməklə məhdudlaşmır.

Uyğur vətəndaşların biometrik datası yığılır, Kommunist partiyasının kadrları uyğur ailələrin monitorinqinə cəlb olunur, uyğur mədəni və dini əraziləri, dil, ədəbiyyat və poeziyası məhv edilir, uyğur dini ibadətləri kriminallaşdırılır, həbs düşərgələri tikilir və genişləndirilir, uşaq doğmaq yaşında olan uyğur qadınlar abortlara və sterilizasiyaya məcbur edilir, genişmiqyaslı zorlamalar gerçəkləşdirilir, uyğur uşaqlar atıq yoxa çıxmış valideynlərindən ayrı saxlanır – hesabatda belə deyilir.

Bu siyasətin dövlət və Kommunist Partiyasının başından ta həbs düşərgələrinin nəzarətçilərinədək həyata keçirildiyi vurğulanır.

Hesabatın hazırlanmasına beynəlxalq hüquqdan tutmuş Çinin etnik siyasəti üzrə onlarla ekspertin cəlb olunduğu bildirilir.

XS
SM
MD
LG