Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:21

Tarantino iki kitablıq müqavilə bağlayıb


K.Tarantino
K.Tarantino

"The Associated Press" agentliyi yazır ki, Kventin Tarantinonun növbəti işi kitab şəklində olacaq.

"Oskar" mükafatlı rejissorun "Harper" nəşriyyatı ilə iki kitablıq müqaviləsi var. Onlardan biri "Once Upon a Time ... In Hollywood" filminin roman forması olacaq. Kitabın gələn yay çapdan çıxması planlaşdırılır. "Once Upon a Time ... In Hollywood" əsl Tarantino layihəsi olacaq. Kitab rejissorun sevdiyi köhnə romanlar tərzində, kağız üzlü kitab şəklində çıxacaq. "Harper" nəşriyyatı bildirir ki, oxucular kitabda filmdən "yeni, oynaq və şokedici" uzaqlaşmanın şahidi olacaqlar.

"Once Upon a Time ... In Hollywood"un film versiyası 2019-cu ildə ekranlara çıxıb. Filmdə Leonardo DiKaprio aktyor, Bred Pitt isə onun dublyoru kimi çıxış edib.

10 nominasiyada "Oskar" mükafatına namizəd göstərilən və bu nominasiyalardan ikisini udan filmdə hadisələr 1969-cu ildə Los-Ancelesdə cərəyan edir. Bu, təxminən amerikalı cani və kult lideri Çarlz Mensonun törətdiyi qətllərlə eyni vaxta düşür.

Filmlərin romanlaşdırılmış versiyalarının həvəskarı

"70-ci illərdə filmlərin romanlaşdırılmış versiyaları mənim uşaqlıqda ilk dəfə oxuduğum böyüklər üçün kitablar idi. Bu günə qədər bu janra çox bağlıyam. Ona görə də filmlərin romanlaşdırılmış versiyalarının həvəskarı kimi, "Once Upon a Time ... In Hollywood"u, özümün ədəbiyyatın bu çox vaxt marginallaşdırılmış, ancaq sevilən subjanrına töhfəmi elan etməkdən qürur duyuram. Eyni zamanda, personajlarımı və onların dünyasını ədəbi müstəvidə araşdırmağa davam etmək [imkanı] məni çox həyəcanlandırır. Ümid edirəm, bu ədəbi müstəvi kino müstəvisi ilə yanaşı, özünə yer tapacaq", – Tarantino deyib.

Tarantinonun ikinci kitabı isə "Cinema Speculation" adlı publisistik kitab olacaq. "Harper" nəşriyyatı bu kitabı "1970-ci illərin filmlərinə dərin dalış" adlandırıb. Bu kitabin ideyası müəyyən mənada rejissorun "New Yorker" jurnalının mərhum tənqidçisi Polin Keylə pərəstişindən qaynaqlanır. Kitabın çapdan çıxacağı tarix, hələlik, məlum deyil.

"Kitab kino sahəsində ən tanınmış rejissorlardan biri və onun ən sadiq fanatlarından birinin esse, rəy və şəxsi qeydləri ilə… zəngin olacaq", – "Harper" bildirib. Görünür, söhbət həm Tarantino, həm də Keyldən gedir.

"Filmlərə verə bildiyim hər şeyi vermişəm"

Son illərdə bir neçə rejissor bədii kitablar yazıb. Onların arasında Brayan De Palma, Devid Kronenberq və Gilyermo del Toronun adlarını çəkmək olar. Maykl Mann isə özünün detektiv klassikası olan "Heat" prekveli üzərində işləyib.

57-yaşlı Tarantinonun gələcəkdə kitab yazmağa daha çox vaxtı ola bilər. Çünki rejissor 10 filmi tamamladıqdan sonra daha film çəkməyəcəyini, kino sahəsindən gedəcəyini deyib. Kinosevərlər və Tarantino pərəstişkarları bu faktı yaxşı bilirlər. "Once Upon a Time ... In Hollywood" filmi isə onun doqquzuncu filmidir.

Tarantino ilk tammetrajlı bədii filmini (Reservoir Dogs) çəkəndə hələ heç 30 yaşına çatmamışdı. Ancaq o, həm də hesab edir ki, əksər rejissorlar yaşlandıqca kəsərlərini itirirlər. Tarantino həm də uzun zamandır ki, kitab yazmaqla maraqlanır. Yazmaq onun keçid planlarının tərkib hissəsidir.

"Mənə elə gəlir ki, kinoteatr filmlərindən danışırıqsa, mən artıq bu yolun sonuna gəlmişəm", – Tarantino "GQ Australia" jurnalına müsahibəsində deyib. Rejissor, hələlik, özünün növbəti filmi ilə bağlı planlarını açıqlamayıb. O, yaradıcı qalmaq üçün film kitabları və dram əsərləri yazmaq haqda düşündüyünü deyib. "Mən düşünürəm ki, filmlərə verə bildiyim hər şeyi vermişəm", –o bildirib.

XS
SM
MD
LG