Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 19:16

'Çatdırmasalar, Çindən yeni partiyalar sifariş ediləcək'


COVİD -19- a qarşı peyvənd, arxiv foto
COVİD -19- a qarşı peyvənd, arxiv foto

“Sizə açıq deməliyəm, əgər biz bütün istehsalçılarla saziş bağlamasaydıq, - bunu etmişik, - bu gün biz də vaksinsiz qalardıq”.

Bunu dünən, fevralın 26-da yerli və xarici jurnalistlər üçün təşkil olunmuş mətbuat konfransında Prezident İlham Əliyev bildirib.

İlham Əliyev, 25feval 2021
İlham Əliyev, 25feval 2021

Lakin Prezident qeyd edib ki, Azərbaycan vaksinlərin çoxusunu hələ ki, almayıb və alacağı vaxt bəlli deyil:

«Biz «AstraZeneca» vaksinini çoxdan almalı idik. Almamışıq. Artıq bir neçə aydır ki, almamışıq. «Sputnik» vaksinini də almamışıq. «COVAX» təşəbbüsü üzrə «Pfizer» və «Moderna» peyvəndlərini almalı idik, almamışıq. Özü də bizə onları nə vaxt alacağımızı demirlər. Yaxşı ki, bizim çinli tərəfdaşlarımız öz öhdəliklərini yerinə yetirirlər».

Preziden habelə vurğulayıb ki, “CoronaVac” peyvəndinə gəldikdə isə bu vaksinin 4 milyon dozasının alınması barədə kontrakt bağlanıb. Bu isə 2 milyon insan üçündür.
Bəs digər istehsalçılar Azərbaycana vaksinin gətirilməsini gecikdirsələr ölkədə vaksinasiya ilə bağlı problem yaşanmaycaq ki?

“Verməyəcəklər söhbəti ola bilməz ”

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Məlahət İbrahimqızı “Turan”İnformasiya Agentliyinə bildirib ki, müqavilə imzalanmış istehsalçı şirkətlər Azərbaycana vaksinləri verəcəklər:

«Verməyəcəklər söhbəti ola bilməz. Çünki onlarla müqavilə imzalanıb. Çatdırmasalar, Çindən yeni partiyalar sifariş ediləcək. O ki, qaldı ölkədəki vaksinlərin sayına, bununla problem yoxdur».

Deputat qeyd edib ki, Azərbaycanın 10 milyon əhalisi var, onlardan 2 milyon 700 minə yaxını 18 yaşa qədər uşaqlardır:

«Uşaqlara hələ ki, heç bir ölkədə vaksin vurulmur. Ən vacib məqsəd hazırda risk qrupuna aid olan insanları vaksinasiya etməkdir və onların hamısına birmənalı olaraq vaksin vurulacaq. Bu, «Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası»nda öz əksini tapıb. Həmin risk qruplarına aid olan insanların sayı 2 milyon eləmir. Biz risk qruplarına aid olan insanları vaksinasiya etməklə çox böyük təhlükənin qarşını almış oluruq»

Məlahət İbrahimqızı, 2018
Məlahət İbrahimqızı, 2018

“...Hələ ki, risk qruplarına aid olan insanlara da, müəllimlərə də, əsgərlərə də çatır»

M.İbrahimqızı vurğulayıb ki, bəzi ölkələrdə yaşı 65-dən yuxarı olan insanlar hələ ki, vaksinasiya prosesinə cəld edilməyib:

«Bizdə isə poliklinikalarda artıq 50 yaşdan yuxarı insanlara vaksin vurulması prosesi başlayıb. Demək istəyirəm ki, bizdə olan 2 milyon nəfərlik doza hələ ki, risk qruplarına aid olan insanlara da, müəllimlərə də, əsgərlərə də çatır».

Komitə üzvü qeyd edib ki, vaksinasiya zaman tələb edən prosesdir:

«83 milyonluq Almaniyada baxmayaraq ki, özləri vaksin istehsalçılarıdır, hələ ki, 3 milyon nəfərə vaksin vurulub. Həm Almaniyada, həm Azərbaycanda hər şəhərdə, rayonda vaksin vurulması üçün şərait var, sadəcə bu işin həcmi çox böyükdür. Əminəm ki, 2 milyon insan vaksinasiyadan keçənə qədər, digər vaksinlər də ölkəyə gətiriləcək»

“10 milyon doza alsaq da,...”

Vasif Ismayıl
Vasif Ismayıl

Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl da AzadlıqRadiosuna bildirib ki, 4 milyon doza ilə vaksinasiyası xeyli vaxt tələb edir: « 10 milyon doza alsaq da, bunu qısa müddətdə bütün əhaliyə tədbiq etməsi çətin məsələdir».

V.İsmayıl qeyd edib ki, peyvəndin vurulması miqyasından və sürətindən daha vacib məsələ var:

«Biz hələ ki, peyvəndin həqiqətən də effektiv olub-olmamağını bilmirik və bunu heç bir ölkə bilmir. Çünki peyvənd hələ təzə tədbiq olunmağa başlayıb. Əgər həqiqətən görünsə ki, peyvəndlənmənin cəmiyyətdə xəstəliyin yayılması üzərində həqiqətən də effekti var, onda əlbəttə ki, istehsalın həcmi də artırılacaq. Peyvənd siyasəti sərtləşdiriləcək, peyvəndlənmə daha geniş vüsət alacaq. »

Vaksin
Vaksin

Ekspert qeyd edib ki, Azərbaycan vaksin istehsalçıları ilə müqavilə bağlayıb deyə, ölkənin vaksinsiz qalma riski yoxdur.

Azərbaycanın Çinin "Sinovac" şirkətinə 4 milyon doza vaksin sifariş edildiyi açıqlanıb. (2 milyon əhalinin istifadəsi üçün. Ölkənin 10 milyon əhalisi var) Bu vaksinlərin ölkəyə mərhələlərlə gətirildiyi bildirilib. Rəsmi qurumların bildirməsinə görə, ölkəyə daha 2 milyon əhali üçün də vaksin gətirilə bilər.

Azərbaycanda vaksinasiya prosesi yanvarın 18-dən başlayıb. İlkin mərhələdə tibb işçiləri, 65 yaşdan yuxarı olan şəxslər və hüquq-mühafizə orqanlarının əks epidemik tədbirlərə cəlb etdiyi heyət vaksinasiya prosesinə cəlb olunub. Səhiyyə Nazirliyinin məlumatına görə, artıq 200 mindən artıq insan vaksinasiyadan keçib.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.4 milyondan çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə indiyədək ümumilikdə 233 min 989 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 3 min 213 nəfərin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG