Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:49

NYT: 'Putin Əliyevə ultimatim verib ki...'


Bakı, 1 dekabr, 2020-ci il
Bakı, 1 dekabr, 2020-ci il

Qəzetin əməkdaşları Anton Troyanovki və Karlotta Qall yazırlar ki, Qafqaz regionunda çoxdanın təxribatçısı olan Rusiya üçün sülhməramlı rolu bir dəyişiklikdir – həm də keçmiş sovet məkanında nüfuzunu qoruyub saxlamağa çalışan ölkədən ötrü yeni sınaq və fürsətdir.

Dağlıq Qarabağda atəşkəslə bağlı 9 noyabr razılaşması haqda Azərbaycan rəsmiləri detallı informasiya açıqlamasalar da, Qərb mediası bu sənədə öz yozumunu təqdim edir. “Putin Dağlıq Qarabağ sülh sazişində zirək tərpənərək yeni yanaşma ortaya qoydu”. “The New York Times” qəzetinin dekabrın 1-də dərc etdiyi məqalə belə adlanır.

Həmin sazişlə Ağdam, Kəlbəcər və Laçın rayonları işğaldan azad olunaraq Azərbaycanın nəzarətinə verilib və tərəflərin təmas xəttində 2 minədək Rusiya sülhməramlısı yerləşdirilib. Eni 5 kilometr olan Laçın dəhlizi də bu sühməramlıların nəzarətindədir.

Qəzetin əməkdaşları Anton Troyanovki və Karlotta Qall yazırlar ki, Qafqaz regionunda çoxdanın təxribatçısı olan Rusiya üçün sülhməramlı rolu bir dəyişiklikdir – həm də keçmiş sovet məkanında nüfuzunu qoruyub saxlamağa çalışan ölkədən ötrü yeni sınaq və fürsətdir.

Güzəşt, həm də etimad qazanmaq

Müəlliflərin fikrincə, vaxtilə Gürcüstanı və Ukraynanı işğal etmiş Rusiya həmin ölkələri özünə düşmən etdi. İndi bu taktika Kremlin gözündə dəbdən düşmüş sayılır. Təhlilçilər düşünürlər ki, Moskva getdikcə yumşaq və sərt gücün daha incə qarışığına əl atır.

Məsələn, Belarusda nümayişlərə münasibətdə də Kreml yumşaq davrandı, birbaşa müdaxilə etmədi, ancaq Alyaksandr Lukaşenkaya dəstəyini də əsirgəmədi.

“Dağlıq Qarabağ müharibəsində danışıqlarda Putin hərbi güclə təhdid edərək hər iki tərəfdən güzəştlər əldə etdi, eyni zamanda rəqib düşərgələrin azacıq etimadını da qazandı. Rusiyanın Ermənistanla qarşılıqlı müdafiə alyansının mövcudluğuna baxmayaraq, Putin bunun Dağlıq Qarabağa aid olmadığını bildirdi. Onun Azərbaycan Prezidenti İlham Əliyevlə sıx şəxsi əlaqələri var”, – məqalədə deyilir.

“Bu, klassik anlamda sülhməramlı rolunu oynamaq fürsətidir. Ümid etmək istərdim ki, Rusiyanın postsovet məkanında öyrənmə prosesini və dəyişiklik müşahidə edirik”, – Rusiya Beynəlxalq Məsələlər Şurasının Baş direktoru Andrey Kortunov deyib. Bu qurum Rusiya hökumətinə yaxındır.

Vertolyotun təsadüfən vurulması və...

Məqalədə 9 noyabr gecəsi Azərbaycanın Rusiya vertolyotunu təsadüfən vurmaqla Moskvaya müdaxiləyə bəhanə verdiyi deyilir. Qəzet Bakıda məsələdən agah bir neçə nəfərə istinadla yazır ki, Rusiya prezidenti Əliyevə ultimatum verib: Şuşa alınandan sonra Azərbaycan əməliyyatları dayandırmasa, Rusiya ordusu münaqişəyə müdaxilə edəcək. Şuşanın Azərbaycan ordusu tərəfindən alındığı noyabrın 8-də xalqa açıqlanmışdı.

“Həmin gecə Bakıda açıq əraziyə naməlum mənbədən raket düşdü, xəsarət alan olmadı. Bəziləri Rusiyanın bununla siqnal verməsindən şübhələndi, yəni o, müdaxiləyə hazır idi və böyük ziyan vurmaq gücündəydi”, – müxbirlər yazırlar.

9 noyabr sazişini Prezident İlham Əliyev Ermənistanın “kapitulyasiyası” adlandırır. Azərbaycan müxalifəti, müstəqil tənqidçilər isə ölkə ərazisinə Rusiya hərbçilərinin yerləşdirilməsini suverenliyə təhdid hesab edirlər. Elə “New York Times”dakı məqalədə də deyilir ki, bu məsələ Rusiya üçün strateji uduş oldu, İranın şimalında hərbi mövqe əldə elədi. Amma dünyanın ən çox uzanmış münaqişələrindən birinin düz ortasına Rusiya hərbçilərini yerləşdirmək həm də risklidir.

Laçın koridoru. Açıq qalan suallar
Gözlə

No media source currently available

0:00 0:03:45 0:00

“Onlar müdaxilə edəcəklər”

“Rusiya bu münaqişəni özbaşına buraxmaq istəmir. Onlar dondurulmuş vəziyyəti sevirlər. Onlar müdaxilə edəcəklər”, – keçmiş diplomat, Bakıda hökumətin maliyyələşdirdiyi Beynəlxalq Münaqisətlərin Təhlili Mərkəzinin direktoru Fərid Şəfiyev deyib.

Karnegi Avropa Fondunun aparıcı əməkdaşı Tomas de Vaal isə düşünür ki, Əliyevi dilə tutmağa çox vaxt getməyib, çünki o, Rusiyayla münasibətinə dəyər verir.

Ermənistanlı təhlilçi Riçard Giraqosyanın fikrincə, indi ölkəsi Rusiyanın orbitinə daha da bərkidildi, manevr imkanları azaldı. “Dağlıq Qarabağda gələcək təhlükəsizlik Rusiya sülhməramlılarından asılıdır ki, bu da Moskvaya əvvəl malik olmadığı təsir rıçağı verir”, – o deyib.

Prezident İlham Əliyevsə dekabrın 1-də xalqa müraciətində Laçın dəhlizinin Rusiya sülhməramlılarının nəzarətinə verilməsini “çox böyük nailiyyət” adlandırıb. "Dəhliz uzun illər erməni silahlı qüvvələrinin, işğalçıların nəzarətində idi. Deyə bilərəm ki, noyabrın 10-da imzalanmış birgə bəyanatın ilkin versiyasında bu dəhlizin erməni silahlı qüvvələrinin nəzarətində qalması ilə əlaqədar müddəa var idi. Mən buna etiraz etdim və nəticədə bu dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilmişdir", – o vurğulayıb.

Prezident çıxışında Dağlıq Qarabağda ermənilərin nəzarətində qalan Xankəndinin, Xocavənd, Xocalı rayonlarının adlarını çəkməyib. Münaqişə tərəfləri bu rayonlarda tutduqları mövqelərdə qalıblar, təmas xəttinə sülhməramlılar yerləşdirilib.

XS
SM
MD
LG