Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:38

COVID-19 dünyasında ağlını itirməmək


Depressiya
Depressiya

COVID-19 dünyaya meşə yanğını kimi yayıldı: Çindən qonşu ölkələrə, Şərqi Asiya, İran, Avropaya və dünyanın qalan hissəsinə. Bu pandemiya dünyanın nə qədər rabitəli bir yerə çevrildiyini göstərdi. "The Lancet" tibb jurnalı yazır ki, hətta ən yaxşı riyazi modelləmə belə ilk olaraq hansı ölkələrin virusun təsirinə məruz qalacağını, elit səyahətçilərin otellərdən qış kurortlarına, kruiz-gəmilərə və restoranlara necə hərəkət edəcəyini proqnozlaşdıra bilmədi.

Ancaq pandemiya başlayandan bəri virusla bağlı narahatlıq və ciddi qeyri-müəyyənlik olub. Bu mənada əqli və ruhi sağlamlıq məsələləri, təcridin insanlarda yaratdığı hisslər xüsusi qeyd olunmalıdır. "Bəlkə də dünyanın bu pandemiyadan birlikdə əziyyət çəkdiyi, eyni məhdudiyyət və qarşılıqlı güzəştlərin müxtəlif dillərdə müzakirə olunduğu bir dövrdə insanların özlərini hər zamankından daha tənha hiss etməsi təzadlıdır", – jurnal yazır.

İfratçılar və mötədillər

Elif Şafak "How to Stay Sane in an Age of Division" adlı kitabında ayrı-ayrı fərdlərin yaranmış qeyri-müəyyənliklə bağlı fərqli düşüncə tərzi və emosiyalarını araşdırır. Üstəlik, onun gəldiyi nəticələr emosiyaların siyasi həyatla necə qarşılıqlı əlaqədə olduğunu ortaya qoyur. Bəzi insanlar depressiya və bədbinliyə qapılır. Digərləri qəzəblənib məhdudiyyətlər və elmə etiraz etmək üçün küçələrə çıxır. Üçüncülər, ümumiyyətlə, virusun varlığını rədd edirlər və bunun xüsusi quraşdırılmış bir fırıldaq olduğuna əmindirlər.

E.Şafak təəssüflə qeyd edir ki, "dövrümüzün ən böyük paradokslarından biri ifrat [yol tutanların] bir çox mötədillərdən daha ehtiraslı … və fəal olması ilə bağlıdır". Bu, ifrat mövqelərin ən gur və ən aqressiv səsləndiyi sosial media üçün də keçərlidir. Burada da sakit mötədil çoxluğun səsi daha az çıxır.

İcma hissi

E.Şafak yazır ki, başqalarının mübarizəsinə laqeyd olmaq, empatiyanın keyliklə əvəz olunması da reaksiyalardan biridir. O, bilik, hekayələr, empatiya və hikmətin həyatımızın mərkəzinə yerləşdirilməsinin əhəmiyyətini vurğulayır.

"Bununla yanaşı, pandemiya dövründə yenilənmiş amal, ümid və icma hissinin yarandığını gördük", – deyə jurnal yazır. Alimlər işlərinə fokuslanıb müvafiq tövsiyələr, müalicə üsulları və vaksinlər hazırladılar. Bir çox vətəndaşlar öz icmalarında yardım qrupları yaradıb yaşlı qonşularına ərzaq alıb çatdırdılar, icma bağçalarında (eyni ərazidə yaşayan insanların meyvə-tərəvəz yetişdirdiyi ümumi bağ) işlədilər. Pandemiyanın ilk vaxtlarında tibb işçiləri uyğun qoruyucu avadanlıq olmadan belə, COVID-19-la mübarizəyə qoşuldular, öz peşələrinə və insanlara xidmətə sadiq olduqlarını nümayiş etdirdilər. Biz özümüzün COVID-19-dan əvvəl və sonrakı versiyalarımızı müqayisə etsək, pandemiyanın bizim əslində kim olduğumuzu üzə çıxardığını görə bilərik.

Psevdo-alimlər

Bir çox hökumətlər ilk vaxtlarda gələcək barədə proqnozlar üçün mütəxəssislərə üz tutdu - əvvəlcə riyazi modelləşmə və davranış mütəxəssislərinə, daha sonra vaksin, ictimai səhiyyə sahəsində çalışan alimlərə və iqtisadçılara. Bu mütəxəssislər bütün cavabları, dəqiq proqnozları verə, dəqiq tarixlər göstərə bilməyəndə onlara qarşı çıxanlar oldu. Sosial media psevdo-alimləri isə yaranmış boşluqdan yararlanaraq insanları rahatladan yalan proqnozlar verməyə başladılar.

Bunlardan biri də bizim yaşlı və həssas insanların bir hissəsini itirmək bahasına COVID-19-dan öncəki həyatımızı geri qaytara biləcəyimiz haqda yalan idi. "Sürü immuniteti" kimi terminlər bütün qadağaların aradan götürülməsini və təhlükəli virusun əhali arasında yayılmasını istəyənlər üçün yaxşı bəhanə oldu. Hətta bəzi ailələrin daxilində bu fikir ayrılığına görə parçalanma baş verdi. Cəmiyyətin sağlamlığını, yaxud fərdi maraqların üstün tutulmasını istəyənlər arasında dostluq münasibətləri pozuldu.

Məqalədə COVID-19-un ortaya qoyduğu açıq yaralar və qeyri-bərabərliyə, maddi sərvətin əhəmiyyətinə də toxunulur. Lokdaun zamanı yoxsul insanlar zənginlərdən fərqli olaraq kiçik evlərdə sıxışıb qalmalı oldular. Görəsən, insanlar daha bərabər və ədalətli cəmiyyət qurmaq üçün son 10 ayın dərslərindən nəticə çıxaracaqmı? E.Şafakın kitabında gətirdiyi sitatda deyildiyi kimi: "Şərait bizə miras qalır, biz onu gələcək nəsil üçün yaxşılaşdırırıq". "Qeyri-müəyyən və bölünmüş dünyada əsas işimiz bu olacaq", – yazıda deyilir.

XS
SM
MD
LG