Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:43

Güllələnmiş icra başçısının nümayəndəsi: 'Elmar Vəliyev heç özünü tanımır...'


E.Vəliyev
E.Vəliyev

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyev ona qarşı sui-qəsdlə bağlı cinayət işində zərərçəkmiş qismində tanınsa da, nə istintaqda ifadə verib, nə də məhkəməyə gəlir. Bu olaya görə həbs olunan Yunis Səfərov və digər təqsirləndirilən şəxslər, onların vəkilləri isə E.Vəliyev də daxil, bütün zərərçəkmişlərin məhkəmədə iştirakını tələb edirlər.

"Dindirmələrə zərərçəkmişlərdən başlansın. Zərərçəkmiş qismində tanınan şəxslərin hamısı, o cümlədən Elmar Vəliyevin də məhkəmədə iştirakı təmin olunsun. Elmar Vəliyev hadisənin iştirakçısıdır, cinayət işi onun üzərində qurulub. Onun dindirilməsi vacibdir. Vəsatətimiz də budur ki, Elmar Vəliyev bura gəlib ifadə versin. Məhkəmənin göstərişinə əməl etmək hər kəsin borcudur", – vəkillər oktyabrın 20-də məhkəmədə bu vəsatəti qaldırıblar.

E.Vəliyevin nümayəndəsi Fəxrəddin Səfərov isə sabiq icra başçısının səhhətində ciddi problemlər olduğunu, bu haqda istintaqda da arayış təqdim etdiyini deyib. Onun sözlərinə görə, E.Vəliyev baş verənləri dərk etmək iqtidarında deyil: "Elmar müəllim nəyin nə olduğunu bilmir. O, heç özünü tanımır".

Vəkil əlavə edib ki, E.Vəliyev hazırda Türkiyədə müalicədədir.

"Yeni cinayət törətmək ərəfəsindəyəm"

İcra başçısını və onu mühafizə edən polis əməkdaşını güllələməkdə suçlanan Yunis Səfərov həbs olunandan indiyədək ailə üzvləri ilə telefon danışığı və görüş hüququnun pozulduğunu bildirib. Onun sözlərinə görə, müxtəlif dövlət orqanlarına şikayətlər göndərsə də, nəticəsi yoxdur.

"Bu zala, heç olmasa, bir mikrofon qoyun, səsimi eşitsinlər. Mən qışqıra bilmirəm. Amma sizə də çatdırmaq istəyirəm ki, mən yeni cinayət törətmək ərəfəsindəyəm. Ailəmlə əlaqə saxlamağa iki ildən çoxdur imkan vermirlər, bu hüququmu pozurlar. Mən də ailəmlə əlaqə saxlamaq üçün qeyri-qanuni yollar axtarıram. Amma bunu eləmək, yeni cinayət törətmək istəmirəm. Buna məni vadar edirsiz...", – Y.Səfərov belə deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində bu işə baxan hakim Əfqan Hacıyev bildirib ki, bu məsələnin onlara aidiyyəti yoxdur, saxlandığı Bakı İstintaq Təcridxanasının rəhbərliyi cavabdehdir. Hakim əlavə edib ki, Y.Səfərov hüquqlarının pozulması ilə əlaqədar təcridxananın yerləşdiyi rayon məhkəməsinə müraciət edə bilər.

Y.Səfərov belə cavab verib: "Məhkəməyə də müraciət eləmişəm, baxmadılar. Hər yerə müraciət eləmişəm. Hətta karantin vaxtı gedib toyda oynayan Ombudsmana da...".

Məhkəmə prosesi oktyabrın 22-də davam edəcək.

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin ozamankı başçısı Elmar Vəliyevə və onu mühafizə edən polis serjantına silahlı sui-qəsd törətməkdə suçlanan Y.Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Y.Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edir. Y.Səfərovun yaxınları isə bu iddianı təkzib edir.

Sui-qəsd hadisəsindən bir həftə sonra - iyulun 10-da Gəncənin mərkəzi meydanında keçirilən aksiyada iki polis polkovniki qətlə yetirilib.

Gəncə hadisələrindən sonra həbs olunan 70-dən artıq şəxsin əksəriyyəti 10 iyulda baş verənlərə görə kütləvi iğtişaşların təşkili, polis əməkdaşlarına qarşı zor tətbiq etmə və s. əməllərdə suçlanıb. Onlara 6 ildən 18 ilə qədər həbs cəzası kəsilib. Sonradan bir çoxunun cəzası azaldılaraq 2-5 ilə salınıb, azadlığa buraxılanlar olub.

Gəncə hadisələrinə görə həbs edilənlər həm saxlanarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildirsələr, Daxili İşlər Nazirliyi bu iddiaları təkzib edib.

Y.Səfərov və onunla birlikdə mühakimə olunanlara Cinayət Məcəlləsinin 30-dan artıq maddəsi ilə (qəsdən adam öldürməyə cəhd, terrora çağırış, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s.) ittiham verilib. Bu maddələrdə 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG