Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 13:32

Xaricdəki azərbaycanlılar hakimiyyətin hədəfində


Əfqan Muxtarlı 2020-ci ilin martında həbsdən buraxılaraq Almaniyaya ailəsinin yanına aparıldı
Əfqan Muxtarlı 2020-ci ilin martında həbsdən buraxılaraq Almaniyaya ailəsinin yanına aparıldı

“Freedom House” insan haqları təşkilatı fevralın 4-də yaydığı hesabatda transmilli repressiyanın qlobal miqyasda demokratiyaya getdikcə daha çox təhdid yaratdığını bildirir

2014-cü ildən bəri Azərbaycan hakimiyyəti xaricdəki müxalifət fiqurları və jurnalistləri hədəfə alıb. Ukrayna, Gürcüstan və Türkiyədən dördü jurnalist olmaqla beş nəfəri təhvil ala bilib.

“Freedom House” insan haqları təşkilatı fevralın 4-də yaydığı hesabatda transmilli repressiyanın qlobal miqyasda demokratiyaya getdikcə daha çox təhdid yaratdığını bildirir.

Hesabatda deyilir ki, Rusiya, İran, Pakistan, Azərbaycan, beş Orta Asiya ölkəsi xaricdəki vətəndaşlarını hədəfə alan ölkələr sırasındadır. Onlar hücumlar, saxlama, qanunsuz deportasiya taktikalarından istifadə edir.

Əfqan Muxtarlı və Fikrət Hüseynli

Hesabatda deyilir ki, jurnalist Əfqan Muxtarlı 2017-ci ilin mayında Tbilisidə küçədə oğurlanıb, bir gün sonra Azərbaycanda saxlandığı bəlli olub.

“Azı iki başqa halda Azərbaycan hakimiyyəti xaricdə fərdlərin saxlanması üçün İnterpola müraciətdən yararlanıb. Niderlandda sığınacaq almış jurnalist Fikrət Hüseynli Ukraynada saxlanıb və pasportu əlindən alınıb. O, İnterpolun onun məsələsini həll etməsini gözləyib. Ukraynada saxlanan zaman isə azərbaycanca danışan kişilərin hücumun məruz qalıb. Jurnalist nəhayət bu ölkədən çıxa bilib”, – hesabatda deyilir.

Azərbaycan hakimiyyəti oxşar ittihamları qəbul eləmir. Jurnalist Əfqan Muxtarlı qaçaqmalçılıqda, sərhədi qanunsuz keçməkdə və hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə günahlandırılıb. O, ittihamları qurama sayır. 2014-cü ildən mühacirətə gedən jurnalist Gürcüstandan oğurlanaraq Azərbaycana gətirildiyini bəyan edib və bu məsələdə həmin ölkənin hüquq-mühafizə orqanlarını da günahkar sayır. Muxtarlı 2020-ci ilin martında həbsdən buraxılaraq Almaniyaya ailəsinin yanına aparıldı.

2008-ci ildə Azərbaycandan getmiş jurnalist Fikrət Hüseynli isə tənqidçi jurnalist fəaliyyətinə görə şərləndiyini deyir. Onun Azərbaycanda dövlət sərhədini qanunsuz keçmə və dələduzluq maddələri ilə ittiham olunduğu bildirilir.

Rusiya

Rusiya və İran xaricdəki mühacirlərə qarşı repressiyanı gücləndirən avtoritar ölkələrin başında gedirlər. Hesabatda deyilir ki, Rusiya hökuməti xaricdə “yüksək dərəcədə aqressiv” transmilli repressiya həyata keçirir, Kremlin təhdid kimi gördüyü şəxslərə qarşı sui-qəsdə əl atır.

2014-2020-ci illərdə qlobal miqyasda 26 sui-qəsd, yaxud buna cəhdin yeddisi Rusiyanın payına düşür.

2006-cı ildə Londonda keçmiş kəşfiyyatçı Aleksandr Litvinenkonun zəhərlənərək öldüyü yada salınır. 2018-ci ildə isə keçmiş ikili agent Sergey Skripal və qızı İngiltərədə zəhərləndilər.

Rusiya hökuməti “əsasən Avropa olmaqla səkkiz ölkədə hücumlar, saxlamalar, qanunsuz deportasiyalar və təhvil almalar üçün məsuliyyət daşıyır”, – hesabatda vurğulanır.

Rusiya hakimiyyəti isə həmin insidentlərlə əlaqəni bir qayda olaraq rədd edib.

Təhlükənin miqyası

Hesabatda İran rejiminin üç ölkədə beş sui-qəsd, yaxud buna cəhdin arxasında durduğu bildirilir.

“Freedom House” qeyd edir ki, insan haqları fəalları, dissidentlər, eləcə də onların ailələri “qaçıb canlarını qurtarmaq istədikləri avtoritar rejimlər tərəfindən zorakılıq görür və qorxudulurlar”.

2014-cü ildən bəri 79 sığınacaq ölkəsində azı 608 birbaşa, fiziki transmilli repressiya halı qeydə alınıb.

Çin, Ruanda, Səudiyyə Ərəbistanı və Türkiyə də xaricdəki vətəndaşlarını hədəfə alan əsas ölkələr sırasında yer alıblar.

“Bu hücumların miqyası və zorakılıq səviyyəsi adamların repressiyadan qaçandan sonra belə təhlükəylə üzləşdiyini göstərir”, – “Freedom House”un Prezidenti Maykl Abramovits deyib.

XS
SM
MD
LG