Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:33

'Bölgəyə sülhməramlılar gətirmək kimi düşüncələr var, amma...'


Suriyada Rusiya hərbi polisi
Suriyada Rusiya hərbi polisi

Sentyabrın 27-də Dağlıq Qarabağ və ətraf ərazilərdə başlanan savaşın rəsmi Kremlin vasitəçiliyi ilə yenidən əldə edilən atəşkəslə durdurulacağı açıqlandı. Beləliklə, oktyabrın 10-da Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında humanitar atəşkəs bəyanatı imzalandı. Hərçənd, həmin tarixdən sonra da cəbhədə bir çox istiqamətlərdə döyüşlərin davam etdiyi açıqlanıb. Hətta Azərbaycanın ikinci böyük şəhəri, cəbhə xəttindən uzaq Gəncənin raket zərbələrinə tutulduğu bildirilib. Nəticədə 10 nəfər dinc sakinin həlak olduğu, 30-dan çoxunun isə yaralandığı qeyd edilib.

Bütün bunlarla belə, hazırda cəbhədə ağır döyüşlərə müəyyən qədər ara verildiyi bildirilir. Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı da oktyabrın 13-də deyib ki, Azərbaycan ordusu humanitar atəşkəs rejiminə əməl edir.

Bu ara istər sosial şəbəkələrdə, istərsə də bəzi yerli mətbu orqanlarında yenidən Rusiyanın bu münaqişədə maraqları ilə bağlı müxtəlif fikir və mülahizələr özünü göstərməyə başlayıb. Bəzi müşahidəçilər bir daha vurğulayıblar ki, Rusiyanın bu məsələdə əsas məqsədi öz qoşunlarını sülhməramlı qüvvə adı altında Dağlıq Qarabağa yerləşdirməkdir.

F.İbrahimli
F.İbrahimli

"Bu isə onun üçün hakimiyyəti itirmək deməkdir"

Milli Məclisin sədr müavini, deputat Fəzail İbrahimli "Turan" agentliyinə bildirib ki, bu atəşkəs özü Azərbaycan üçün incə tələ idi və uzağa gedən məqsədlər güdürdü. Onun fikrincə, atəşkəsə əməl edilməsi Ermənistan baş naziri Nikol Paşinyanın marağında deyil: "Səbəb budur ki, atəşkəsə əməl edildiyi, danışıqlar masası arxasında oturduğu halda Paşinyan işğal edilmiş Azərbaycan ərazilərindən çıxmaq barədə qrafik təqdim etməlidir. Bu isə onun üçün rüsvayçılıq və hakimiyyəti itirmək deməkdir. Atəşkəs dayanmadığı halda yenə də Paşinyanın sonu deməkdir...".

"Burada incə diplomatik tələ var idi"

F.İbrahimli deyib ki, Azərbaycan atəşkəsə ona görə razılaşıb ki, burada incə diplomatik tələ var idi və Azərbaycan-Rusiya əlaqələrinin pozulmasına hesablanmışdı.

Sədr müavini qeyd edib ki, Rusiyaya "yox" demək Kremlin onların mövqeyinə keçməsinə səbəb ola bilərdi və buna yol vermək olmazdı.

Onun vurğulamasına görə, elə bütün maraqlı tərəflər gözləyirmiş ki, Azərbaycan Moskvaya "yox" desin və münasibətlər korlansın: "Azərbaycan aqressiv ölkə kimi təqdim edilsin. Amma Azərbaycan tərəf incə gedişlə bu gözləntiləri sıradan çıxardı".

Sədr müavini hesab edir ki, hələlik, Kremlin bölgəyə sülhməramlılar yeritmək niyyəti hiss edilmir. "Amma atəşkəs olsa da, olmasa da, Azərbaycan işğal edilmiş ərazilərindən işğalçı silahlı birlikləri qovub çıxaracaq", - F.İbrahimli vurğulayıb.

Ş.Cəfərli
Ş.Cəfərli

"Bölgəyə sülhməramlı qüvvələr yeridilməsi Azərbaycanın maraqlarına ziddir"

"Atəşkəs razılaşmasından sonra Ermənistan tərəfinin Gəncəni bombalaması məndə bunun arxasında Rusiyanın dayana bilməsi kimi düşüncə yaradıb". Bunu isə politoloq Şahin Cəfərli AzadlıqRadiosuna deyib

"Səbəbi də bu ola bilər ki, Rusiya tərəflərə "atəşkəs elan etdik, siz də ona əməl etmədiniz. Hər iki tərəfdən atəşkəs pozulur. Buna üçüncü tərəf də maraqlı ola bilər. Gəlin oturaq, danışaq, bu məsələni bir daha müzakirə edək. Atəşin möhkəmləndirilməsi mexanizmi barədə razılığa gələk" deyə bilsin".

Ş.Cəfərli qeyd edib ki, oxşar təkliflə 2016-cıilin aprel döyüşlərindən sonra ATƏT-in Minsk qrupu ölkələri də çıxış ediblər. Politoloqun sözlərinə görə, onda bu, müşahidə missiyası şəklində ifadə edilib.

Ş.Cəfərli deyib ki, maraqlarına zidd olduğu üçün Azərbaycan onu qəbul etməyib: "İndi buna bənzər bir təklif yenə ortaya gələ bilər. Ya da əraziyə sülhməramlı qüvvələr yeridilə bilər. Bunu istisna etmirəm. Bu baxımdan düşünürəm ki, Rusiyadakı bəzi dairələrin məsləhəti ilə qarşı tərəf məhz bu məqsədlə atəşkəsi pozur. Amma bölgəyə sülhməramlı qüvvələr yeridilməsi Azərbaycanın maraqlarına ziddir".

H.Hacızadə
H.Hacızadə

"Qarabağda səhra komandirləri itaətdən çıxıblar"

Politoloq Hikmət Hacızadə isə düşünür ki, atəşkəsin pozulması Ermənistan hakimiyyəti daxilindəki hərc-mərclikdən irəli gəlir: "Konkret olaraq bununla bağlı Moskvadan əmr verilməyib".

H.Hacızadəyə görə, Qarabağda səhra komandirləri itaətdən çıxıblar, Ermənistan hakimiyyətinə tabe olmurlar. "Görünür, Paşinyan orduya və səhra komandirlərinə nəzarətini itirib. Bu, Ermənistan daxilində hərc-mərcliyin nəticəsidir. Bölgəyə sülhməramlılar gətirmək kimi düşüncələr var, amma o sonrakı mərhələnin məsələsidir", - politoloq bildirir.

Xatırlatma

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər 30-dan çox kəndi, Cəbrayıl şəhərini və Hadrut qəsəbəsini işğaldan azad edib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Oktyabrın 1-də bu qurumun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırıb.

XS
SM
MD
LG